Rafiq Tağının qətlində İran faktoru...

Xəbərin çap versiyası
Tarix: 24-04-2023, 12:29


Yazıçı-publisist Rafiq Tağının qardaşı İlqar Tağı mediaya yazıçının qətlinin yenidən araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib: “Cinayət işinin yenidən açılmasını istəyirik, ancaq əvvəlki istintaq qrupunun olmasının əleyhinəyik”- İlqar Tağı Meydan Tv-yə belə deyib.

O bildirib ki, deputat Fazil Mustafaya qarşı sui-qəsddən sonra Milli Məclisdə deputat Ziyafət Əsgərov Rafiq Tağının qətlinin arxasında İranın xüsusi xidmət orqanlarının dayandığını söyləyib: “Bundan sonra biz də belə qərara gəldik ki, bu məsələni yenidən qaldıraq. Ancaq yeni istintaq qrupunun yaradılmasını və qətlin araşdırılmasını vacib sayırıq”.

Yazıçı-publisist Rafiq Tağının ölümü ilə bağlı yeni cinayət işinin açılması mümkündürmü?

Hüquqşünas Rəşid Hacılı mövzu ilə bağlı ASTNA-nın suallarına cavab verib.


Civilazerbaijan.com
həmin müsahibəni təqdim edir:

* * *

- Rəşid bəy, Milli Məclisdə deputat Ziyafət Əsgərov Rafiq Tağının qətlinin arxasında İranın xüsusi xidmət orqanlarının dayandığını dedikdən sonra mərhum yazarın qardaşı İlqar Tağı qətlin yenidən araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib. Sizcə, bu müraciətin hansısa nəticəsi olacaqmı? Bu qətlin arxasında İranın xüsusi xidmət orqanlarının dayandığını Milli Məclisin deputatının dilindən səsləndirilməsi nəyə işarədir? Bunu bir deputat deyirsə, demək ki, nəsə ipucları var. Belə olduğu halda bu cinayətin üstü niyə açılmadı?

- Yazıçı Rafiq Tağının ölümü ilə sonuclanan bıçaqlanma hadisəsi yaxın tariximizin ən gurultulu və etkiləyici qətllərindən biridir.

Əvvəl yazıçını “Sənət” qəzetində çap edilmiş “Avropa və biz” məqaləsinə görə təqib etdilər. 2007-ci ilin noyabrında bir qrup şiə dindarların şikayəti və Rafiq Tağını ölümlə, linç etməklə hədə-qorxu gəlmələrin ardınca Baş prokurorluq cinayət işi başladı və yazıçını, onunla birlikdə “Sənət” qəzetinin baş yazarı Samir Sədaqətoğlunu həbsə atdı. Hətta qeyri-rəsmi olaraq bir arqument də səsləndirdilər ki, guya yazıçını linçlənməkdən qorumaq üçün həbs qərarı veriblər.

O zaman Rafiq Tağının üstünə gələnlər, qəzəbli davranışlar sərgiləyənlər, təhqir və hədələrlə danışanlar kimlər idi, yadınıza salın. Yaxşı, tutaq ki, Rafiq Tağı müsəlmanların peyğəmbəri haqqında dindarları qəzəbləndirən söz işlətmişdi, bu dindarlar axı Azərbaycanda təkcə şiəlrdən ibarət deyil. İslam peyğəmbəri şiələrlə yanaşı dindarların yarısının – sünnilərin də peyğəmbəridir axı. Sünnilər də ola bilər bəyənməmişdilər yazını. Amma səsləri gəlmirdi. Sanki təkcə şiələrin peyğəmbərindən yazmışdılar.

Bir qrup şiə təriqətindən olanlar nədən belə çox qəzəblənmişdilər. Əksəriyyəti Nardaran kəndindən olan və ya İrandan gələn impulslara daha həssas olan başqa şiə dindarlar idi.

Şübhəsiz ki, bu aksiyalar İrandan idarə olunurdu. Bakıdakı adamları vasitəsilə. İranın birbaşa bu hay-küyün arxasında olduğunun aşkara çıxması özünü gözlətmədi. İran ayətullahları da bu qaralama, hədə-qorxu kampaniyasına qoşuldular. Hətta ölüm fətvaları verənlər də tapıldı. Aydındır ki, İran İslam dövləti rəhbərləri siyasi islamı Bakıda daha da gücləndirmək, yandaşlarını fəallaşdırmaq üçün belə olaylardan maksimum faydalanırdı.

Yazıçı uzun müddət bu ölüm fətvaları ilə yan-yana yaşamağa məcbur oldu. Kimliyi bəlli olmayan birinin onu qaranlıq döngədə tək evə dönərkən ölümünə bıçaqlamasına qədər.

Yazıçını “Avropa və biz” yazısına görə göz qırpmadan həbsə atan, sonra onu uzunmüddətli həbsə məhkum edən rəsmilər (Baş prokurorluq, məhkəmələr) onun qətlini barmaqarası, astagəl, gərəkli addımları atmağa can atmadıqları aşkar görünən tərzdə araşdırma apardılar.

- Bu qətlin yenidən araşdırılması üçün cinayət işinin açılması mümkündürmü?

- Hər iki halda səlahiyyətli rəsmilərin- Baş prokurorluğun, məhkəmələrin Azərbaycan qanunları ilə yanaşı Avropa İnsan Haqları Konvensiyasının uyğun maddələrini pozduqları Avropa İnsan Haqları Məhkəməsi qərarları ilə təsdiq olunub. Hər iki iş üzrə.

Avropa İnsan Haqları Məhkəməsi 5 dekabr 2019-cu ildə Tağıyev və Hüseynov işi üzrə qərarında Rafiq Tağı və Samir Hüseynova məqaləyə görə həbs cəzası verilməsini dəngəsiz və demokratik toplumda gərəkli olmayan qərar sayaraq Konvensiyanın 10-cu maddəsinin (ifadə azadlığı) pozulduğunu dedi.

Avropa Məhkəməsi Tağıyev işi üzrə (Rafiq Tağının ölümünün səmərəli araşdırılmadığından verilmiş şikayət üzrə ) 07 iyul 2022-ci il qərarında qət etdi ki, Rafiq Tağının öldürülməsi işini araşdıran müvafiq rəsmi şəxslər prosedural pozuntulara yol verərək ərizəçinin Konvensiya ilə verilən hüquqlarını pozublar.

Hər iki iş üzrə Avropa Məhkəməsinin qərarları Rafiq Tağı ilə bağl işlərə Azərbaycan Məhkəmələrində yenidən baxılması üçün yetərli əsaslar verir.

Birinci iş üzrə (Rafiq Tağının Cinayət Məcəlləsinin 282-cü maddəsi ilə məhkum olunması) Ali Məhkəmənin Plenumu cinayət hökmlərinin ləğv edilməsi, Rafiq Tağı və Samir Hüseynov haqqında bəraət hökmü çıxarılması barədə qərar verməlidir.

İkinci iş üzrə isə ölüm hadisəsinin araşdırılmasının dayandırılması barədə qərar ləğv edilməli, cinayət işinin araşdırılmaıs davam etməlidir. Üstəlik, siziin dediyiniz kimi Mill Məclisin deputatı Ziyafət Əsgərov açıqlayıb ki, Rafiq Tağının qətlində İran izləri var. Bu ciddi bəyanatdır. Elə bunun özü də cinayət araşdırmasının davam etdirilməsini tələb edir.


Rəşid Hacılı

- Bu cinayətin arxasında İranın xüsusi xidmət orqanlarının dayanması nə dərəcədə inandırıcıdır?

- Rafiq Tağının qətli siyasi qətldir. Bu ifadə azadlığına qarşı terrordur. Üstəlik də şiəyönlü siyasi islamın (İran təsirinin) yayılması yönündə fəaliyyətlə sıx bağlı bir hadisədir. Qətlin İrana bağlı olmasını demək üçün tutarlar o qədər çoxdur ki, başqa versiyaları xeyli kölgədə qoyur. İndi Milli Məclis üzvünün açıqlaması bu versiyanı təsdiqləyən yeni faktların olduğuna inanmağa əsaslar verir.

İranın xüsusi xidmət orqanlarının bu işə cəlb olunub-olunmadığını demək çətindir. İran bir qədər dolaşıq ölkədir. Orada hansısa ayətüllah başqa ölkədə kiminsə ölümünə fətva verə bilir. Bunun da geçəkləşdirilməsini dini cameəsinin üzvlərinə tapşırır.

İranda xüsusi xidmət orqanı deyə biləcəklərimiz heç də hansısa bir qurum deyil. Ayətüllahlardan başqa SEPAH var, kəşfiyyat var, başqa qurumlar var. Azərbaycan xüsusi diqqət mərkəzində olan ölkədir İran üçün. Bakıda uzun illər İranın dini lideri Əli Xameneinin xüsusi nümayəndəsi kimi ayətüllah Ocaknecad çox geniş fəaliyyət göstərirdi.

- Hakimiyyət vaxtı ilə bu cinayətin üstünün açılmasında niyə maraqlı olmadı?

- Rafiq Tağını bıçaqlayan şəxsin xüsusi təlim görmüş şəxs olduğunu demək olmaz. Bu nədənlə deyə bilərik ki, cinayəti törədən adi şəxs olub, hansısa sıradan bir dindar olub.

Amma İran xüsusi xidmət qurumlarının bəzi hadisələrdəki dəsti-xətti Rafiq Tağıya qarşı cinayətdə onların əli olduğundan şübhələnməyə əsas verir. Məsələn, Gürcüstanda İran xüsusi xidmətinə bağlı olduğu deyilən cinayətin üstü açıldı. Yəhudi kökənli bir iş adamına qarşı qəsd. İran xüsusi xidmət orqanları deyildiyinə görə adam öldürməkdə heç bir peşəkarlığı olmayan bir pakistanlını cəlb edib. Qətl bıçaqla törədilməliymiş. Son anda icraçı bıçaqla öldürməkdən imtina edib və tapança istəyib. Tapança axtarışı zamanı hazırlanan qəsdin üstü açılıb.

Göründüyü kimi çox sadə üsuldan və peşəkar olmayan şəxslərdən istifadə İran xüsusi xidmət orqanlarının üslubudur. Yeri gəlmişkən, Tehranda Azərbaycan böyükelçiliyinə basqında da peşəkar olmayan, amma bir qədər hazırlanmış şəxsdən istifadə etmişdilər.

Azərbaycan hökuməti üçün hüququn aliliyi, cinayət qurbanlarının hüquqlarının bərpa olunması kimi məsələlərdən daha önəmli saydığı siyasi maraqlar var. 44 günlük savaşadək, məsələn, İranla ilişkilərdə sanki İranın xətrinə dəyməmək, “çox da dəyməyin, qoyun nə istəyir eləsin” siyasəti var idi. Savaş zamanı isə hətta İrana reveranslar edirdilər. Təki əngəl törətməsin. Çünki İranın əlləri çox uzun idi. Sonradan durum dəyişdi. İran rəsmi səviyyədə açıq Azərbaycan əleyhinə danışmağa, davranmağa başladı və bu dəfə sərt cavab aldı. Öncəki illər Azərbaycan belə cavab sərgiləmək lüksünün olmadığını qəbul edirdi.

Ola bilər ki, Rafiq Tağının işində atılan addımlara bu faktorlar təsir edib. Hər halda o zaman araşdırılmasında qətlin astagəllik, “entuziazm” əskikliyi aydın görünür. Rafiq Tağının qətli də, ondan öncə qanunsuz həbsi də məhz İranın və onun təsir agentlərinin, yümşaq gücünün xeyli güclənməsinə səbəb oldu. İranı tənqid edənlərin, İran ideologiyasına qarşı çıxanların, İrana əyri baxanların aqibətinin necə ola biləcəyini göstərdi. İran yumşaq güclərini ilhamlandırdı.

İran şəbəkəsinə qarşı yoğun iş Rafiq Tağı işinə də işıq salan faktları aşkara çıxara bilər. Təbii ki, hökumətin cinayətin axtarışı ilə məşğul olan qurumları və vəzifəlilərinin qarşısına qoyulan hədəflərdən də çox şey asılıdır. Yuxarıda dediyim kimi bu həm də Baş prokurorluğun və cinayət axtarışı ilə məşğul olan qurumların vəzifəsidir. O cümlədən, Avropa İnsan Haqları Məhkəməsi qərarını icra etməkdən irəli gələn borcdur.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz