İranda etirazlar davam edir: polis Tehranda “tələbələrə atəş açıb”

Xəbərin çap versiyası
Tarix: 3-10-2022, 12:22



İranda artıq 20 gündür davam edən etirazlarda polisin Tehranın ən prestijli universitetlərindən olan Şərif Texnologiya Universitetində etirazçı tələbələrə müdaxilə etdiyi bildirilir.

Civilazerbaijan.com
bildirir ki, dövlət mediası və sosial şəbəkələrdə yayılan xəbərlərə görə, polisin mühasirəyə aldığı universitetdə tələbələr təhsil korpusunun avtomobil parkında sıxışıb qalıblar.

Sosial mediada paylaşılan görüntülərdə tələbələrin polisdən qaçdığı görülür və uzaqdan silah səsləri gəlir.

Digər videolarda tələbələrə dəstək məqsədi ilə universitetə getmək istəyən avtomobillərin yaratdığı sıxlıq müşahidə edilir.

Mərkəzi ofisi Londonda yerləşən Iran International xəbər kanalı polis əməkdaşlarının tələbə yataqxanalarına hücum etdiyini və orada atəş açdığını bildirib.

Şərif Texnologiya Universiteti İranda abituriyentlərin ən yüksək balla qəbul olduğu mühəndislik universitetidir. Bazar günü universitetdə yeni tədris ilinin ilk günü idi.

Ölkədəki son etiraz dalğası 22 yaşlı Məhsa Əmininin "baş örtüyünü düzgün taxmadığına" görə əxlaq polisi tərəfindən saxlanılması və onun orada şübhəli şəkildə ölməsindən sonra başlayıb.

Əmininin polis tərəfindən ağır şəkildə hücuma məruz qaldığı və aldığı zərbələr nəticəsində öldüyü iddia edilir. Polis isə Əmininin ürəktutmasından vəfat etdiyini bildirib.

Etirazlar ötən il baş verən nümayişlərdən fərqli olaraq, ölkənin bütün şəhərlərinə yayılıb.

İranın xaricində bir çox yerlərdə də iranlı qadınlara dəstək aksiyaları keçirilir.

Ölkədə etirazlarda ölənlərin sayının artmasına baxmayaraq, xüsusilə cümə və şənbə günləri küçələrə axışanların sayının artdığı müşahidə edilir.

Norveç mərkəzli ictimai təşkilat olan İran İnsan Haqlarının açıqladığı rəqəmlərə görə, 16 sentyabr tarixində Əmininin ölümündən sonra başlayan etirazlarda bugünədək 133 nəfər ölüb.

İran hökuməti aksiyaların "xarici güclər tərəfindən idarə olunduğunu" iddia edib və etirazlara göz yummayacaqlarını bildirib.

Qadınlar örpək və hicablarını yandırırlar

Ölkənin bir çox ərazilərinə yayılan etiraz aksiyalarında qadınlar örpəklərini və hicablarını tonqallarda yandırırlar.

Sentyabrın 18-dən etibarən Tehranda bir neçə universitetin tələbələri də Məhsa Əmininin ölümünə etiraz olaraq küçələrə çıxıb.

BBC Farsca xəbər verir ki, etirazlar Tehran, Məşhəd, Rəşt, Kerman, Bəndər Abbas, Qum, Kermanşah, Zəncan, Sari, Rəfsəncan və Qəzvində keçirilir. Sosial mediada həmçinin Təbrizdə etirazların baş verməsinə dair görüntülər var.

Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. Etirazlara görə bəzi mağazalar fəaliyyətini dayandırıb.

Əmininin ölümünə etiraz olaraq qadınlar şəhər küçələrində saçlarını kəsib. Bu hərəkat sosial mediada da davam edir.

BMT-nin İnsan Haqları Komitəsi Əmininin ölümü və hüquq mühafizə orqanlarının aksiyanı dağıtma cəhdlərini narahatlıqla qarşıladıqlarını bildirib.

İranın hicab qanunları nədir?

1979-cu ildə İslam İnqilabından sonra İran hakimiyyəti məcburi geyim qaydalarını tətbiq etməyə başladı ki, ictimai yerlərdə qadınlardan hicablı olmağı və bədəni gizlədən geniş geyimləri nəzərdə tutur.

Farsca "Qəşti İrşad" (İrşad patrulları) kimi tanınan əxlaq polisinin səlahiyyətlərinə digər vəzifələrlə yanaşı, hakimiyyətin hesab etdiyi "düzgün" geyimlərə nəzarət də daxildir.

Zabitlər qadınları dayandırıb, onların saçlarının nə qədər açıq olmasını, şalvar və ya paltolarının uzunluğu və ya bədənə yatmasını, habelə makiyajın çox və az olmasını yoxlaya bilərlər. Qaydaları pozmağa görə cərimə, həbs və ya şallaqlanma cəzaları verilə bilər.

2014-cü ildə qadınlar "Mənim gizli azadlığım" adlı onlayn etiraz kampaniyası çərçivəsində hicab qanunlarının pozulduğunu göstərən foto və videoları paylaşmağa başladılar.

O vaxtdan bəri bu, "Ağ çərşənbələr" və "İnqilab küçələrinin qızları" kimi, digər hərəkatlara ilham verib.

Etirazçılar nə deyir?

Hökumətə əks mövqedə dayanan "1500 Tasvir" saytının yaydığı videolara görə, Tehranın mərkəzi küçələrinin birində bir qrup etirazçı ölkənin dini lideri "Əli Xameneyiyə ölüm" şüarları səsləndirərkən, paytaxtın digər bölgələrində hüquq mühafizə orqanları aksiya iştirakçılarına qarşı hücumlar edib.

Digər videoda isə Tehrandakı nümayişlərə qoşulan qadınların hicab məcburiyyətinə qarşı hicablarını çıxardıqları görünür.

İranlı millət vəkili Cəlal Raşidi Koçi əxlaq polisinin ölkəyə ziyan vurmaqdan başqa bir işə yaramadığını bildirib.

Hangaw İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, ölkənin Kürdistan əyalətinin idarəetmə mərkəzi sayılan Sənəndəc şəhərində də Xameneyiyə qarşı şüarlar səsləndirirlər.

Əyalətin digər şəhəri Divandərədə isə etirazçılar silah səsləri arasında çevik polis qüvvələrinə daş ataraq qarşıılıq veriblər. Pave, Bane, Mehabad və Rəştdə də aksiyalar keçirilib.

Etnik kürdlərin çox olduğu Kürdistan, Kirmanşah, İlam və Qərbi Azərbaycan əyalətlərində də [etnik kürdlərin yaratdığı] siyasi partiyaların çağırışlarına cavab olaraq bir çox şəhərlərdə mağaza sahibləri fəaliyyətlərini dayandırıb.

Tələbələrin Tehran universitetində nümayişlər İsfahan Universitetinə və Əmir Qəbir, Alləmə Təbatəbai və Tarbiat Modares daxil paytaxtda yerləşən bir çox universitetlərə də yayılıb.

Şahid Beheşti universitetindəki bir tədbirdə bəzi xanım tələbələr hicab qaydalarına zidd gedərək başlarını açıb, din adamlarının idarəetməsinə son qoyulmasına yönəlik şüarlar səsləndiriblər.

İnternetin fəaliyyətini izləyən NetBlocks ölkənin bir çox əyalətlərində internetin kəsildiyini müəyyənləşdirib.

Rəsmilərin münasibəti necədir?

Tehran valisi Mohsen Mansouri etirazların ilk günlərində Tehrandakı aksiyaları təşkil edənlərin "mütəşəkkil, savadlı və planlı olduqlarını" deyib.

İran parlamentinin sədri Mohammad Baqer Qalibaf düşmənlərin hər zaman olduğu kimi bu hadisədən də istifadə edib, "ölkədə xaos və qarışıqlıq yaratmağı planlaşdırdığını" bildirib. O, Amini hadisəsinin araşdırılaraq, əxlaq polisinin fəaliyyətində zəruri islahatların aparılacağını qeyd edib.

Hökumətə yaxın olan medialar isə etirazçıları ittiham edir.

Dövlətin rəsmi yayın orqanı İran qəzeti etirazçıları "terroristlər" adlandırıb.

Fars Xəbər Agentliyi isə aksiyaları "Məhsa Əmininin xatirəsinə həsr edilən tədbirlər" olaraq təsvir edib. Tasnim xəbər agentliyi və Həmşəhri internet saytı tələbələrin Əmininin ölüm səbəblərinin üzə çıxarılmasını tələb etdiklərini yazıb.

Polis nə deyir?

Tehranın polis rəisi Hüseyn Rəhimi mətbuat konfransında Əmininin ölüm səbəbləri ilə bağlı suallara "ölümü ilə bağlı bütün ittihamlar tamamilə yalandır" deyərək cavab verib.

Rəhimi Əmininin polis bölməsində "rəhbərlik dərsində" yerə yıxılmasını göstərən və daha əvvəl media ilə paylaşılan görüntülərin daha uzun versiyasını nümayiş etdirib, lakin bu videoda da çatışmazlıqların olduğunu qəbul edib.

Polis Əmininin ölüm səbəbini ani ürək dayanması kimi izah edib.

Polisin açıqlamasına qarşı çıxanlar isə 22 yaşlı Əmininin saxlanan zaman və ya xəstəxanaya aparılan zaman aldığı zərbə nəticəsində beyninin zədələndiyini iddia edir.

Polis rəisi Rəhimi isə "xəstəxanaya aparılan zaman heç bir mübahisə və ya müqavimət olmadığını, hətta maşının içində gülüb zarafat etdiyini və onun həyatını qurtarmaq üçün hər şey etdiklərini" bildirib.

Lakin polisin açıqlaması Əmininin atasının dedikləri ilə ziddiyyət təşkil edir. Əmininin atası Amjad Amini yerli Hamminah qəzetinə verdiyi açıqlamada qeyd edib ki, "xəstəxanaya aparıldığı zaman polislər həkimlərə Məhsənin küçədə tapıldığını deyib".

Polisin üzərində nəzarət kamerasının olub-olmadığı ilə bağlı suala isə polis rəisi əxlaq polisinin bu cür kameralarla təchiz edildiyini, ancaq Əmini hadisəsində belə bir kameranın olmadığını deyib və səbəbi açıqlamayıb.

BBC-nin məlumatında qeyd olunur ki, Əmininin ölümündən sonra əxlaq polisinin ləğv edilməsinə tələblər artarkən, Rəhimi bu xidmətin fəaliyyətini "ictimai təhlükəsizlik" səbəbi ilə müdafiə edib və polisin narkotiklərə qarşı apardığı əməliyyatları nümunə göstərib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz