Alternativ fikir söyləyən xalq düşmənidir?

Xəbərin çap versiyası
Tarix: 2-05-2020, 13:34
Alternativ fikir söyləyən xalq düşmənidir?


Dünya ictimaiyyəti mayın 3-də Beynəlxalq Mətbuat Azadlığı Gününü qeyd edir.

Azərbaycan hökuməti beynəlxalq qurumlar qarşısında mətbuat azadlğını təmin edəcəyi ilə bağlı öhdəliklər götürüb. Ölkə son bir ildə beynəlxalq mətbuat azadlığı reytinqində iki pillə geriləyərək 180 ölkə arasında 168-ci yerdə qərarlaşıb. Bu mənada Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda mətbuat azadlığı sahəsindəki problemlərdən danışıb.


CiviAzerbaijan.com həmin müsahibəni təqdim edir:

- Azərbaycan beynəlxalq mətbuat azadlığı indeksində iki pillə geriləyərək 168-ci yerdə qərarlaşıb. Sizcə Azərbaycanın mətbuat azadlığı indeksində geriləməsinin səbəbləri nədir?

- Bunun səbəbləri uzun illər Azərbaycanda olan vəziyyətin nəticəsidir. Yəni, mətbuatda gedən proseslər, dövlət tərəfindən mətbuata olan münasibət və ümumiyyətlə siyasii sistemin mətbuata qarşı olan xüsusi maraqlarıdır.

- Hökumətin mətbuata münasibətində müsbətə doğru dəyişikliklər hiss edilirmi? Son dövrlər bu sahədə aparılan kadr siyasətinə münasibətiniz necədir?

- Mən deməzdim ki, müsbət dəyişikliklər baş verir. Uzun illərdir Azərbaycanda iqtidarın mətbuata münasibəti ondan ibarət idi ki, ona nəzarət etsin. Mümkün qədər təsir etsin, ələ alsın və idarə etsin. Bu sahədə müəyyən nəticələr də əldə edilmişdi. Yəni, müstəqil mətbuatın sayı sıfıra yaxındır. Lakin parodoks ondan ibarətdir ki, buna nail olsalar da, hansısa bir anda hökumətdə anladılar ki, əslində, bu, iqtidarın əleyhinədir. Mətbuata münasibət belə idi ki, mətbuata nəzarət ona görə lazımdır ki, ictimai rəyi formalaşdırsın. Lakin ona baxmayaq ki, mətbuat demək olar ki, tamamilə idarə olunurdu, onun ictimai rəyə təsiri sıfıra yaxın idi. Yəni, Azərbaycan telekanalları və yaxud Azərbaycan mətbuatı qalmışdı bir kənarda, əsas informasiya mənbəyi internet, sosial şəbəkə və xarici televiziya kanalları olmuşdu. Bunları isə idarə etmək və yaxud təsir etmək çox çətindir. Ona görə də müəyyən dəyişikliklərlə, islahatlarla, kadr dəyiçiklikləri ilə bağlı bəyanatlar səsləndirildi. Bunlar ona yönəlib ki, mətbuata nəzarəti mümkün qədər qaytarsınlar. Bu da indiki vəziyyətdə, indiki siyasətlə, indiki `proqramlarla` mümkün deyil.

- Sosial medianın durumunu necə qiymətləndirərdiniz? Bu sahədə müsbətə doğru hansı addımlar atılır?

- Sosial media öz-özünə yaşayır, öz-özünə inkişaf edir. Bu sahə nəzarətdən tamamilə kənardadır. Burada da hansısa bir təklif, ideya yoxdur, özünü göstərmir. Yalnız, bir müddət əvvəl sosial media söyüş meydanına çevriləndən sonra iqtidar birdən-birə oyandı və müxtəlif çağırışlar etdi ki, bunu dayandırmaq lazımdır, bu qarayaxmadır, bizə yaraşmaz və sairə. Lakin onun da heç bir nəticəsi olmadı. Çünki, bu, əslində siyasi media, mətbuat problemi deyil. Bu, ölkədə gedən siyasi qarşıdurmanın bir təzahürüdür.

- Ölkə hökumətinin beynəlxalq media qurumlarına münasibəti necədir? Yadınıza gəlirsə, vaxtı ilə Azərbaycanda dünyada qabaqcıl media qurumlarının ofisləri, müxbir məntəqələri, çəkiliş qrupları var idi? Bu sahədə durumu necə qiymətləndirərdiniz?

- Söhbət ondadır ki, Azərbaycanda iqtidarın mətbuata münasibəti sırf siyasi baxımdan qiymətləndirilir. Yəni, mətbuat sanki siyasi mübarizənin bir elementidir. Bu mübarizədə uduzmamaq üçün iqtidarın apardığı siyasət ondan ibarətdir ki, medanı mümkün qədər bloklamaq, hansısa bir çərçivəyə salmaq. Əvvəl, dediyim kimi idarə etmək. Azad medianın ölkədə yeri, sahəsi ilbəil məhdudlaşır, azalır, çətinləşir. Xarici donorlarla işləmək faktiki olaraq qadağan edilib. Ölkədə olan beynəlxalq donor qurumları qovulub. Onların ölkəyə qayıtması və yaxud hansısa bir şəkildə yerli media ilə işləməsi maksimum dərəcədə məhdudlaşdırılıb. Ona görə də müsbət mənada hansısa bir inkişaf, dəyişiklik olması barədə proqnoz vermək çətindir. Bu gün açıq-aşkardır ki, ölkədə müstəqil mətbuat üçün klassik mənada bir perspektiv yoxdur. Əsas fikir sosial mediaya keçib. Bu gün Azərbaycanda əsas media iki dənədir, biri facebook-dur, biri də yotube-dir. Azərbaycanda facebook-un bir milyondan çox istifadəçisi var. Yotube-də onlarala `telekanllar` yayılır. Bir-iki nəfər, özlərini bloger adlandıran adamlar və yaxud həqiqətən bloger olan jurnalist kanal açır və orada çəkdiyini, yazdığını, müraciətini yerləşdirir. Buna heç kim təsir edə bilmir, qarşısını ala bilmir. Həmin, bu kanallar, eyni ilə də facebook, bir qədər də instaqram artıq əhalinin, ictimaiyyətin informasiya almaq mənbəyinə çevrilib. Bu gün, televiziyalara heç cür yol tapa bilməyən siyasi xadim, müxalifətçi facebook, yotube vasitəsi ilə açıq-aşkar on minlərlə, yüz minlərlə, milyonlarla insalarla ünsiyyət qura bilir. Bu da onu göstərir ki, iqtidarın indiyədək bu sahədə apardığı siyasət iflasa uğradı. Əgər burada müsbət dəyişiklik istəyiriksə ilk növbədə cəmiyyətdə olan mühit dəyişməlidir. Yəni, vətəndaş birliyi, razılaşma, hansısa bir barışıq olmasa mətbuatda olan vəziyyət də dəyişməyəcək.

- Media azadlığı indeksinin müsbət mənada dəyişilməsi üçün nə edilməlidir?

- Mən artıq o suala cavab verdim. Birincisi siyasi iradə lazımdır. Yəni, iqtidar razılaşmalıdır ki, cəmiyyətdə alternativ fikir ola bilər. Alternativ fikir söyləyən, tənqid edən xalq düşməni deyil. O iqtidarla razı olmaya bilər, hakimiyyətə gəlməyə can ata bilər. Amma, onu buna görə düşmən adlandırmaq, onu təqib etmək, bu mütləq və mütləq indiki vəziyyətin davamı deməkdir. Müsbət dəyişikliyiyn olması üçün, bir sözlə desək, demokratikləşmək lazımdır. Söz azadlığı verməliyik. Mətbuat gərək biznes növü kimi azad olsun. Mətbuatı dotasiyada saxlayıb, ilbəil onlara milyonlarla pul ayırıb susdurmaq, bu, mətbuata dəstək deyil. Həmin o qəzetlər, həmin o saytlar eyni şeyləri günbəgün təkrar edir. Minlərlə trolların saxlanılması, bu, hansısa bir ideyanın, siyasi mübarizənin elementi kimi tamamilə mənasız və xeyirsiz bir iş idi. Əgər, sən bu yolu seçirsənsə, mətbuatı bu cür təsəvvür edirsənsə, onun inkişafını bunda görürsənsə, bu o deməkdir ki, heç bir müsbət dəyişiklik olmayacaq. Ona görə, yenə də deyirəm, dəyişklik üçün siyasi iradə lazımdır. Bu olmasa hansısa bir ciddi dəyişiklik gözləmək olmaz.

Qeyd: Azərbaycan hökuməti ölkədə mətbuat azadlığının tam təmin edildiyini bildirir. Dövlət rəhbərləri ölkədə mətbuata ciddi yardımlar edildiyini, media işçilərinə dövlət hesabına tikilmiş mənzillər bağışlandığını, dövlət qayğısı ilə əhatə oludnuğunu bəyan edir. Bununla yanaşı, rəsmi Bakı media azadlığı ilə bağlı beynəlxalq və yerli tənqidləri qəbul etmir, qərəzli sayır.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz