Ali təhsil haqqında qanunda hansı dəyişikliklər olacaq? - AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 19-01-2022, 18:21


Azərbaycanda ali təhsil ahqqında yeni qanun qəbul ediləcək. Müvafiq qanun layihəsi bu günlərdə parlamentin müzakirəsinə çıxarılacaq. Hazırda 2009-cu ildə qəbul edilmiş ümumi "Təhsil haqqında" qanun qüvvədədir.

CivilAzerbaijan.com
bildirir ki, parlamentin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Turan-a söyləyib ki, hər il təhsildə müxtəlif inkişaf gedir, dünyanın ayrı-ayrı ölkələrdə öz təhsil sistemlərinə yenidən baxılır. "Azərbaycanda da artıq bir müddətdir "Ali Təhsil haqqında" ayrıca bir qanuna zərurət yaranmışdır ki, ali təhsilimiz bu qanunla tənzimlənsin".

Onun sözlərinə görə, bir müddətdir parlamentin Elm və Təhsil komitəsində işçi qrupu yaradılmışdı və bu işçi qrupu yekun olaraq qanun layihəsini hazırlayıb və bunu ayrı-ayrı qurumlarla müzakirə edib. "Sənəd artıq hazırdır".

Komitə üzvü qeyd edib ki, qanun layihəsinin əvvəlində ali təhsillə bağlı anlayışlara aydınlıq gətirilir. "Ali təhsillə bağlı müəyyən terminlər işlədilir. Bu məsələlər burda əksini tapıb. Bir çox məsələlər var. Qanunda bizim üçün ən önəmli məsələlərdən biri, hansı ki, bir təklif kimi nəzərdən keçirilir, bakalavrların təhsil müddəti 3 il, magistratura üçün isə 1 il olmasıdır. Dünya təcrübəsində belə bir praktika var".

Lakin onun fikrincə, bunun birdən-birə tədbiqi hazırda qeyri-mümkündür. "Bu, uzun bir prosesdir. Burada kredit sistemi var, burada proqramlar məsələsi var. Gələcəkdə zərurət yaranarsa, müəyyən prosedurlar həyata keçirildikdən sonra baxıla bilər".

Onun sözlərinə görə, qanunda ən vacib məqamlardan biri məsafədən təhsil alınmasıdır. "Bir neçə ildir dünyada tədris distant üsulu ilə aparılır. Bizim qanunda da məsafədən təhsil məsələsi öz əksini tapıb".

Onun vurğulamasına görə, təhsilin mərhələləri ilə bağlı burada çox mühüm məsələlər var. "Bakalavr, magistratura, doktorantura, əlavə təhsil mərhələlərində keyfiyyətin təmin olunması məsələsi orada öz əksini tapıb. Bu gün ən vacib məsələlərdən biri tədqiqat universitetlərinin yaradılmasıdır və universitetlərin tədqiqatlara geniş yer verməsidir".

Məmmədov bildirib ki, qanunda həmçinin sosial yataqxanalar da nəzərdə tutulur. "Uzun illərdir Azərbaycanda müxtəlif obyektiv və subyektiv səbəblərdən tələbə yataqxanaları ilə bağlı bir sıra problem hər il yaşanır. Bu baxımdan nəzərdə tutulur ki, hər hansı universitet yaradılarkən mütləq onun yataqxanasının olması şərti irəli sürülsün. Bundan əlavə, tələbələrimizin gələcəkdə yataqxana ilə təminatının gücləndirilməsi üçün sosial yataqxanalar məsələsi nəzərdə tutulub".

Diplomların tanıması məsələsi də qanunda öz əksini tapıb.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə bildirib ki, ayrıca "Ali Təhsil haqqında" Qanuna ehtiyac var. "Çünki hazırda ali təhsilə aid olan məsələlər "Təhsil haqqında" Qanunla və Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Ona görə də bəzi məsələlər mübahisəli olur".

Onun fikrincə, qanun layihəsi yaxşı hazırlansa da, hələ də redaktəyə ehtiyac var. "Müəyyən qədər çatışmazlıqlar var. Amma yeni qanun ali təhsilin inkişafına təsir göstərəcək. Çünki orada ali təhsil müəssisələrinin müəyyən müxtariyyəti, ạli təhsil müəssisələrinin idarə edilməsi, rektorların təyinatı kimi məsələlər öz əksini tapıb. Hazırda isə bu olmadığına görə problemlər yaşanır".

Ekspert hesab edir ki, qanunda universitetlərin beynəlxalq əməkdaşlığı, müəyyən qədər tələbə qəbul qaydalarında ali məktəblərə müstəqilliyin verilməsi məsələləri də öz əksini tapmalı idi. "Bunlar layihədə öz əksini tapmayıb, amma inkişaf üçün bu, mütləq olmalıdır".

Tələbə Güc Mərkəzi İB sədri Fərid İmanov isə "Ali Təhsil haqqında" Qanun layihəsinin də digər islahat adı altında verilən qanun kimi manipulyasiya xarakterli qanun olduğunu düşünür. "Məlumdur ki, Azərbaycan təhsilində fundamental və Təhsil Nazirliyinin həll etməkdə maraqlı olmadığı problemlər var. Və bu problemləri manipulyasiya etmək üçün bu tip qanunlar gündəmə gəlir. Üstəlik, bu tip qanunları da dünya standartlarına uyğun ad altında qəbul edirlər".

O, qanunda qeyd olunan təhsilin keyfiyyətinin artırılması, təhsil müəssələrinin idarə olunması və diplomların tanınması məsələsinin heç də bu qanunla dünya standartlarına uyğun olacağını gözləmədiyini qeyd edib. "Əgər ki, dövlət və Təhsil Nazirliyi təhsil müəssisəsinin idarə edilməsi məsələsində dünya standartlarına uyğun bir qanun qəbul etmək istəyirsə, rektorun tələbələr tərəfindən seçilməsi ilə bağlı qanun qəbul edilməlidir, halbuki, universitetlərdə nəinki rektoru, hətta sinif nümayəndəsini belə tələbələr özü seçə bilmir".

İmanov qeyd edib ki, qanun müzakirə olunarkən qeyd olunub ki, ali təhsil hər bir tələbə üçün əlçatan olmalıdır. "Bəs, necə olur ki, bu təhsildən 80 faiz hallarda ödəniş ödəyə bilənlər və maddi vəziyyəti yerində olan tələbələr yararlana bilir? Dünya standartlarına uyğun bir təhsildə, dövlət universitetlərində təhsil pulsuz deyilsə, bu qanunun sadəcə manipulyasiya olduğu açıq-aydın ortadadır".

O vurğulayıb ki, pulsuz təhsil, yaşam təqaüdü kimi tələbənin yaşam standartlarında önəmli rol oynayan məsələlər müzakirə olunmadan təhsilin keyfiyyətini müzakirə etmək gülüncdür. "Dövlət ciddi islahatlara getmək istəyirsə, ödənişsiz təhsil, yaşam təqaüdü və rektorun seçkili olması kimi ciddi məsələləri müzakirə etməlidir".

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz