COP29 müddətində məktəblərdə dərs olmayacaq, universitetlər distant təhsilə keçəcək

Xəbərin çap versiyası
Tarix: 1-08-2024, 13:57


COP29-la əlaqədar şagirdlər payız tətilinə buraxılacaq, Bakı, Sumqayıt və Abşeronda isə tələbələr distant təhsil alacaq.

Civilazerbaijan.com
bildirir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, orta məktəblərdə beş günlük payız tətili noyabrın 16-dan 20-nə qədər deyil, 12-dən 22-dək olacaq.

Bakı, Sumqayıt və Abşeron üzrə peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə noyabrın 12-dən 22-dək dərslər onlayn formada məsafədən keçiriləcək. Qərarda Elm və Təhsil Nazirliyinə bu istiqamətdə müvafiq tədbirlər həyata keçirmək tapşırılıb.

Bu ilin noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçiriləcək.

Bununla əlaqədar Bakıda bəzi məhdudiyyət və qadağaların tətbiqinə başlanılıb.

Paytaxda fəaliyyət göstərən şadlıq saraylarında noyabrın 8-dən 22-dək toy mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub.

Azərbaycandakı müstəqil ekspertlər hesab edirlər ki, bu, indiyədək ölkənin ev sahibliyi edəcəyi ən böyük tədbirdir və Bakı buna infrastruktur baxımından hazır deyil.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz