Saltuk Düzyol: TANAP-ın tikintisində 10 minədək işçi çalışır
Tarix: 20-04-2017, 14:52
Trans-Anadolu qaz boru kəmərinin (TANAP) inşasına hazırda 10 minədək işçi cəlb olunub.
SİVİL.AZ xəbər verir ki, bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib.
“Boru kəmərinin inşası çərçivəsində TANAP-ın işçiləri də daxil olmaqla, podratçı şirkətlərin düşərgə sahələrində və kompressor stansiyalarının tikintisində 8 min 672 nəfər çalışır. Bundan əlavə, tikinti sahələrində və Ankaradakı mərkəzi ofisdə TANAP-ın 969, London və Mumbaydakı ofislərdə isə 25 əməkdaşı işləyir. Bununla da, boru kəmərinin tikintisinə cəlb olunanların sayı 9 min 666 nəfər təşkil edir”, - deyə TANAP-ın baş direktoru bildirib.
S.Düzyol əlavə edib ki, TANAP-ın inşası üzrə hazırda Faza-0 (yəni 2018-ci ilin iyununda Türkiyəyə ilk təbii qazın verilməsi üçün görüləcək işlər) və Faza-1 (2019-ci ilin sonunda Avropaya təbii qazın verilməsi üçün tamamlanması nəzərdə tutulan işlər) çərçivəsində ölçmə (MS1, MS2, MS3 və MS4) və kompressor stansiyalarının (CS1 və CS5) tikintisi aparılır. TANAP tərəfindən tədarük edilərək podratçı şirkətlərə veriləcək əlavə xərc tələb etməyən materiallar və avadanlıqlar da tikinti meydançasına gətirilir. Bundan başqa, borunun çəkilməsi üçün materialların gəlməsi ilə birlikdə borubükmə avadanlıqlarının emalı işlərinə də başlanılıb.
Xatırladaq ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortalarında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinə tələb olunan kapital xərcləri 8,5 milyard ABŞ dollarıdır. Layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1334 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 450 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının layihədəki payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər