Azərbaycanda insan haqlarının vəziyyəti faciəli həddə çatıb - CƏMİL HƏSƏNLİ

Xəbərin çap versiyası
Tarix: 1-05-2024, 17:07


Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda son həbslərdən, məmurlara qarşı sanksiya təhlükəsindən və ölkədə azadlıqların durumundan danışıb.

Civilazerbaijan.com
həmin müsahibəni təqdim edir:

- Azərbaycanda ictimai fəalların, jurnalistlərin həbsləri davam edir. Rəsmi Bakının bu hərəkətlərinin səbəbi nədir? Sizcə həbslərə son verilməsi üçün nə edilməlidir?

- Təəssüf ki, son dövrlərdə bu nəinki davam edir, hətta sürətlənib. Burada yalnız ictimai fəalların, jurnalistlərin həbsindən söhbət getmir, eyni zamanda siyasilərin həbsini, dindarların həbsini də əlavə eləmək lazımdır. İndi siyasi məhbusların sayı Azərbaycanda 300 nəfərin ətrafında davam edir. Mən sizə deyim ki, adamlar özlərini siyasi məhbus hesab etməyə də çəkinirlər. Əslində siyasi məhbusların sayı 300 nəfərdən çoxdur. Çünki insanlar siyasi mülahizələrlə tutulur. Bunun səbəbi ondan ibarətdir ki, Azərbaycanda bir avtoritar rejim yaranıb. Ailə-feodal idarəçiliyi yaranıb. Azərbaycanda bir dəmir yumruq sindromu var. Baxmayaraq ki, bu dəmir yumruq bir müddət əvvəl ermənilərə qarşı silkələnirdi. İndi bu, qorxulu kabus kimi Azərbaycan xalqının başında fırlanır. Avtoritar rejimlər, totalitar rejimlər, idarəçilər, diktatura rejimləri həbslərsiz keçinə bilmir. Baxmayaraq ki, Azərbaycan Konstitusiyası vətəndaşlara geniş hüquqlar verir. Baxmayaraq ki, Azərbaycan ATƏT, BMT, AŞPA-ya üzv olanda insan haqları ilə bağlı üzərinə öhdəliklər götürüb. İnsan hüquqları ilə bağlı Avropa xartiyasını imzalayıb.

- ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti ilə telefon söhbətində Azərbaycanı insan hüquqları ilə bağlı beynəlxalıq öhdəliklərini yerinə yetirməyə, haqsız həbs edilənlərin azad edilməsinə çağırışından sonra hüquq müdafiəçisi Anar Məmmədli saxlanılıb. Sizcə bu təsadüf ola bilərmi? Müxalifət lideri kimi rəsmi strukturların hərəkətlərini necə qiymətləndirərdiniz?

- Birinci onu demək istəyirəm ki, Dövlət katibi Blinkenin Əliyevlə danışıqları barəsində hökumət və yandaş mediada səhv təqdimat getdi. Belə çıxdı ki, guya Blinken Azərbaycanda insan hüquqları ilə bağlı aparılan islahatları alqışlayıb. Azərbaycanda insan hüquqları ilə bağlı hansı islahatlar aparılır? Əgər bu islahat Anar Məmmədlinin, ondan qabaq “Toplum TV”-nin, ondan qabaq “Abzas Media”nın, ondan qabaq Tofiq Yaqublunun həbs edilməsindən ibarətdirsə, görünür bu Azərbaycansayağı islahatdır. Bilirsiniz, Azərbaycanda insan haqları ilə bağlı vəziyyət o qədər faciəli həddə gəlib çatıb ki, bu artıq ölkədaxili məsələdən çıxaraq beynəlxalq məsələyə çevrilib. Blinkenin zəngindən qabaq Avropa Parlamentində qətnamə qəbul edildi. Ondan qabaq Avropa Şurasında müzakirə edildi, ondan qabaq Amerika Senatında, Konqresində müzakirə edildi. Yəni, Azərbaycanda ictimai fəalların, jurnalistlərin, siyasilərin, inanclı insanların təqibi, kütləvi həbsi çox qorxulu bir mərhələyə daxil olub. Hətta o qədər qorxulu mərhələyə daxil olub ki, bu ölkənin içi üçün deyil, beynəlxalq aləm üçün də ciddi narahatılıq doğuran bir amilə çevrilib. Hələ mən onu demirəm ki, Azərbaycanda işgəncələrlə bağlı məsələ beynəlxalq müzakirə mövzusuna çevrilməyib. Tərtərdən başlayaraq (hərçənd ki, Tərtərdən qabaq da işgəncələr olub) “bandotdelin” işgəncə laborotoriyasında, polis orqanlarında həbs olunan vətəndaşlara işgəncələrin verilməsi, bədənlərinə elektrik cərəyanı buraxılması, işgəncə altında insan talelərinin məhv edilməsi və işgəncə altında insanlara özləri əleyhinə ifadələr alınmasına nail olunması kimi hallar var. Hətta mən deyərdim ki, bu 37-ci ildən də (1937-ci ildəki Stalin repressiyası nəzərdə tutulur-red) dəhşətlidir. 37-ci ildə işgəncə texnologiyası bu səviyyədə deyildi. Mən 37-ci ildəki bir çox işlərlə tanışam. O zaman elektrik cərəyanının insanların bədənlərinə verilməsi kimi bir hal müşahidə olunmayıb. 37-nin işgəncəsi dəyənək üzərində qurulub. İndi dəyənklər də kifayət qədər texnoloji cəhətdən təkmilləşdirilib. İşgəncə aləti kimi indi beysbol dəyənəyindən istifadə olunur. Belə bir şəraitdə əlbəttə Blinkenin telefon açması təsadüfi deyil. Çünki hökumət və yandaş media təbliğat aparır ki, guya bu həbslər, insan haqları Azərbaycanın daxili işidir və buna müdaxilə etmək olmaz. Halbuki Azərbaycan beynəlxalq qurumlara daxil olanda, inteqrasiya olunanda o qurumların şərtlərini qəbul edib. İnsan haqları ilə bağlı Avropa Konvensiyasını qəbul edib. Bununla da üzərinə öhdəliklər götürüb. Bir də Azərbaycandakı işgəncələrdə qəribə tendensiya bilirsiniz nədir? Azərbaycan hakimiyyətinin hansı ölkə ilə münasibətləri pisləşirsə həmin ölkələrin dəyərlərini az-çox Azərbaycanda daşıyıcıları saxta həbslərə məruz qalır. Əgər İranla münasibətlər pisləşirsə dindar camiyyəsinin həbsləri həyata keçirilir, Amerika-Avropa ilə münasibətlər pisləşirsə demokratik dəyərlərə sayğısı olan dairələr həbsə məruz qalır. Diqqət yetirirsinizmi? Mənzillərdə polis axtarışlarında çıxarılan pul vahidləri, məsələn dollardısa bilavasitə ABŞ-a aiddir, avrodursa bu bilavasitə Avropa Birliyi ölkələrinə aiddir. Bundan vaxtı ilə bir mifologiya uydurdilar, guya xaricdən maliyyələşmə yolu ilə konstitusion quruluşun dəyişdirilməsinə cəhdlər var. Məsələn, Gözəl Bayramlının işini, Əfqan Muxtarlının işini xatırlatmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı repressiyalar, insanların nahaqdan həbs olunması, saxta ittihamlarla həbs olunması o qədər geniş əks-səda doğurub ki, hətta Azərbaycanın min bir problemi olduğu halda, Dövlət katibi Blinken də telefon açanda məhz bu məsələlərin üzərində dayanıb.

- ABŞ Konqresmenləri Azərbaycanda məmurlara qarşı sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsi təqdim edib. Bu sənəd nə qədər obyektivdir və qəbul edilməsi nə qədər real görünür?

- Əvvəla, bizim əlimizdə hələ ki, sənəd yoxdur. Yayılan sənədin nə qədər real sənəd olub-olmaması ilə bağlı bir şey demək çətindir. Senatın və Konqresin saytlarında da həmin siyahı yoxdur. Yəni olmayan siyahı barədə fikir yürütmək bir az çətindir. Amma, mən bunu hətta gecikmiş sanksiyalar hesab edərdim. Çünki Azərbaycanda insan haqları ilə bağlı dəhşətli mənzərə yeni bir məsələ deyil. İlham Əliyev hakimiyyətə gələndə Azərbaycan yarım-azad ölkə idi. Onun repressiv siyasəti nəticəsində Azərbaycan qeyri-azad ölkəyə çevrildi. Ölkədə polis diktaturası quruldu. Əgər Azərbaycana insan haqları ilə bağlı sanksiya tətbiq edilirsə və bu yüksək vəzifəli məmurların adları orada sadalanırsa birinci sadalanan ad İlham Əliyevin adı olmalıdır. Bütün repressiyanın başında bu adam dayanır. Onun da icraçısı Vilayət Eyvazov olmalıdır. İnsanların polis şöbələrində döyülərək öldürülməsi, işgəncə verilməsi, şikəst edilməsi harada baş verir? Bilavasitə polis orqanlarında baş verir. Əslində insan haqlari ilə bağlı istər ABŞ Konqresi olsun, istər digər beynəlxalq təşkilatlar olsun, birinci iki yeri bu şəxslər bölüşməlidir. Siyahıda 41 nəfərin adı keçir. Amma bu kifayət qədər kiçik bir dairədir. Azərbaycanda insan haqlarına zor tətbiq edən məmurların sayı nəinki 41 hətta 241, 1041dən də çoxdur. Burada total bir işgəncə aparatı yaradılıbdır.

- Milli Şura mayın 5-də mitinq keçirmək barədə qərar qəbul edib? Bakı meriyası mitinq qərarınızla razılaşmasa növbəti addımınız nə olacaq?

- Əvvəla, bu bizim son həftələrdə kütləvi aksiyanın razılaşdırılması ilə bağlı ikinci müraciətimizdir. Bilirsiniz ki, aprelin 21-də də biz Milli Şura olaraq aksiya təyin etmişdik. Təəssüflər olsun ki, Bakı meriyası buna razılıq vermədi. Ancaq bu Bakı meriyasına adi bir məsələ deyil. Ad Bakı meriyasınındır. İlham Əliyev razılıq vermədi. Azərbaycanın rəhbərliyi razılıq vermədi. Ümumiyyətlə sərbəst toplaşma azadlığı ilə bağlı insanların konstitusion haqqını bütövlükdə ləğv ediblər. Bilirsiniz ki, 2019-cu ilin 19 yanvar mitinqinin uğurundan sonra İlham Əliyev haradasa 3,5 milyard manat həcmində uzun müddət Azərbaycan xalqına vermədiyi vəsaitləri vətəndaşlara verməli oldu. Onunla da Bakı şəhərində mitinqləri qadağan etdi. Biz 2019-cu ildən sonra 7-8 dəfə mitinq müraciəti etdik və hətta xatırlayırsınızsa, 2019-cu ilin 19 oktyabrında icazəsiz akisya da oldu. Əvvəllər, bilirsiniz ki, bu mitinqlərin effektini azaltmaqdan ötrü Bakı şəhərindən kənarda, Lökbatan və buna bənzər yerlərə istiqamətləndirirdilər. Əlbəttə, birinci nəzərə almaq lazımdır ki, mitinq vətəndaşın konstitusion haqqıdır. Razılaşdırmanı bunlar özlərindən çıxarıb. Polis mitinq təyin edilirsə onun təhlükəsizliyini təmin etməlidir. Mitinq Əliyev rejimi üçün qorxulu yuxu kimi bir şeydir. Onlar 2019-cu ilin 19 yanvarında gördülər ki, əhalinin narazılığı hansı səviyyədədir. Bu günlər vəziyyət 2019-cu illə müqayisədə daha ağırdır. Xüsusilə sosial vəziyyət ağırdır. İndi müraciət etmişik. Hakimiyyət səlahiyyət hədlərini aşaraq, konstitusianı göz ardı edərək bu mitinqlərin keçirilməsinə etirazlarını bildirir. Əslində 5 may mitinqi və buindan əvvəlki, 21 aprel mitinqi də xalqın tələbidir. Biz xalqdan istər şifahi söhbətlərimizdə, istər sosial media üzərindən, istərsə də vətəndaşların telefon zəngləri, vatsap zəngləri, messengerlərindən zəngləri vasitəsi ilə aldığımız sifariş bundan ibarətdir ki, Azərbaycan xalqı bu günləri mitinq istəyir. Mən sizə bir nümunə deyim. Mitinqin tələblərindən biri nədir? Uşaq pullarının verilməsidir. Mitinqi təyin edən Milli Şuranın rəhbərliyində olanların uşaq pulunu alacaq yaşda heç kimin uşağı yoxdur. Bu xalqdan gələn bir tələbdir. Avrointeqrasiya, bilirisiniz ki, İlham Əliyev indi bütün vasitələrlə ölkəni avrointeqrasiyadan ayırıb, Rusiaynın yedəyinə bağlamaq istəyir və əslində bağlayıb. Ölkədə siyasi məhbuslarla bağlı böhranlı bir vəziyyət yaranıb. Biz indicə o barədə danışdıq ki, beynəlxalq narahatçılığa çevrilib. Bizim birinic mitinq müraciətimizdən sonra Qubad bəy həbsdən ev dustaqlığına buraxıldı. Rus hərbi kontingenti Azərbaycandan çıxarıldı. Hesab edirik ki, Azərbaycanda növbəti, mayın 5-də mitinq keçirmək çox zəruridir, hökumət Azərbaycan konstitusiyasını, üzərinə götürdüyü beynəlxalq öhdəlikləri nəzərə alacaq. Yeri gəlmişkən Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasından çıxarılmasının bir səbəbi də sərbəs toplaşma azadlığının qadağan edilməsidir. Bütün bunları nəzərə alıb, razılaşdırılmış qaydada xalıqın etiraz mitinqinin keçirlməsinə hə cavabı verəcəklər.

Qeyd: Azərbaycan rəsmiləri ölkədə idarəçilik və insan hüquqlarının durumu ilə bağlı yerli və beynəlxalq tənqidləri qəbul etmir, qərəzli sayır. Azərbaycan Prezidenti İlham Əliyev ölkədə fundamental azadlıqların, o cümlədən toplaşma, birləşmə, söz və mətbuat azadlığının tam təmin edildiyini bildirib. Hətta bir sıra hallarda dünyada Azərbaycanda mətbuat azadlığı və tolerantlığı digər ölkələr üçün nümunə olaraq göstərib. Hüquq mühafizə orqanlarının rəsmiləri isə "Tərtər hadisələri" istisna olmaqla, ölkədə işgəncə və qeyri-insani davranışlarla bağlı yayılan məlumatları daim təkzib edib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz