“Rus elmi cəmiyyəti Lütfi Zadənin elmi nəzəriyyəsini qəbul etmədiyi üçün indi də peşmandır” - Akif Musayev

Xəbərin çap versiyası
Tarix: 27-09-2017, 12:54
“Rus elmi cəmiyyəti Lütfi Zadənin elmi nəzəriyyəsini qəbul etmədiyi üçün indi də peşmandır” -


SİVİL.AZ AMEA-nın müxbir üzvü, Azərbaycan Universitetinin sabiq rektoru, professor Akif Musayevin Moderator.az-a müsahibəsini təqdim edir.

- Akif müəllim, az qala, bütün media, sosial şəbəkələrdəki istifadəçilərin hamısı Lütfi Zadədən danışır….

- Məsələ ondadır ki, Lütfi Zadə haqqında nə onun elmi yaradıcılığı , nə də şəxsiyyəti ilə bilavasitə tanış olan adamlar danışmır. Elə bil, hamı ümumi informasiya axınına düşüb, bildi-bilmədi, hərə bir fikir deyir. Halbuki, hallanan fikirlərin heç biri onu xarakterizə etmir. Lütfi Zadə haqqında 1970-ci illərdən-tələbəlik vaxtlarından məlumatım var idi. Riyaziyyat ixtisası üzrə təhsil almışam. 1971-76-cı illərdə Moskvada aspiranturada oxuduğum zaman birbaşa onun nəzəriyyəsi ilə tanış olmuşam. 1994-cü ildən isə artıq onun nəzəriyyələrinə həsr olunan konfranslarda ardıcıl iştirak etmişəm. Bir çoxunda Zadə ilə birbaşa ünsiyyətdə olmuşam. Bu mövzuda iştirak etdiyim ilk konfrans 1994-cü ildə Təbrizdə keçirildi. Amma Zadənin özü orada iştirak etmədi. 1996-cı ildə Almaniyanın Ziggen Universitetindəki konfransa isə Zadənin özü də gəlmişdi. O vaxt biz onunla xeyli ünsiyyətdə olduq. Daha sonra Helsinki, Antalya və bir çox şəhərlərdə keçirilən konsfranslarda görüşdük.

- Elmi konfranslarda dünyanın ayrı-ayrı ölkələrindən gələn alimlərin görüşməsi təbiidir. Bəs, Lütfi Zadə ilə nə zaman daha yaxından tanış olmaq və onu bir şəxsiyyət kimi kəşf etmək imkanınız oldu?

- 2008-ci ildə çalışdığı Berkli Universitetində Zadənin qonağı olmuşam. Üç gün ərzində Zadə ilə daha da yaxından tanış olmaq imkanım yarandı. Berkli Universitetində restoran var idi. Nahara getdik, restoran zalında bütün masalar dolu idi. Amma bir dördnəfərlik dəyirmi masa boş idi, məxsusi olaraq, Zadə üçün saxlanmışdı. Biz də gəlib orada oturduq. Mənim üçün maraqlı və qeyri-adi bir hadisə baş verdi. 1967-ci ildən elmlə məşğulam. Amma ilk dəfə olaraq bu cür maraqlı halla qarşılaşdım: Zadə nahar edən zaman iki nəfər öz elmi məqalələrinin təqdimatını edirdi. İndi görün necədir: başqa vaxtı onun zamanının almaq mümkün olmadığı üçün onlar da bu nahar fasiləsindən istifadə edib, öz elmi işlərinin təqdimatını keçirirdilər. Zadənin özü buna icazə vermişdi. Elə nahar zamanı da diqqətlə onları dinləyirdi.

- Zadə ilə görüş zamanı sizi təəccübləndirəcək nə kimi məqamlar oldu?

- Onunla fars restoranına getdik. Mətbuatda bir dəfə hallanıb ki, Zadənin plovdan xoşu gəlir. Bu, həqiqətən də belədir. O, bizi plova qonaq etdi. Onun davranışını, yeməyini diqqətlə izləyirdim. Böyük boşqabda plov gətirdilər. O, plovun hamısını yedi. 2008-ci il idi. Yəni, onda yaşı 85-i keçmişdi. O zaman həm sevindim, həm də belə qənaətə gəldim ki, Zadə kifayət qədər möhkəm adamdır. Bundan sonra da çox yaşayacaq.

- Maraqlıdır, Zadə ilə əsasən, nələrdən danışırdınız? Azərbaycan ona hansı rakursdan daha maraqlı idi?

- Bir çox məsələlərdən, hətta siyasətdən də danışdıq. Azərbaycanla çox maraqlanırdı. Məndən Azərbaycanın Rusiya ilə münasibətlərinin nə yerdə olduğunu soruşdu. Sual verdi ki, Medvedevə münasibətiniz necədi? O vaxt Rusiyanın prezidenti Medvedev idi. Mən də Rusiyada təhsil alan bir adam kimi öz mülahizələrimi irəli sürdüm. Əlavə etdi ki, Rusiya ilə Azərbaycan qonşudur. Onlarla, yəni, Rusiya ilə münasibəti hər zaman qoruyub saxlamaq lazımdı. Azərbaycanla bu dərəcədə ciddi maraqlanırdı. İndi təəssüf edirəm, mətbuatda yazılır ki, Zadənin Azərbaycana münasibəti çox soyuq olub, guya, Azərbaycan onu maraqlandırmayıb. O, təpədən-dırnağa elm adamı, bütün vaxtını elmə həsr edən biri idi. Sözsüz ki, elm onu hər şeydən çox maraqlandırırdı. Buna baxmayaraq, ömrü boyu Azərbaycan haqqında da düşünüb.

- Zadənin elmi fəaliyyəti haqqında çox danışılsa da, sizin kimi peşəkardan da bu barədə daha dəqiq cavab almaq istərdik. Zadə dünya elmini necə dəyişdi?

- Zadə bütün ömrü boyun elmlə fanatik şəkildə məşğul olub. Onun elmi kəşfləri, elmə verdiyi töhfələri qiymətləndirmək hətta mənim üçün də - 50 ilə yaxındır ki, peşəkar elmlə məşğul olan bir adam üçün də çətindir. Yüzlərlə alimdən biri kimi, mən də onun nəzəriyyəsindən istifadə edib konfranslarda çıxış edirəm. Yüz illərdir ki, Aristotel məntiqinə söykənən elm Zadənin yaratdığı elmin yalnız bir halıdır. Təsəvvür edin, yaşı yüzillərlə ölçülən elm Zadənin yaratdığı elmin bircə elementidir. Yəni, o, elmi bu dərəcədə genişləndirən bir adam idi. Ona sadəcə, elmlə məşğul olan sıravi bir alim kimi baxmaq diletantlıqdı.

- Maraqlı yerə gəlib çıxdıq. Nədənsə, Zadədən söz düşəndə yalnız qeyri-səlis məntiq nəzəriyyəsindən danışılır. Doğrudur, o Zadənin şah əsəridir. Amma onun başqa nəhəng nəzəriyyələri də var. Onlar sanki kölgədə qalmayıb ki?

- Zadə təkcə qeyri-səlis məntiq nəzəriyyəsini yaratmayıb. Beş nəzəriyyənin müəllifidir ki, onların hər biri elmə yeni qapı açıb. Onların hər biri ayrı-ayrılıqda Zadənin elm tarixində qalmasına kifayət edir. Amma qeyri-səlis məntiq bütövlükdə elmin istiqamətini dəyişib. Bəşəriyyətin fəaliyyət sahəsini genişləndirib. Aristotel məntiqinə söykənən bütün elmlər Zadə nəzəriyyəsinin xüsusi halıdır. Qeyri-səlis məntiq bütün elm sahələrinə tətbiq edilmək imkanlarına malikdir. İstər ictimai-humanitar, istər dəqiq-texnoloji , istərsə də təbiət və tibb elmlərinə…. Dünyada mövcud olan nə qədər elm sahələri varsa, hamısına tətbiq edib çox gözəl nəticələr almaq olar. Bu nəzəriyyə çətin problemlərin həllində fundamental nəticələr almaq üçün bir elmi metodologiyadır. Məsələn, konfliktologiyanı götürək: bütün ictimai, siyasi münaqişələr, həyatla, insanın təbiəti ilə bağlı mübahisəli məsələlərin hamısını öyrənir. Bu sahəyə qeyri-səlis məntiqi tətbiq etmək çox səmərə verə bilər.

- Bu nəzəriyyənin əsas mahiyyəti nədir?

- İnsanın qərarqəbuletmə metodologiyası necədirsə, Zadənin də yaratdığı elmi nəzəriyyə kömpüter sistemlərində, bütün elmi sahələrdə o şəkildə qərar qəbul etməyə imkan verən bir nəzəriyyədir. Bir misal çəkək: kimsə maşınların sıx olduğu dayanacaqda, yaxud, qarajda azacıq boş sahə görən kimi avtomobilini sürüb onu orada saxlamaq istəyir. Boş yeri görən kimi gözəyarı baxmaqla maşını o tərəfə sürür və parkinqdəki başqa avtomobillərin yanında saxlayır. Sürücü bu zaman təbii ki, ani baxmaqla qərar qəbul etdi. Bildi ki, məhz həmin boş sahəyə maşını sürmək olar. Bu zaman o daha xüsusi ölçmə işləri, yaxud başqa əməliyyatlar aparmadı ki… Beynində kiçik analiz nəticəsində maşını ehtiyatla iki avtomobilin arasına salmaqla xətərsiz saxlaya bildi. Qeyri-səlis məntiq də bax bu cürdü. İnsan beyni anidən necə gözəyarı qərarlar verirsə, texnologiyada da qeyri-səlis məhz o cür qərarlar qəbul edir. Bu, ilk baxışdan sadə misal kimi görünə bilər. Çünki bunun elmi dərinliyinə getmirik. Amma məhz bu metod dünya iqtisadiyyatını, texnologiyasını daha da dirçəltdi. Çünki kompüter insan beyninə yaxın səviyyədə qərar qəbul etməyə başladı.
Nəzəriyyə haqqında daha bir misal çəkək. Məsələn, qırmızı rəngi götürək: Ətrafımızda qırmızının müxtəlif çalarlarını əks etdirən xeyli sayda əşyalar var. Hamısı müəyyən dərəcədə qırmızıdır. Hətta qara çantanız da belə qırmızıdır. Amma onun qırmızılılıq dərəcəsi sıfırdı. Biz hər hansı əşyaya vahid qırmızı kimi baxırıqsa, bu, artıq Aristotel məntiqidir. Zadə isə deyir ki, mütləq nəsə yoxdu. Qırmızının yanında onun qırmızılılıq dərəcəsini müəyyən edən ikinci bir aqreqat da olmalıdır. Qara çanta 0 dərəcə ilə qırmızıya aiddir.

- Qeyri-səlis məntiqin nə üçün bu qədər geniş tətbiq sahəsi var?

- Bir çox sahələrdə- sənayedə, istehsalatda mütləq qiymətin əsas ölçü vahidi kimi alınmasına o qədər də ehtiyac yoxdu. Bayaq dediyim kimi, maşını dayanacaqda saxlamaq istəyirəmsə, dörd bir tərəfdən nələrisə ölçməyimə ehtiyac yoxdu. İstehsalatda da o dəqiqliyi almaq həddindən artıq böyük xərc, hesablamalar tələb edir. İstehsalat bundan əvvələ qədər, misal üçün, 4 kəmiyyətini mütləq almalı idisə, bu məntiq deyir ki, sənə 3,8 də kifayətdir. Bu metod hərbi sənaye və iqtisadiyyatda da çox önəmlidir. Bu gün verilən iqtisadi proqnozlar təbii ki, sabah yüzdən yüz həqiqət olmayacaq. Bir yerdə ki qeyri müəyyənlik var, orada riyazi məntiq, klassik riyaziyyat bizə kifayət deyil. Bax, bu halda qeyri-səlis məntiq nəzəriyyəsi köməyə gəlir. O bütün informasiya olan halı özündə ehtiva edir.

- Zadə özü öz nəzəriyyələri haqda nə deyirdi? Onları sizə necə təqdim edirdi?

- Zadə əsl elm fanatiki idi. Hər zaman elmdən danışar, hər hansı elmi məsələni müzakirə edərdi. Amma heç zaman məxsusi olaraq, öz nəzəriyyələrindən danışmazdı. Amma onların yeni tətbiq sahələrindən söz açmağı çox sevərdi. Elmdə hər zaman yeniliyin tərəfdarı olub. Hər dəfə də yeni nə iləsə çıxış edərdi.

- Bu gün Zadə haqqında çox yazılır, çox deyilir. Bu cür yazılar arasında size ən çox incidən nədir?

- Məni ən çox incidən məsələ budur: belə bir fikir formalaşıb ki, guya Zadə Azərbaycan üçün nə edib? Ondan Azərbaycan üçün bu şəkildə nə etməyi gözləmək məni ən çox incidən məqamdır. Zadənin bəşər elminə verdiyi töhfələrdən söhbət aparmaq lazımdır. Bir azərbaycanlı olaraq elmə verdiyi töhfə ilə onun kimliyini dəyərləndirmək lazımdır. Sözsüz ki, o, Azərbaycanda olsa idi, deyə bilmərəm, hansı elmi zirvəyə çatardı. Onu ABŞ elmi mühiyi yetişdirdi. Zadə Rober Vinnerin-dünya idarəetmə elminin əsasını qoyan alimin sağ əli hesab olunurdu. Bu hər adama nəsib olmur. Zadənin iş otağında, çalışdığı universitetdə olmuşam. Necə işlədiyini gözlərimlə görmüşəm. Onun bir çox maraqlı xüsusiyyətləri var.

- Məsələn?

- Zadənin heç zaman həmmüəlifliyi olmayıb. Bütün məqalələrini özü yazırdı. Hər sahəyə bir-iki məqalə həsr edirdi. Daha sonra isə o istiqamətləri inkişaf etdirmək üçün bu işi tələbələrinə ötürərdi. Statistika göstərir ki, dünyada elmlə məşğul olan insanların ən uzağı 2 faizi elmi ideyalar yaradanlardı. Yerdə qalanların hamısı istifadəçilərdi. Sözsüz ki, Lütfi Zadə o 2 faizin ən yüksək zirvəsində dayanan insanlardandır. O heç bir konfransada əvvəlki çıxışını təkrar etməyib. Hər dəfə yeni bir ideya ilə çıxış edib. Bir dəfə deyirdi ki, mən heç vaxt keçən dəfə oxuduğun elmi məruzədən bu dəfə nəsə sitat gətirə bilmərəm. Ola bilər ki, keçən dəfəki konfransda outran kimsə burada da olsun. O zaman o qalxıb deyər ki, professor, siz bunu artıq bir dəfə demisiniz. Bir maraqlı xüsusiyyəti də var idi: dünyanın harasında konfransda çıxış etməsinə baxmayaraq, mütləq bazar günü öz evində olmalı idi. Bu, onun ailəsinə nə dərəcədə bağlılığını göstərir. Adamda görün nə qədər iş enerjisi olmalıdır ki, bu dərəcədə yeni ideyaların generator, yaradıcısı ola bilsin. Hətta axırıncı günə qədər yeni bir elmi problemin qoyuluşunu təklif etmişdi. ABŞ-da minimum saatlıq əməkhaqqının 7 dollar 50 sentdən 10 dollar 50 sentə qaldırdıqda iqtisadiyyata nə dərəcədə xeyir verəcəyini araşdırırdı. 2007-2011-ci illərdə Azərbaycan Universitetinin rektoru olmuşam. Həmin illərdə onunla müştərək işlər görmüşük, elmi layihələr aparmışıq. O zaman da onun elmi yeniliklərə nə dərəcədə əhəmiyyət verdiyinin şahidi olmuşam.

- Akif müəllim, doğrudur, elmin vətəni olmaz. Amma Zadə Azərbaycanda dəfn olunmasını vəsiyyət edib. Bu, Azərbaycanın elmi nüfuzuna nə dərəcədə təsir göstərəcək?

- Çalışdığı Berkli Universitetində Zadənin təxminən, 10-15 tələbəsi ilə ünsiyyətdə oldum; hərəsi dünyanın ayrı-ayrı yerlərindən idilər. Aralarında heç bir irqi, dini, milli ayrıseçkilik yox idi. Onları ancaq elmi meyarlar birləşdirirdi, milli, dini, irqi məsələlər yox. Çünki elm də, Lütfi Zadə bir xalq, bir millət üçün deyil, bəşəriyyət üçündürlər. Amma yenə də Zadə belə bir niyyətlə çıxış edib və bu, yalnız alqışlanmalıdır. Onun dəfni ən yüksək səviyyədə təşkil olunmalıdır. Möhtərəm cənab prezidentin də bu məsələyə o şəkildə reaksiya verməsinin özü də Zadə şəxsiyyətinin nə dərəcədə vacibliyini xarakterizə edir.

- Lütfi Zadə ilə bir də cənazəsi yaxın günlərdə Bakıya gələndə “görüşəcəksiniz”. Onunla sonuncu görüşünüzü necə xatırlayırsınız?


- Zadə ailəsi ilə təkcə mənim yox, ailəmin də yaxın əlaqəsi var. Həyat yoldaşım Zadənin xanımı Fey Zadə ilə tez-tez əlaqə saxlayıb. İki qızımın hər ikisi Zadə ilə birlikdə konfransda iştirak ediblər. Sonuncu dəfə Zadə ilə vidalaşmağımı bu cür xatırlayıram: Berklidə fars restoranında yemək yedikdən sonra yoldaşı ilə onu maşınını saxladığı yerə qədər müşahidə etdik. Orada belə bir hadisənin şahidi oldum: Zadə sükan arxasına oturmaq istəyəndə yoldaşı açarları onun əlindən alıb dedi ki, mən sürəcəyəm. Hər ikisinin yaşlı olmasına baxmayaraq, çox enerjili və şən idilər. Biz onları şən ovqatla yola saldıq.

- Zadə barəsində danışarkən həm müsbət, həm də mənfi mənada ifratavarmalara rast gəlinir. Məsələn, deyilir ki, o, konfransın ortasında bizim Qədir Rüstəmovun “Sona bülbüllər” muğamını dinləyib, ancaq Azərbaycanı reklam edən restoranda nahar edib. Bu fikirlər sizcə nə dərəcədə doğrudur?

- Lütfi Zadə elm fanatiki idi. Bütün diqqətini də elmə ayıran şəxs olub. O, təbii ki, Azərbaycanı sevirdi. Azərbaycan haqqında çox müsbət fikirləri və təəssüratları olub. Bunu yaşadığı və oxuduğu başqa ölkə üçün də edə bilərdi. Azərbaycana çox bağlı olub. Ömrünün sonundakı vəsiyyəti ilə bunu bir daha sübut etdi. Amma bəzən, ifrata varmaq lazım deyil. Məsələn, siz deyən restoran məsələsinə toxunaq: Amerika cəmiyyətində, eləcə də Avropada bu cür piar elementləri çoxdu. Yəni, restoran sahibləri daimi müştəriləri olan tanınmış simaların fotolarını divardan asır və onların burada olmasını əks etdirən şəkillərlə diqqət cəlb edirlər. Bu, sırf reklam işidir. O cümlədən, Zadə barəsində də bu detaldan yararlandıqlarını düşünürəm.

- Maraqlıdır, siz öz müşahidələrinizə əsasən, Zadənin Azərbaycana nə kimi bağlılığını hiss etmisiniz?

- Onun hərəkətləri və danışığında Azərbaycanla bağlı müəyyən bağlılığı hiss etmişəm. 1996-cı ildə Azərbaycandan Lütfi Zadənin iştirak etdiyi beynəlxalq konfransa böyük elmi heyət getmişdi. Bizim heyət Zadəni fasilə vaxtı bir otağa dəvət etdi. Ona Azərbaycanla bağlı olan bir suvenir hədiyyə aparmışdıq. Hədiyyəni Zadəyə təqdim edəndə o, çox kövrəldi. Dedi ki, ABŞ cəmiyyətində belə bir isti münasibət yoxdu. Bu, yalnız Şərqə məxsus olan cəhət, Azərbaycana aid olan dəyərdi. Gözümün qabağında olub. Zadə çox təsirlənmişdi. Sözsüz ki, azərbaycanlı olmasını xatırladan kifayət qədər müsbət hərəkətlərinin şahidi çox olmuşam. Buna heç kim şübhə etməsin. Amma “bütün günü Azərbaycan haqqında düşünüb”, yaxud, “Azərbaycanla bağlı hansısa tədbirə əlində bayraqla gedib çıxış edib” demək yanlışdı. Belə şeylər olmayıb.

- Bəlkə də yanılıram. Amma hiss etmişik ki, bizim cəmiyyətdə insanlar qeyri-səlis məntiq nəzəriyyəsinə sanki daha çox ürək qızdırır. Təbii ki, o nəzəriyyənin dərin elmi metodologiyasına yox, onunla bağlı sadə həyati izahlara çox maraqla qulaq asırlar. Bunun hər hansı izahı varmı?

- Zadə təkcə qeyri-səlislə yox, bütün nəzəriyyələri ilə bütün dünyaya, o cümlədən, Azərbaycana da xidmət edib. Onun Azərbaycandakı davamçıları, qeyri-səlis nəzəriyyəsi ilə məşğul olan ardıcılları başqa ölkələrə nisbətən Azərbaycanda daha çoxdu. Qeyri-səlis məntiq nəzəriyyəsi böyük elmi hadisə olması ilə bərabər, həm də bir gözəllikdir, estetikadadır. Hər şeyə qoyulan düzgün qərardı. Burada hər bir müsbətə də, mənfiyə də ən doğru qiyməti vermək olar. Məsələn, gözəllik deyirik. Hamı bilir ki, gözəl necədir, gözəllik nədir. Amma biz onu tam izah edə bilmirik. Gözəllik izahının sonu yoxdu. Ona görə də kiminsə gözəl olduğunu deyərkən onun gözəllik dərəcəsini göstərən meyarı da demək lazımdır. Hər insan bu və digər dərəcədə gözəldir. Amma onun gözəllik dərəcəsi var ki, qeyri-səlis də məhz bu deməkdir. Klassik riyaziyyat isə iki şey bilirdi- insan ya gözəldi, ya da çirkin… Yaxud, evlərdən iraq, bir nəfərin yası düşür. Yas sahibi o qədər işin içində bircə dəfə mağara tərəf boylanmaqla məclisə kimin gəlmədiyini bilir. O, burada nə etdi? Təbii ki, oradakıları saymadı, gəlib-gəlməyənləri hansısa siyahı ilə yoxlamadı. Amma dəqiq bildi. O beynində səlis yox, qeyri-səlis hesablama apardı… Bu, elm üçün çox vacib detaldır. Elmin bütün üfüqlərini genişləndirdi. Ona görə də bu gün dünyada ən çox tədqiq olunan sahə məhz qeyri-səlis məntiqdir. Kanada, Rusiya, ABŞ, Polşa, hamısını saymıram, xeyli ölkənin ən böyük alimləri – Petriç, Averkin, Cəmşidi və s. qeyri-səlislə çox maraqlanırlar.
Bu miqyasda olan alimi, elmin generator sayılan dahini hər hansı elementə görə qiymət vermək, özü də həqiqətə uyğun olmayan tərzdə dəyərləndirmək çox böyük yanlışlıqdır.

- Akif müəllim, çox maraqlı və aktual bir məqama gəldik: Təəssüf ki, belə bir nəhəng alim haqqında neqativ fikirlər söylənilir, bəziləri isə qeyri-etik ifadələr işlədirlər…

- Hətta elə insanlar fikir söyləyir ki, onlardan bunu gözləmək olmazdı. Təkcə özünü yox, böyük bir qurumu təmsil edən insanın Zadə haqqında çox neqativ fikir söyləməsi qətiyyən yolverilməz haldı. Hələ Zadənin böyüklüyünü bir kənara qoyaq, ümumiyyətlə, şəxsiyyətə toxunmaq yolverilməz haldır. Zadənin yetişdiyi elmi mühit, onun dünyaya baxışı, düşüncələri tamamilə ayrı bir hadisədir. Zadə haqqında o cür neqativ sözləri demək, ümumiyyətlə, yolverilməzdir. Hər şey bir qırağa, bizim müsəlmanlıqdan irəli gələn gözəl dəyərlərimiz var. Onlardan biri də budur ki, dünyasını dəyişən adam haqqında pis danışmaq, onun ardınca gileylənmək olmaz. Yəni, bu, sıravi insan üçün də belədir. Amma təəssüf ki, biz böyük Lütfi Zadəyə qarşı da bu mənəvi qaydanı pozduq.

Dünyada çox böyük elmi kəşflərin sahibi olan alimlərin onunla ünsiyyət qurmaq üçün necə can atdığının şahidi olmuşam. Bu, hər elm sahibinə müəssər olmur. Təsəvvür edin, dünyada ən böyük elmi problemlərin həllini tapmış nəhəng alimlər Zadə ilə üniyyətdə olmaq üçün vaxt gözləyirdilər, şərait axtarırdılar. Bu fakt Zadənin dünyadakı yerini göstərir. Bir məsələ də var ki, bütün böyük kəşflər sonradan qiymətləndirilir. Məsələn bilirəm ki, Zadə qeyri-səlis məntiq haqqında ilk böyük nəzəriyyəsini Rusiyaya-SSRİ-nin məşhur “Texniki Kibernetika” jurnalına göndərib. Amma həmin jurnal o məqaləni dərc etməyib. Fikir verin, indinin indisində də rus elmi cəmiyyəti buna görə peşmançılıq keçirir ki, niyə biz bunu vaxtında etmədik. Özüm bunun şahidiyəm. Rusiyalı alimlər neçə dəfə təəssüf hissi ilə bunu qeyd ediblər.

- Zadə haqqında bədii film çəkilsə, Zadəyə aid nələrin daha çox qabardılmasını istərdiniz?

- Düşünürəm ki, nə vaxtsa belə bir film çəkilsə, Zadənin qeyri-adi düşüncə tərzini qabartmaq daha yaxşı olar. İnsanlarla söhbət edəndən az müddətdən sonra söhbətin axarını, fikrinin davamını tutmaq olur. Amma Zadə ilə söhbətdə bunu edə bilmədim. Yəni, onun fikrinin sonrakı axarını müəyyənləşdirə bilmədim. O, tamamilə fərqli düşüncə sahibi idi. Mühakimə tərzi tam fərqliydi. Bax, istərdim ki, bu mühakimə tərzi önə çıxarılsın. Zadədəki qeyri-satandart düşüncə hər adamda yoxdu. O, il ərzində 200-ə üəər konfransda olurdu. Hər dəfəsində də istisnasız olaraq, yeni ideyalarla çıxış edirdi. O, elmi ideyalar verən əsl generator idi. Yadıma gəlir, hələ 2008-ci ildə sürücüsüz avtomobillər elmi ideyası üzərində düşünürdü. Zadənin bu barədə verdiyi təkliflər gələcəkdə özünü doğruldacaq.

- Akif müəllim, Zadənin alim kimi böyüklüyünü kimsə inkar etmir. Amma təəssüf ki, sosial şəbəkələrdə və mediada onun bioqrafiyası və Azərbaycana olan münasibəti ilə bağlı birmənalı fikirlər səslənmir. Akif Əlinin böyük alim barəsindəki qeyri-etik ifadəsi isə məsələnin sonuncu həddi oldu. Belə həssas məqamlarda bir ziyalı kimi mediaya nəyi məsləhət görərdiniz?

- KİV və sosial şəbəkələrdə neqativ fikirlərin bu qədər tirajlamasını istəməzdik. Mən Zadə haqqında neqativ fikir söyləyən və hamının tanıdığı adamın heç adını da çəkmək istəmirəm. Hamı onu tanıyır və nə dediyini də bilir. Mən də mətbuatı, onlayn medianı mütəmadi izləyən adamam. Amma bizim media da gərək onun sözlərini müzakirəyə çıxarmayaydı. O adama təbii ki, bəraət qazandırmaq fikrində deyiləm. Sözsüz ki, belə fikir söyləmək düzgün deyil. Mən təsəvvür etmirəm ki, belə sözü necə demək olar. Amma mətbuat da gərək, həmin ifadələri bu dərəcədə müzakirəyə çıxarmaya idi. Deyən nə qədər hörmətsizlik edibsə, onu yayan mətbuat da o dərəcədə hörmətsizlik göstərib.

“O, Azərbaycan üçün nə edib?”, “Bir şəhid ondan daha qiymətlidir” kimi ifadələri ortaya atmaq çox yolverilməzdi. Mən buna təəssüf edirəm! Bu gün “Lütfi Zadə kimdi” sualına biz o dərəcədə də layiqli qiymət verə bilmirik. Amma zaman buna öz lazımi qiymətini verəcək.

Aristotel, Nyuton, Eynşteyn tarixdə nə qədər qalıbsa, Lütfi Zadə onlarla müqayisədə daha çox qalacaq. Çünki o, bütövlükdə elmin metodologiyasını dəyişib.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz