Ukrayna qüvvələri Xersonda bu yaşayış məntəqələrini geri alıb

Xəbərin çap versiyası
Tarix: 3-10-2022, 20:24


Rusiyaya qarşı əks-hücum əməliyyatları keçirən Ukrayna qüvvələri son günlər şərqdə əldə etdikləri uğurlara əlavə olaraq, bazar ertəsi ölkənin cənubunda Xerson bölgəsində irəliləyişlərə nail olub.

Civilazerbaijan.com
bildirir ki, Xersonda Rusiya tərəfindən təyin edilmiş rəsmilər Ukrayna ordusunun Xersondakı bəzi yaşayış məntəqələrini geri aldığını bəyan edib.

Region Rusiyanın keçən həftə qanunsuz ilhaq etdiyi dörd bölgədən biridir.

Ukrayna Prezidenti Volodimir Zelenski bazar günü gecə etdiyi çıxışında deyib ki, onun Xersondakı qüvvələri Arxanhelskoye və Mirolyubivka yaşayış məntəqələrini azad edib.

Xersonda hadisələr bazar günü Ukrayna qüvvələrinin Rusiyanın keçən həftə öz ərazisi elan etdiyi bölgədə şərqdə logistika mərkəzi olan Limana nəzarəti tam ələ keçirdiyini elan etməsindən sonra baş verib.

Zelenski öz Telegram kanalında etdiyi qısa video-çarxda "Liman tamamilə təmizləndi" deyib.

Rusiya bazar günü Limanla bağlı şərh verməyib, lakin şənbə günü Ukrayna qüvvələrinin Rusiya qüvvələrini mühasirəyə alacağından ehtiyat edərək qoşunları ərazidən geri çəkdiyini bildirib. Rusiya Limanı may ayında ələ keçirib və oradan Donetsk bölgəsinin şimalındakı əməliyyatları üçün logistika və nəqliyyat mərkəzi kimi istifadə edib.

Rusiyanın Limanı itirməsi Ukrayna qüvvələrinin keçən ay ölkənin şimal-şərqindəki Xarkiv vilayətindən keçərək, Rusiya qüvvələrini öz sərhədlərinə doğru geri itələməsindən bəri döyüş meydanında ən böyük məğlubiyyəti olub.

Ukrayna və onun Qərb müttəfiqləri tərəfindən rədd edilən ilhaq iddiaları ilə yanaşı, Rusiya prezidenti Vladimir Putin keçən ayın sonunda Rusiya qüvvələrini gücləndirmək üçün ehtiyatda olan 300 min əsgərin səfərbər edilməsi barədə göstəriş verib.

Sərəncam Rusiyanın bəzi bölgələrində etirazlara və ölkədən qaçan insanların sərhədlərdə uzun növbələr yaratmasına səbəb olub.

Rusiyanın Xabarovsk vilayətinin qubernatoru bazar ertəsi bildirib ki, səfərbər olunan şəxsi heyətin yarısı çağırış tələblərinə cavab vermədiyinə görə, evə göndərildikdən sonra bölgənin hərbi komissarı tutduğu vəzifədən uzaqlaşdırılıb, Amerikanın Səsinin məlumatında qeyd olunur.

Qubernator Telegram videosunda komissarın işdən çıxarılmasının ümumi səfərbərlik planına təsir etməyəcəyini bildirib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz