Sülh sazişinin iki variantı var - ARMEN QRİQORYAN

Xəbərin çap versiyası
Tarix: 9-12-2022, 13:32


Qarabağ məsələsi sülh sazişi çərçivəsində tənzimlənəcək, yoxsa bundan ötrü ayrıca beynəlxalq mexanizm yaradılacaq – bu haqda yekun qərar yoxdur.

Civilazerbaijan.com
bildirir ki, bu barədə AzadlıqRadiosunun erməni xidməti – Azatutyun bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana istinadla yazır. Qriqoriyan deyib ki, erməni tərəfi hazırda bu məsələni anlamağa çalışır.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib. Prezident İlham Əliyev Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını bildirir.

Vaşinqton görüşündən sonra

“Vaşinqtonda mənimlə Azərbaycan prezidentinin köməkçisi (Hikmət Hacıyev) ilə görüşdən sonra beynəlxalq mexanizmin yaradılması, Dağlıq Qarabağ və Azərbaycanın Dağlıq Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə etməsi üzrə razılıq əldə olunub. O vaxtdan bu mexanizmlə bağlı aydınlıq yoxdur. Bunu sülh sazişi çərçivəsində edəcəyik, yaxud ondan kənarda, bu da bəlli deyil. Sülh sazişində müəyyən ifadələr var ki, onlara əsasən Azərbaycanın dəqiqləşdirmədən Dağlıq Qarabağ haqda danışdığını güman etmək olar. Ermənistan tərəfin yanaşması budur ki, Dağlıq Qarabağa hər hansı eyham varsa, bunu ya aydın göstərmək lazımdır, ya da ayrıca beynəlxalq mexanizm yaradılmalıdır”, – Qriqoryan vurğulayıb.

Dövlət rəsmisi Ermənistanın hazırda Azərbaycanın təqdim etdiyi sülh sazişinin mətni üzərində işlədiyini, öz qeydləri ilə qaytaracağını deyib. O, Azərbaycanın hansı müddəalar irəli sürdüyünü açıqlamasa da, bunların elə öncəki 5 müddəa, ancaq daha açıq olduğunu bildirib.

Azərbaycanın bu ilin əvvəlində təqdim etdiyi beş maddə iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, ərazi bütövlüyünə təhdiddən çəkinməyi əhatələyirdi.

İki variant

“Ermənistan hakimiyyəti ilin sonunadək sülh sazişinin tərtib olunmasından ötrü səylərini əsirgəmir. İlin sonunadək bunu etmək alınacaqmı, bunu demək çətindir, amma işi davam etdiririk”, – Qriqoryan söyləyib.

İlin sonunadək sülh sazişinin əldə olunmasının mümkünlüyü haqda həm Ermənistan, həm də Azərbaycandan bəyanatlar səslənmişdi.

Bundan başqa, sazişlə bağlı Qərbin və Rusiyanın təkliflərinin olması haqda açıqlamalara gəlincə, Qriqoryan deyir ki, sülh sazişinin iki variantı var: birini Rusiya, digərini Azərbaycan təklif edib, ancaq Qərb paytaxtlarından hər hansı sənəd layihəsi almayıblar. Rusiyadan Qarabağ məsələsini gələcək nəsillərə saxlamaq bəyanatları səslənmişdi. Bu, sərfəli variantdırmı, bu paket niyə üç ölkə liderinin 31 oktyabr Soçi görüşündən sonra açıqlanmış bəyanata salınmadı? Qriqoryan bu sualı Rusiyadan soruşmağı məsləhət görüb.

“Soçi görüşündən öncə ictimai və qeyri-ictimai şəkildə Rusiya paketinin Soçi bəyanatına salınmasını təklif etdik. Soçi bəyanatında bu qeyd olunmadı, bunu Rusiyadan soruşmaq düzgün olardı”, – o deyib.

Aİ missiyası uzadılacaqmı?

Qriqoryan Ermənistan tərəfinin Avropa İttifaqının ölkə ərazisindəki mülki missiyasının uzadılması barədə müraciət edib-etmədiyini konkret deməyib. Belə bir missiyanın göndərilməsinə qanlı sentyabr sərhəd toqquşmalarından sonra qərar verilib. Toqquşmalarda üst-üstə 300-dək hərbçi həlak olub. Missiya yerləşdiriləndən sərhəddə ciddi qarşıdurma yaranmayıb. Yerevan bu missiyanın Azərbaycanı çəkindirdiyini bildirir.

Qriqoryan deyib ki, missiyanın uzadılması yaxşı olardı, Ermənistan Aİ-nin belə bir addımı alqışlayardı. Aİ missiyasının müddəti 12 günə başa çatır.

Azərbaycan həmin toqquşmalarda Ermənistan ərazisinə müdaxilə ittihamlarını rədd edib, sərhədlərin delimitasiya olunmadığını əsas gətirib.

Azərbaycanla Ermənistan arasında ötən ilin dekabrından Brüsseldə Avropa İttifaqının vasitəsi ilə sülh danışıqları aparılır. ABŞ da bu prosesi dəstəkləyir.

Rusiya isə Azərbaycanla Ermənistan arasında ayrıca danışıqlar təşkil edir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz