Öncəgörməni qətlə yetirən qatil - Rafiq Tağının 70 illiyinə həbsxana xatirəsi - SAMİR SƏDAQƏTOĞLU

Xəbərin çap versiyası
Tarix: 5-08-2020, 19:28
Öncəgörməni qətlə yetirən qatil - Rafiq Tağının 70 illiyinə həbsxana xatirəsi -


CivilAzerbaijan.com yazıçı-jurnalist Samir Sədaqətoğlunun qətlə yetirilən Azərbaycan yazıçısı Rafiq Tağının 70 illik yubileyinə həsr etdiyi yazını təqdim edir.

Rafiq Tağı ilə mən təqribən 9 ay Bayıl türməsinin “Ölüm korpusu”nda saxlanmışıq. Bu 9 ayın böyük bir dövrünü 120 saylı ikinəfərlik kamerda olmuşuq. O zaman həmin “Ölüm korpusu”nda başqa məşhur siyasi məhbuslar da var idi. Məsələn, qələm dostumuz Mirzə Sakiti, sabiq səhiyyə naziri Əli İnsanovu qeyd edə bilərəm. Hacı Məmmədovun işinə görə həbs olunanların bəziləri, o cümlədən, DİN Baş Cinayət-axtarış idarəsinin keçmiş rəisi general Zakir Nəsirov, indi daha çox “aftafa” ləqəbi ilə tanınan Maqsud Mahmudov və başqaları da o zaman bu korpusda saxlanılırdı. Dustaq həyatı yaşayanlar yaxşı bilirlər: ən uzaqdakı kamerada olan, həyatın boyu heç vaxt görüşmədiyin insanlarla belə kontaktda ola, yardımlaşa, bir qab ev yeməyini hər kəslə paylaşa bilirsən.

Rafiq bəylə mənim olduğum bu 120 nömrəli kamera çox kiçik – 3-4 kvadratmetrlik bir hücrə idi. Alt-üst iki çarpayı vardı: Rafiq bəy aşağıda, mən isə yuxrıda yatırdım.

Ümumiyyətlə, yatmağımız, yemək-içməyimiz, tualetimiz – hər şey bu 3-4 kvadratmetrlik ərazidəydi. Ən sıxıntılı məsələlərdən biri də tualet ehtiyacımızla bağlı idi. Hər ikimiz bu məsələdə çox utanırdıq. O kamerada olduğumuz bütün müddət ərzində heç vaxt heç birimiz ağır tualet ehtiyacımızı digərimizin oyaq vaxtında qarşılamadıq. Məsələn, mən Rafiq bəy sıxılmasın, utanmasın deyə dəfələrlə özümü yuxuluğa vurmuşdum və indi düşünürəm ki, yəqin ki, eyni hərəkəti Rafiq bəy də mənə qarşı sərgiləmişdi, oyaq olsa da, özünü yatmış kimi göstərmişdi. İndi bu sətirləri yazarkən belə çox xəcalət çəkirəm, çox sıxılıram, amma istəyirəm biləsiniz ki, insan oğlu necə işgəncə növləri icad etməyə qadirdir.

Bizim “xata”nın cox kiçik, dəmirbarmaqlıqlı bir pəncərəsi var idi. Doğrudur, bayırda axşamın düşdüyünü, havanın qaranlıq, ya işıqlı olduğunu o kiçik pənçərədən fərq etmək mümkün idi, amma aylarla biz həmin o xırda pəncərədən günəşi bircə dəfə olsun belə görə bilmədik.

Öncəgörməni qətlə yetirən qatil - Rafiq Tağının 70 illiyinə həbsxana xatirəsi -


“Tasovka” etməyə - gəzinməyə belə imkanımız (daha doğrusu, ərazimiz) olmadığı üçün demək olar ki, bütün sutka boyu çarpayılarımızda uzanır, bu vəziyyətdə kitab oxuyur, radio dinləyir, ən müxtəlif mövzularda söhbət eləyirdik. Çox vaxt susurduq, fikirləşirdik, fikirləşirdik, fikirləşirdik... Mən saatlarla anlamsız şəkildə gözlərimi tavana zilləyirdim, nəsə düşünürdüm, amma əminəm ki, həm də heç nə düşünmürdüm. Bir dəfə Rafiq bəyə dedim ki, (yeri gəlmişkən qeyd edim ki, həm həbsimizdən öncə, həm həbsdə olduğumuz vaxt, həm də azadlığa çıxandan sonra həmişə bir-birimizə “Bəy” deyə müraciət edərdik), mən tavana baxıram, hər gün orada nəsə yeni bir şey tapıram, ay Rafiq bəy, bəs, sən bu sükut saatlarında neyləyirsən, hara baxırsan?

- Mən qarşıdakı divara baxıram, - dedi. – Çox qalın, möhkəm divara oxşayır. Bunu heç buldozerlə də uçurtmaq olmaz.
Sonra əliylə aşağıdan carpayımı döyəclədi.
- Mənə bax, - dedi.

Aşağı boylandım. O da azacıq dikəldi.
- Elə bilmə ancaq sən yuxarıdan aşağı mənə baxa bilirsən. Arada mən də burdan - aşağıdan yuxarı sənə göz qoyuram, - dedi. – Bilmək istəyirəm, görüm Nardaran iranlılarının ekstazına, İran Ayətullahlarının fətvalarına, uzaq Samoli gənclərinin etirazlarına necə reaksiya verirsən.
Sonra həmin özünəməxsus, sakit gülüşüylə gülməyə başladı.

Bir dəfə zamanın donub qaldığı, vaxtın heç cür keçib getmədiyi sıradan günlərin birində ehtiyatla çarpayımdan aşağı endim. Rafiq bəy arxası üstə yatırdı, ya da bəlkə özünü yuxuluğa vurmuşdu (Uzun müddət bir yerdə olduğumuzdan artıq onun bəzi “sirlərini” bilirdim. Eynəyi taxılı idi, bu isə o deməkdir ki, çox böyük ehtimalla, o yatmayıb.). Həbs olunmamışdan öncə həmişə geydiyi bozumtultəhər rəngli bir plaşı vardı, həmin plaşı da yüngül yorğan kimi üstünə atmışdı.

Mən divara və beton döşəməyə pərçimlənmiş kiçik dəmir masanın üstündəki “Tefal” çaydanı qoşdum. Yeri gəlmişkən, biz onun üstünü masa, aşağısını isə dolab kimi istifadə edirdik. Quru çay, qənd, konfet, müxtəlif şirniyyat və peçenyeləri bu “dolab”a yerləşdirirdik. Əyilib baxdım ki, görüm ordan çay içmək üçün nə götürə bilərəm. Dikələrkən Rafiq bəyin matdım-matdım mənə baxdığını gördüm.

- Təzə heç nə yoxdu? - deyə o soruşdu.
- Yox, iqtisadiyyatımız çökür, - cavab verdim.

Öncəgörməni qətlə yetirən qatil - Rafiq Tağının 70 illiyinə həbsxana xatirəsi -


Rafiq bəy qalxdı:
- Zəhmət olmasa, mənim üçün də birini süz, - dedi.

İkimizə də çay süzdüm. Heç bilmirəm necə oldu, söhbət hərləndi-fırlandı bizi ən çox düşündürən, amma haqqında ən az danışdığımız mövzunun – həyatda qalmağın, var olmağın, yaşamağın üstünə gəldi.
- Mən 92 ildən çox yaşayacağam! – Qəfildən Rafiq bəy çox böyük bir əminliklə söylədi və sidqi-ürəklə güldü.

Təəccüblə, mat-məəttəl ona baxdım və:
- Deyəsən, vəhy gəlib sənə, - dedim. – Deyirəm də, sən o kişini devirib yerinə keçmək istəyirsən.

Əlbəttə ki, aramızdakı bu şifrəli söhbəti o anladı, amma özünü o yerə qoymadı və tam ciddi şəkildə davam etdi:
- Yox, bu, vəhy məsələsi deyil. Tam ciddi deyirəm. Mənə gülməkdənsə, sən öz gününə ağla. Şəxsən mən, 92 yaşdan çox yaşayacağam.
- Yaxşı, bunu hardan bilirsən?
- Qaraçı deyib.

Yenə mat-məəttəl, heyrət içində gözlərimi ona dikdim.
- Nə qaraçı, hansı qaraçı?

- Moskvadakı qaraçı. Onunla neçə il qabaq, Rusiyada yaşayanda Moskvada görüşmüşük. Günorta vaxtı, balaca bir parkda qarşılaşdıq. Mən kiminləsə görüşməliydim, vaxtından əvvəl gəlmişdim ora. Oturmuşdum skameykada nə isə oxuyurdum. Bir də gördüm budu ha, böyrümdə biri oturub. Baxdım, gördüm həmin qaraçı qadın. Dedi gəl falına baxım. Fikirləşdim hələ vaxtım var, görüm bu mənə təzə nə deyəcək. Sonra lap bəlkə bir hekayə yazaram...

Öncəgörməni qətlə yetirən qatil - Rafiq Tağının 70 illiyinə həbsxana xatirəsi -


Əl atıb stəkanını götürdü, çaydan bir qurtum aldı:
- Soyuyub, - dedi. Başıyla mən tərəfdə olan “Tefal”a işarə elədi. – Xodda.

“Tefal”ı yenidən qoşdum.
- Sonra nə oldu? – deyə soruşdum.

- Heç nə, əlimin içinə baxdı, dedi ki, ömrün uzun olacaq. “Ümumi danışma”, dedim ona. Konkret rəqəm de. Dedi ki, konkret rəqəm deyə bilmərəm, amma burda sənin 92 yaşının qeyd olunduğu bir məclis görürəm, - sonra Rafiq bəy cani-dildən sol əlinin şəhadət barmağını sağ əlinin ovucunda gəzdirərək mənə qaraçının ona bəhs etdiyi hansısa xətləri göstərmək istədi.

Əlimi havada yelləyib güldüm.
- Kefsən e, Rafiq bəy, heyranam sənə! - dedim. – Haqqımızda gündə bir fətva verirlər, başımıza 2 milyon dollar pul qoyublar, bizi öldürənə Qumda villa vəd veriblər, sən də durub deyirsən ki, qaraçı belə dedi, qaraçı elə dedi.

Rafiq bəy tam ciddiyyəti ilə:
- Gülmə! – dedi. – Bu sənin tanıdığın qaraçılardan deyil, bu, ciddi qaraçı idi. Mən ona o vaxtı da inandım, indi də inanıram.

Qətiyyətlə üzümə baxdı. Onun neçə müddətdir ki, dibinə qüssə hopmuş, kədər yayılmış, amma indi isə birdən-birə par-par parıldayan gözlərində mən ciddiyyətlə yanaşı tam bir səmimiyyət gördüm. Dərk elədim ki, o öz söylədiklərinə səmimi-qəlbdən inanır.

- Samir bəy, bax sənə burda söz verirəm, - dedi. – 92 yaşımı qeyd edəcəyim o məclisə səni də dəvət eləyəcəyəm, - şəhadət barmağıyla illər sonra baş tutacaq məclisə işarə etdi. – Əgər o vaxtacan sən sağ qalsan, xəstəlikdən-filan ölməsən, - eyhamla xısın-xısın güldü, - bugünkü söhbəti sənin yadına salacağam. Yəqin ki, o vaxta "Sənət qəzeti" də "Sənət" jurnalı olacaq.

Sonra o, sifətindəki təbəssümlə xəyala dalaraq nəsə - yəqin ki, 92 yaşı münasibətiylə təşkil edəcəyi o məclisi fikirləşə-fikirləşə ləzzətlə çayını içməyə başladı. Mən yazılarındakı dəmir məntiqi, hədəfi dəlib keçən sərrast ifadələri, elmi-mədəni izahı ilə tabuları darmadağın edən, insanların sinirlərini çırmaqlayan bu adamın adi bir qaraçıya bu cür səmimi-qəlbdən bu dərəcədə inanmağına heyrət edərək mat-məəttəl qalmışdım və deməyə söz tapa bilmirdim.

Öncəgörməni qətlə yetirən qatil - Rafiq Tağının 70 illiyinə həbsxana xatirəsi -


Bəli, Rafi Tağı da jurnalist Elmar Hüseynov kimi əcəliylə ölmədi, onu 61 yaşında ikən qətlə yetirdilər. Onu qətlə yetirməsəydiər Rafiq bəy yəqin ki bu il 70 yaşını və heç şübhəsiz, o intəhasız və sarsılmaz inamı hesabına mütləq 2042-ci ildə də 92 yaşını qeyd edəcəkdi. Əlbəttə, mən nəinki 22 il sonra sağ olub-olmayacağımı, hətta 2 saat sonra başıma nə gələcəyini belə bilmirəm. Amma and olsun yerə-göyə, əgər qətlə yetirilməsəydi, əminəm ki, Rafiq Tağı ən azı 92 yaşına sağ-salim gedib çıxacaqdı və 92 yaşı münasibətilə 2042-ci ildə keçiriləcək o məclisi bəlkə də 100 illik yubileyə xas təntənəylə qeyd edəcəkdi. Mən bunu illər öncə linç edilməyimiz, qətlə yetirilməyimizlə bağlı çağırışların səsləndirildiyi, fətvaların, fərmanların verildiyi ən çətin, ən dəhşətli, ən ağır günlərimizdə həbsxananın “Ölüm korpusu”ndakı 3-4 kvadratmetrlik balaca qutu-kameramızda Rafiq bəyin qarşısıalınmaz inam, ümid və israrla dolu gözlərində gördüm. Və mən buna inandım! Amma Rafiq bəyin qatili (və ya qatilləri) həmin inamı və o “ciddi qaraçı”nın öncəgörməsini məhv elədi. O qatil və ya qatillər (yeri gəlmişkən, mən bu qətli sifariş edənləri, bizim qətlə yetirilməyimizlə bağlı fətva verənləri də, bu cinayət işinin açılmasında maraqlı olmayanları, mane olanları da qatil hesab edirəm) bu qətllə təkcə Rafiq Tağını öldürmədilər, eyni zamanda həm də GƏLƏCƏYİ qətlə yetirdilər. Ümidi, arzunu, ən şirin xəyalları, Rafiq bəyin övladlarının toyunda söyləyəcəyi xeyir-duanı, edəcəyi rəqsi, bu xeyir işlərdə çəkdirəcəyi rəsmləri, fotoları, o qaraçının öncəgörməsini qətlə yetirdilər. Və ən əsası, bu, Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin nəhəngliyiylə göz qamaşdıran sütunlarından birinə hücum idi.

Məni və Rafiq Tağını qanunsuz həbs etməyi bacaran (bu həbsin qanusuz olduğu Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) qərarı ilə təsdiq olunub) Azərbaycan hüquq-mühafizə orqanları Rafiq bəyin qatilini və ya qatillərini nəinki hələ də həbs etməyib və ya bunun marağında olmayıb, ümumiyyətlə, bu müəmmalarla dolu qətllə bağlı cinayət işinin istintaqına xitam verib.

Elə bunun özü ən böyük müəmmalardan biridir...

5 avqust, 2020-cil,
Uzaqlar


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz