Abzas Media işi üzrə həbs edilənlərə qarşı YENİ İTTİHAMLAR

Xəbərin çap versiyası
Tarix: 17-08-2024, 13:47


Avqustun 16-da "Abzas Media işi" üzrə həbs olunan iqtisadçı Fərid Mehralızadəyə qarşı 7 ağır maddə ilə yeni ittiham irəli sürülüb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə məlumatı onun həyat yoldaşı Nərgiz Muxtarova verib.

"Fərid Mehralızadəyə qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1, 320.2 və 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb”, - deyə iqtisadçının həyat yoldaşı "Facebook" hesabında yazıb.


Fərid Mehrəlizadə

Qeyd edək ki, bundan öncə - avqustun 16-da “Abzas Media işi” üzrə cəlb olunmuş jurnalist Nərgiz Absalamovaya qarşı da yeni 7 ağır maddə ilə ittiham irəli sürülüb.

Bu barədə məlumatı isə jurnalistin vəkili Şəhla Hümbətova yayıb.

“Nərgiz Absalamovaya qarşı Cinayət Məcəlləsinin 192.3.2, 193-1.3.1, 193-1.3.2, 206.4, 320.1 və 320.2, 213.2.1-ci maddələri ilə (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə şəklində cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma, mütəşəkkil dəstə tərəfindən törədilmiş qaçaqmalçılıq, sənəd saxtalaşdırma və saxta sənədlərdən istifadə etmə, mütəşəkkil dəstə halında vergi ödəməkdən yayınma) yeni ittiham irəli sürülüb”, - deyə vəkil qeyd edib.


Nərgiz Absalamova

Bu iş üzrə cəlb olunmuş digər şəxslərə qarşı da çoxsaylı ağır maddələr irəli sürüləcəyi gözlənilir.

Xatırladaq ki, Fərid Mehrəlizadə iyunun 1-də Bakının Xətai Məhkəməsi tərəfindən 3 ay 20 gün müddətinə həbs edilib. O, Abzas media işi üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunub.

Prosesdə Mehrəlizadə təqsirli olmadığını, Abza media ilə heç bir əlaqəsi olmadığını bildirib. İqtisadçı həbs zamanı fiziki təzyiqə məruz qaldığını da bildirib.

Nərgiz Absalamova isə ötən il noyabrın 30-da “Abzas Media işi” üzrə ikinci dəfə Bakı Şəhər Baş Polis İdarəsində dindiriləndən sonra saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan bu müddət 2 dəfə uzadılıb.

Azərbaycanda yüksək vəzifəli şəxslərlə bağlı korrupsiya araşdırmaları dərc edən “Abzas Media”nın rəhbərliyi də daxil olmaqla ümumilikdə 6 əməkdaşı ötən ilin noyabrından etibarən “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

Jurnalistlər onlara qarşı irəli sürülmüş ittihamların uydurma olduğunu deyir, “Abzas Media”da yüksək vəzifəli şəxslərin və onların ailə üzvlərinin korrupsiya əməllərinə dair dərc etdiyi araşdırmalara görə təqib olunduqlarını bildirirlər.

Beynəlxalq jurnalist və hüquq müdafiə təşkilatları “Abzas Media” ilə bağlı cinayət işinin qondarma ittihamlar əsasında açıldığını bildirərək, həbs edilənlərin azadlığa buraxılmasına çağırış ediblər.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz