Əkrəm Əylislinin romanı ABŞ-da çap olunub - VİDEO

Xəbərin çap versiyası
Tarix: 20-10-2024, 13:06


Yazıçı Əkrəm Əylislinin “Adamlar və ağaclar” trilogiyası ingilis dilinə tərcümə olunub.

Civilazerbaijan.com
bildirir ki, bu barədə Əkrəm Əylisli məlumat verib. O deyib ki, noyabrın 21-də kitabın təqdimat mərasimi keçiriləcək.

Kitab amerikalı ədəbi tərcüməçi və şair Ketrin E.Yanqın tərcüməsi ilə “Plamen Press” nəşriyyatında çap olunub.

ABŞ-nin Virciniya ştatındakı Corc Meyson Universitetinin rəsmi səhifəsində bildirilir ki, təqdimat Yazıçılar Mərkəzinin “Oxu zalı”nda keçiriləcək. Tədbirdə Ketrin E.Yanq, jurnalist və Qafqaz üzrə regional ekspert Tomas de Vaal çıxış edəcək. Panelin moderatoru jurnalist və yazıçı Joanne Leedom-Ackerman olacaq.

“Adamlar və ağaclar” özündə bir-birilə əlaqəli üç hekayəni birləşdirir: “Mənim nəğməkar bibim” ,”Tənha narın nağıl” və “Adamlar və ağaclar”.

“Adamlar və ağaclar”da hadisələr İkinci Dünya müharibəsindən dərhal sonra Sovet hakimiyyəti dövründə ənənəvi Azərbaycan cəmiyyətinin sarsıdıcı transformasiyasından bəhs edir.

Ketrin E.Yanq daha öncə yazıçının “Əlvida Əylis” adlı trilogiyanı ingiliscəyə tərcümə edib.

“Adamlar və ağaclar” bundan əvvəl Çexoslovakiyada, Bolqarıstanda, Macarıstanda. Polşada, Rusiyada tərcümə edilərək, çap olunub.



Əkrəm Əylisliyə qarşı Azərbaycanda təzyiqlər “Daş yuxular” romanından sonra başlayıb. “Daş yuxular” romanı 1989-cu ildə azərbaycanlılarla ermənilər arasındakı münaqişə zəminində baş verən hadisələrdən bəhs edir. Roman 2012-ci ildə Rusiyada “Drujba Narodov” jurnalında rus dilində çap olunandan sonra Əkrəm Əylisli Prezident İlham Əliyev tərəfindən Prezidentin fərdi təqaüdündən və Xalq yazıçısı fəxri adından məhrum edilib.

Əkrəm Əylisli 2016-cı il martın 30-da Heydər Əliyev Beynəlxalq Hava Limanında İtaliyaya gedərkən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilib.

İttihama əsasən, Əkrəm Əylisli ictimai qaydanı pozub, söyüş söyüb, Dövlət Sərhəd Xidmətinin əməkdaşı Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub.

Ona qarşı Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılsa da, sonradan istintaq dayandırılıb.

Həmin hadisə ilə əlaqədar Əkrəm Əylislinin şəxsiyyət vəsiqəsi əlindən alınıb.

Yazıçı 2024-cü ilin mayında Baş prokuror Kamran Əliyevə müraciət edərək, şəxsiyyət vəsiqəsinin geri qaytarılmasını istəyib.

“8 ildən çoxdur ki, sevdiyim vətənimdə sənədsiz və hüquqsuz yaşamağa məhkum edilmişəm. Şəxsiyyət vəsiqəmin Prokurorluq tərəfindən müsadirə edilməsi bir çox məişət məsələlərində mənim üçün ciddi problemlər yaradır. Əgər ortada, həqiqətən, cinayət işi varsa, istintaqın bu qədər uzadılmasına səbəb nədir? “Mən 87 yaşın içindəyəm, cənab Baş prokuror! Tanınmış ziyalıyam. Azərbaycanın Əməkdar incəsənət xadimi, ölkənin yüksək “İstiqlal” ordeninin kavaleri, Azərbaycan oxucusunun sevgi və rəğbətlə qarşıladığı onlarla kitabın müəllifiyəm. Dünyanın 30-dan çox ölkəsində kitablarım nəşr edilib. Şəxsimə göstərilən belə bir münasibətin təkçə qeyri-qanuni deyil, həm də qeyri-insani və qeyri-əxlaqi olduğunu nəzərinizə çatdırmaqla, 8 ildən çox davam edən bu heyrətamiz istintaq süründürməçiliyinə, nəhayət, son qoymaq üçün tərəfinizdən təsirli tədbir görüləcəyinə inanmaq istəyirəm”, – Əkrəm Əylisli müraciətində deyib.

https://www.plamenpress.org/people-and-tree

https://cheusecenter.gmu.edu/events/16330




civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz