"Keşişlə müsəlmanın davası" - Aslan Quliyevin hekayəsi
Tarix: 28-09-2017, 01:00
Aslan Quliyev
Keşişlə müsəlmanın davası
hekayə
Artırmada masanın arxasında oturmuşdu. Suda qanadılmış kartofdan yeyir, araq içirdi. Cənubdan əsib gələn külək uzun saqqalını yelləyir, özüylə isti çöllərin qoxusunu gətirib otağa doldururdu. Ağacların arasıyla gələn montyoru görəndə qanı qaraldı. Əlini yelləyib araq stəkanını başına çəkdi.
Montyor artırmaya qalxdı, ona baxıb heyrətlə qaşlarını çatdı, salam vermədən keçib ondan bir az aralıdakı kobud taxta kətildə oturdu. Onu məzəmmətləyirdi. «Sən heç utanırsan? Ramazan ayı, oruc tutmamağın bir yana, hələ bir müsəlmanların müqəddəs ayında araq da içirsən!» «Mənə nə sizin ramazanınızdan? – sifətini turşutdu. – Haçandan bir xristian müsəlmanların ramazan ayında oruc tutub? Xristian nə anlar ramazandan, ya orucluqdan?»
- Xristian?- montyor gözlərini bərəltdi.
- Hə də.
- Hansı xristian?
- Qarşındakı, - uzun saqqalını sığallayaraq dedi.
- Sən? – montyorun heyrəti sonsuz idi. – Sən haçandan xristian oldun?
Təzədən stəkanına araq süzüb içdi, bir müddət montyora cavab vermədi. Kartof yedi, saqqalını bir də tumarladı və montyora dedi:
- Mənim balam, mən həmişə montyorların cahil olduqlarını düşünmüşəm. İndi bir daha yanılmadığıma əmin oluram. Mən nəyə görə haçandan xristian olduğumu sənə deməliyəm? İnsan azadlığı var, düşüncə azadlığı var. Gördüm müsəlman olmaq istəmirəm, mənə sərf eləmir, xristian olmağı qərara aldım və oldum.
- Heç utanırsan? – montyor hirsindən qızarmışdı. – Demək, satqınçılıq elədin?
- Mənim balam, coşma, - astadan dedi, - mən satqın deyiləm. Amma babalarım satqın olublar. Ərəbin əyri qılıncını görən kimi dinlərindən imtina eləyib, müsəlmançılığı qəbul eləyiblər. Mənsə öz əcdadlarımın dininə qayıtmışam. Sənin başın boşdur, cahilsən, ona görə. Amma hər halda bunca sadə həqiqətləri dərk eləmək sənin üçün çətin olmaz.
- Sərxoş it! – montyor hirslənmişdi. – Sən satqınsan!
- Mənə it deyə bilməzsən, - başını yırğaladı, - sən mənə ata deməlisən. Həm də müqəddəs ata.
- Ata?! – montyor yenə də gözlərini bərəldirdi. Mənə bala-filan demə! – hirslənmiş montyor qışqırdı. – Mən hardan sənin balan oluram?
- Dedim axı, sən cahilsən, bilmirsən. Keşişə müqəddəs ata deyə müraciət eləyirlər.
- Keşişə? – montyorun ağzı qulağının dibində dayanmışdı, başını əsdirirdi.
- Hə, keşişə.
- Hardaymış o keşiş?
- Qarşında, - sakitcə dedi.
- Sən haçandan keşiş oldun?
- Allahım mənə səbir ver, bu uşaq məni dəli eləyəcək. Mənim balam, mən nəyə görə sənə haçandan keşiş olmağımı deməliyəm? Bir halda bu kənddə xristian varsa, onun keşişi də olmalıdır.
Montyor hirsindən və heyrətindən özünü ələ ala bilmirdi:
- Gözünün içinə qədər yalan danışırsan! Hanı sənin xaçın? Hanı sənin cübbən? Hanı sənin İncilin? Oturub müsəlmanların müqəddəs ayında araq gillədir, xristian olubmuş, keşiş olubmuş. Sərxoş it, sən kimi aldadırsan?
Saqqalını eşələyib arasından iplə boynundan asdığı, köndələninə üst-üstə sarınmış iki odun parçasını göstərdi:
- Bu saqqalım, İncil evdədir, cübbəm də olacaq. Sənə dedim axı. Mənim balam, sən kilsədə, Allahın evində söyüş söyə bilməzsən!
- Kilsədə? – montyor təzədən dartınıb durdu.
- Hə, - başıyla təsdiqlədi.
- Hardaymış o kilsə?
- Mənim balam, sən həm cahilsən, həm də qanmaz! Oturubsan kilsədə, soruşursan, kilsə hardadır?
- Bu daxma kilsəymiş? Montyor heyrətdən ağzını yuma bilmirdi. Mən bəlkə də, cahiləm, amma qanmaz deyiləm. İki taxta parçasını bir-birinin üstünə yapışdırıb, bəs bu bunun xaçıymış. Bəs bu kilsənin zəngi hanı?
Kişi boylanıb artırmanın tirindən asılan keçmiş məktəb zəngini göstərdi.
- Bu da zəng.
- O məktəb zəngidir! – montyor qışqırırdı.
- Nə olsun? – çiyinlərini çəkdi. – Zəngdir, ya yox?
- Zəngdir, amma kilsənin zəngi o boyda olar?
- Mənim balam, bu kənddə hələlik bir xristian yaşayır, bir dənə də kilsə var, bu zəng həmən o bir dənə xristianı ibadətə çağırmaq üçün tamami ilə kifayət eləyir. Xristianların sayı artarsa, daha möhtəşəm kilsə tikmək imkanımız olarsa, onda sifariş verib böyük zəng gətirdərik.
- Sənə dedim axı mənə bala demə!
- Mən sənə mənim balam deyə müraciət eləməliyəm, sən də mənə ata deməlisən.
- Nə? Mən doğma atama əməlli-başlı ata deməmişəm, qalıb sənə ata deyəm! Kilsəsinə bax bu sərxoşun! Bu nə cür kilsədir, Allahın evidir ki, sən Allahın evində araq içirsən?
Kişi təəssüflə gülümsəyərək başını yırğaladı, saqqalını tumarlayıb təzədən özünə araq süzdü. Arağını içib, üzünü montyora tutdu: «Mənim balam, dedim axı, sən cahilsən. Cahillər təkcə dünyadan yox, elmdən də xəbərsiz olarlar. Bura məscid yox, kilsədir. Xristianların müqəddəs məkanı, xristianların Tanrısının evidir. Biz müsəlmanlardan fərqli olaraq şərab içməkdə qəbahət görmürük. Tam əksinə, kilsəyə gələnləri şərab və çörəklə qarşılayırıq. Bizim üçün çörək də müqəddəsdir, şərab da. Hər kilsənin özünün şərab ehtiyatı olur. Xətrimiz istəyəndə özümüz də içirik, kilsəmizə gələnləri də qonaq eləyirik. Yaxşı olar müsəlmanlar öz işlərinə qarışsınlar, içmirlər, içməsinlər, onlara kimsə zorla şərab içirtməyəcək. Amma durub bir xristiana da irad tuta bilməzlər, sən niyə şərab içirsən, ya harda içirsən, deyə!»
Bu yenə mənə balam dedi, montyor qəzəblə düşünürdü, neyleyim indi? Vurum bunu öldürümmü? Bəlkə elə doğrudan da xristiandır, keşişdir, bu daxması da kilsədir? Onda xristianı vurub kilsədə öldürüb deyə dərimə saman təpərlər, aləm qarışar.
«Mənim balam, - kişi sözünə davam elədi, - cahillər elm, din adamlarıyla qarşılaşanda, onların ağıllı məsləhətlərinə qulaq asanda, onları dinləyəndə, çox vaxt ağıllanır, haqq, elm yoluna qayıdır, cəhalətdən, fanatiklikdən əl götürürlər. Mən sənin də günlərin birində haqq yoluna qayıdacağına, babalarının dinini qəbul eləyib xristian olacağına əminəm».
- Heç vaxt! – montyor qətiyyətlə dedi. – Mən satqın ola, dinimdən imtina eləyə bilmərəm!
- Mənim balam, o sənin öz işin. Məndən demək. Amma günlərin birində saçından yapışaraq başını yuxarı qaldırıb, «Allahu Əkbər!» deyə bıçağı boğazına çəkəndə sənə deyərəm.
- Əcəb yerdə axşamladıq, - montyorun rəngi saralmışdı, - başımı niyə kəsirlər?
- Minlərlə adamın başını niyə kəsirlərsə, səninkini də ona görə kəsəcəklər. Yəni ayılmasan, vaxtında seçimini eləməsən.
Montyor əl-ayağa düşmüşdü, ayağa qalxdı. Sən o qədər danışdın, mənim başım hərləndi, başımda hər şey bir-birinə qarışdı. Bunlar sənin öz işin, səni düşündürər, mənə dəxli yoxdur. İstəyirsən xristian ol, istəyirsən, xaçpərəst. Mənim pulumu ver, çıxım gedim. Sayğacın üstünə baxmışam, altmış manat verməlisən.
- Tanrım, məni cahillərdən qoru! – kişi əllərini göyə açıb dedi. – Mən başa düşmürəm, sənin ağlın çatmırsa, bu qədər nadan və cahilsənsə, pul yığmaq kimi mühüm işi sənə necə tapşırıblar? Bəs sənin dövlətin bütün kilsələri işıq, qaz, su pulundan azad elədiyindən xəbərin yoxdur?
- Kilsələri azad eləyib, - montyor mızıldandı, - amma bu…
- Nədir, kilsə deyil?
- Kilsəymiş, mən hardan bilim? - montyor özünü itirmişdi.
- Bilmirdin, artıq bildin.
Montyor çaşıb qalmışdı, neyləyəcəyini bilmirdi. Nəhayət dilləndi:
- İcazənizlə mən gedim, - dedi. - Deyin, sizin üçün nə iş görə bilərəm?
Kişi saqqalını tumarladı, mənim balam, dedi, sən mənim üçün nə iş görə bilərsən? Hə, bilirəm, bir halda sən gəlibsən, tezliklə burda su, qaz pulu yığanlar da pöhrə verəcəklər. Onları da başa sal, gəlib zəhləmi tökməsinlər. Məni cahil, nadan suallara cavab vermək məcburiyyətində qoymasınlar.
- Oldu, müqəddəs ata, - deyə montyor təzim eləyərək çıxdı.
Montyor yellənən taxta pilləkənlə həyətə düşdü. Qayıdıb artırmasının tirindən məktəb zəngi asılmış kasıb daxmaya baxdı və əllərini göyə açdı:
- Tanrım, mənə doğru yol göstər, - dedi.
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər