Dövlət Xidmətindən un və çörəyin qiymətləriylə bağlı RƏSMİ AÇIQLAMA

Xəbərin çap versiyası
Tarix: 5-01-2022, 14:11


Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək qiymətlərinə nəzarəti gücləndirib. İdarə idxalçılara və istehsalçılara vəziyyətdən sui-istifadə hallarının yolverilməz olduğu barədə xəbərdarlıq edib.

CivilAzerbaijan.com
bildirir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatında deyilir.

Açıqlamada qeyd edilir ki, cari ildən daxili bazarda sahibkarlıq subyektləri tərəfindən idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiyməti dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırılıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur.

"Bu istiqamətdə Dövlət Xidməti tərəfindən preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib".

Qurum qeyd edib ki, un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. "Monitorinqlər zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olduğu təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcəkdir", deyə press-relizdə qeyd edilir.

Beləliklə, dövlət qurumu faktiki qiymət artımını təsdiq edərək, səylərini sahibkarların qiymətləri daha da artırmamasına yönəldir.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz