Aslan Quliyev. Generalın etirafı - HEKAYƏ

Xəbərin çap versiyası
Tarix: 22-01-2021, 02:16
Aslan Quliyev. Generalın etirafı -


CivilAzerbaijan.com yazıçı Aslan Quliyevin "Generalın etirafı" hekayəsini təqdim edir.

Aslan Quliyev
Generalın etirafı
HEKAYƏ


"Şuşaya bir nəfəs qədər yaxınıq".
Ali Baş Komandan


Mayor mamırlı daşların üstündə oturub, bellərini dünənki yağışdan sonra ağacların qaralmış tutqun gövdələrinə söykəyən döyüşçülərinə baxırdı. Verdikləri itkilərdən və yaralıları da arxaya göndərəndən sonra doqquz döyüşçüsü qalmışdı. Sifətlərindən yorğunluq, yuxusuzluq yağırdı, amma gözlərində elə həmən işartı var idi, yenidən döyüşə atılmaq arzusuyla alışıb yanırdılar. Qarşıda Şuşa idi. Ən böyük arzuları bu müqəddəs şəhər uğrunda döyüşmək, şəhəri yadelli işğalçılardan təmizləmək idi.

Yalnız sıravi Daşdəmirovun, bu arıq, qayışbaldır, qarayanız döyüşçünün sifətindən gümrahlıq yağırdı, aclıq, gərgin döyüşlər onu əsla yormamışdı. İgid döyüşçüydü, kəşfiyyatçı kimi də əvəzsiz idi.

Mayor onu yanına çağırdı. Əliylə ağacların arasından xəyal kimi görünən irəlidəki qayalıqları göstərib dedi: “Kəşfiyyat məlumatlarına görə düşmənin Şuşa ətrafındakı ən güclü müdafiə bölməsi o qayalıqların arxasındadır. Gedirsən, neçə nəfər olduqlarını, necə silahlandıqlarını öyrənib gəlirsən. Onları ordan təmizləməsək, sağ və sol cinahdan irəliləyən dəstələrimiz üçün təhlükə törədərlər”.

Sıravi Daşdəmirov silahını, əlavə iki daraq, iki qumbara və durbin götürdü. Bir göz qırpımında ağacların arxasında yox oldu. Cəld, qıvraq, diribaş əsgər idi, ağacların arasıyla inamla qayalıqlara doğru gedirdi. Bu meşə qoxusuyla, havasıyla, payız xəzəlləri ilə, xəzəllərin arasından baş qaldıran payız çiçəkləri ilə ona necə də doğma idi! Əsgər öz meşəsinə, torpağına sahib çıxmağa gəlmişdi. Tezliklə Şuşanı azad edəcəklərini düşünəndə isə ürəyi şiddətlə çırpınır, sanki köksünü yarıb yerindən çıxmaq istəyirdi.

Qayalıqlara yaxınlaşanda addımlarını yavaşıtdı. İrəlini, ətrafı nəzərdən keçirdərək, hər səsə qulaq verərək ehtiyatla yeriyirdi. Qayalıqlara çatıb, qaya çıxıntıları ilə üzü yuxarı dırmaşmağa başladı. Əsgər yoldaşları ona deyirdilər, sən qayalara keçi kimi dırmaşırsan. Doğrudan da beləydi, sıldırım qayaları heç kim onun kimi aşa, qayalara heç kim onun kimi dırmaşa bilmirdi.

Qayanın ən hündür zirvəsinə qalxdı. Daşların arasıyla irəliyə doğru süründü. Aşağını görəndə dayandı. Durbini çıxardıb baxmağa başladı. Qayanın arxasında xeyli döyüşçü var idi. Mina və qumbaraatanlarla, pulemyotlarla silahlanmışdılar, hətta artilleriya qurğuları da var idi. Geyimlərindən, silahla təhçizatlarından xüsusi təyinatlılar olduqları aydın görünürdü. Tələsmədən yaraqlıları sayırdı, təxminən üç yüz nəfər idilər. Yanlarından yol keçirdi, yolun o tərəfi də sıx meşələr idi. Qayaları aşıb birbaşa üstlərinə getmək çətin və təhlükli idi. Qayanın yanlarından dolanıb arxalarına keçməliydilər.

Geri qayıtdı, qayadan enib meşəyə çıxandan sonra məyus halda öz-özünə ucadan deyirdi: “Neyləyə bilərəm? Təkəm, yoxsa geri qayıtmaz, bu itlərin üzərinə gedər, hamısını gəbərdərdim!”

Birdən lap qulağının dibində bir səs eşitdi: “Artıq tək deyilsən. Get, itlərin üzərinə və onları gəbərt!”
Diksindi, ətrafına boylananda yanında dayanmış saçı-saqqalı ağappaq olsa da, sifətindən orta yaşlı kimi görünən silahlı bir kişinin dayandığını gördü, ağacların arasında onun kimi azından əlli-altmış döyüşçü də var idi. Hamısı silahlı idi. Özünü itirmiş halda soruşdu:

- Siz kimsiniz?
Kişi gülümsəyərək dedi, biz Birinci Qarabağ savaşında döyüşən keçmiş döyüşçülərik. Sizi gözləyirdik. Gələcəyinizi bilirdik.

Əsgər eşitdiklərinə inana bilmirdi, bəs siz hardaydınız? Bura hardan gəldiniz? Bizdən başqa burda döyüşçülərimiz olmamalıdır.

Kişi ona çox danışmağa imkan vermədi, heç hardan gəlməmişik, dedi, elə burdaydıq. Uzatmayaq, danışmağa vaxt yoxdur. Üç dəstəyə bölünürük, bir dəstə sağdan, bir dəstə də soldan qayalıqları dolanaraq düşmənin sağ və sol cinahına çıxacaq. Bir dəstə isə sağdan fırlanıb yolu keçərək meşəyə girəcək və düşmənin arxasına keçəcək. Ağacların, daşların arxasında daldalanıb hücum mövqeyi tutandan sonra sığırçın səsi eşidəcəksiniz. Bu hücuma başlamağa işarədir. Əvvəlcə qumbaraları atacaq, sonra silahları işə salacağıq. Ordan bir nəfər də sağ çıxmamalıdır, yoxsa Şuşaya xəbər aparıb, gəldiyimizi xəbər verər, ani hücum planını pozarlar. Sağ cinahdakılar sağdakıları, sol cinahdakılar soldakıları, arxadakılar isə ortadakı mövqeləri vuracaqlar. Əsgər, arxaya keçən dəstəyə sən başçılıq edəcəksən. Getdik.

Keçmiş döyüşçülər bir göz qırpımında üç dəstəyə bölündülər, ayrılıb sağa-sola doğru getməyə başladılar. Əsgər yanında on beş-on altı döyüşçünün dayandığını görəndə, daha yubatmadı. Doğrudan da kimdilər, hardan gəlmişdilər, necə gəlmişdilər kimi sualların yeri deyildi. Əsas oydu daha tək deyildi.

“Getdik!” dedi və qabağa düşdü. Döyüşçülər dinməz-söyləməz arxasınca gəlirdilər. Onların hərəkətləri əsgəri çaşdırmışdı, ayaqları xəzəllərin üzərində səs çıxartmırdı, sanki yerə ayaq basmır, havada addımlayırdılar.
Qayalıqları sağ tərəfdən dolanaraq, yola çıxdılar, yolu keçib meşəyə girdilər və meşəylə üzü aşağı getdilər. Düşmənin arxasına keçəndən sonra səssiz addımlarla onlara yaxınlaşmağa başladılar. Düşmən yaraqlıları ilə aralarında on beş-iyirmi addımlıq məsafə olanda dayanmaq işarəsi verdi. Ağacların arasında daldalanıb döyüş mövqelərini tutmalarını, qumbaraları çıxardıb yanlarında qoymalarını, silahları isə düşmənə tuşlayıb hazır dayanmalarını əmr elədi.

Sığırçın səsi eşidilən kimi ayağa qalxıb qumbaraları düşmənə tərəf tulladılar, sağ və sol cinahlardan da qumbara yağışına tutulan düşmənlər havada uçur, qışqırır, zarıyır, başlarını itirib hara gəldi qaçırdılar. İndi də avtomat silahlar işə düşmüşdü, yaraqlılar qaçıb canlarını qurtara bilmirdilər. Əsgər belə məharətlə, qəhrəmancasına döyüşən döyüşçüləri ilk dəfə görürdü, bircə gülləni də boşuna atmırdılar, bütün atəşləri sərrast və dəqiq olurdu.

Yaraqlıları məhv eləmək çox çəkmədi. Gizləndikləri yerdən çıxıb düşmənin mövqeyinə getdilər, bircə nəfər də sağ qalmamışdı. Ona tək olmadığını deyən kişi gülümsəyərək dedi, döyüş başa çatdı, sən artıq geri qayıda, komandirinə yolun təmizləndiyi haqda məlumat verə bilərsən.

Əsgər heyrətlə soruşdu:
- Bəs siz?
- Biz gedirik, - yaşlı döyüşçü dedi.
- Hara?
- Gəldiyimiz yerə.

Yaşlı döyüşçü uzaqdan gələn səslə deyirdi, sən doğrudanmı hiss eləmədin, biz keçmiş döyüşçülərin ruhlarıyıq. Bu torpaqlar uğrunda döyüşəndə and içmişdik, əyər torpaqlarımızı işğaldan azad eləməmiş həlak olarıqsa, nə vaxtsa Azərbaycan əskərləri bizim uyuduğumuz torpaqları işğaldan azad eləməyə gələndə, özümüz olmasaq da, ruhlarımız onlarla birlikdə döyüşəcək. Andımıza əməl elədik.

Əsgərin gözü qarşısındaca keçmiş döyüşçülər xəyal kimi əriyirdilər, ağaclara qovuşub ağac, daşlara qovuşub daş olur, torpağa qarışırdılar. Əsgər gördüklərinə inanmır, aşağı-yuxarı qaçır, bir az bundan öncə onunla birlikdə döyüşmüş döyüşçüləri səsləyirdi: “Ey, hara getdiniz? Hardasınız?”

Ona cavab verən yox idi. Yolun sağındakı palıd ağacının gövdəsini qucaqladı, həyəcanla deyirdi, mən artıq bilirəm, sən ağac yox, keçmiş döyüşçüsən. Niyə səsimə səs vermirsiniz? Daşa, ağaca niyə dönürsünüz? Gəlin birlikdə gedək, son döyüşə, Şuşanı işğaldan azad eləməliyik!

Birdən ağacdan səs gəldi: “Daha bizi narahat eləmə. Get, komandirinə məlumat ver!”

Əsgər başında tüklərinin biz-biz durduğunu hiss elədi, geri döndü və var gücüylə özünkülərə tərəf qaçmağa başladı. Budaqların, tikanların üz-gözünü cırmasına əhəmiyyət vermir, tikanlı kolların, ağacların arasından ilan kimi şütüyüb keçirdi. Dəstənin olduğu yerə çatanda onu görən mayorun gözləri hədəqəsindən çıxdı. Əsgərin başındakı tükləri kirpi tikanları kimi biz-biz durmuşdu, sifəti ağappaq idi, nəfəsini çiyinlərindən alır, sözünü deyə bilmirdi. Hər şey onun nəsə müdhiş, dəhşətli bir hadisənin şahidi olduğunu göstərirdi. Mayor ona bir fincan su verdi, əsgər suyu alıb başına çəkəndən sonra az da olsa sakitləşdi və qırıq-qırıq dedi:

- Komandir, orda 300-ə yaxın düşmən yaraqlısı var idi. Biz hamısını məhv elədik.

Mayor eşitdiklərinə inana bilmirdi:
- Biz, yəni kim?
- Mən və keçmiş döyüşçülər.
- Keçmiş döyüşçülər orda nə gəzirdilər?
- Daha doğrusu… - əsgər sözünü deyə bilmirdi
- Hə? – mayorun heyrətinin sonu yox idi.
- Özləri yox, ruhları idi.
- Kimlərin? – mayor artıq əsgərin sayıqladığına əmin idi.
- Axı dedim, keçmiş döyüşçülərin, - əsgər ağır-ağır dedi.
- Necə yəni, sən ruhlarla birlikdə döyüşüb, yaraqlıları məhv elədin?
- Hə, - əsgər təsdiq elədi.

Əsgər mayorun təkidi ilə bütün hadisəni olduğu kimi danışdı. Mayor ona inanmır, əsgərini qara basdığını güman eləyirdi. Nə keçmiş döyüşçüsü, nə ruhları?

Döyüşçülərinə hazırlaşıb getmək əmri verdi. Qabaqda sıravi Daşdəmirov gedir, onlara bələdçilik eləyirdi. Mayor əsgərinə nə qədər inansa da, onu bircə anlığa belə gözdən qoymur, döyüşçülərinə də ayıq-sayıq olmaq işarəsi verirdi. Əsgərin dediklərindən bir şey başa düşməmişdi. İrəlidə onları hər cür sürprizlər gözləyə bilərdi. Bəlkə onunla birlikdə keçmiş döyüşçülərin ruhlarının da döyüşdüyünü, yaraqlıları məhv elədiyini deyən əsgər əslində yaraqlıları duyuq salmışdı və artıq onları gözləyirdilər?

Qayalıqların yanından dolanıb yaraqlıların mövqe tutduqları yerə yaxınlaşanda isə mayor daha çox heyrətləndi. Əsgər düz deyirmiş. Burda düşmən yaraqlıları hər tərəfə səpələnmişdilər, yaralarından hələ də qan axırdı. Əsgərə kimlərinsə kömək eləməsi şübhə doğurmurdu, bu bir və ya on-on beş nəfərin işi deyildi. Belə düşünsə də, yenə də keçmiş döyüşçülər, onların ruhları söhbətinə inanmır, ancaq əsgər də dediklərinə heç nə əlavə eləməyəndə, əvvəl dediklərini dönə-dönə təsdiqləyəndə, çaşıb qalırdı.

Hər nəydisə, yolları üzəridəki sonuncu müdafiə səddi aradan götürülmüşdü, artıq sağ və sol cinahdakılar irəliləyə bilərdilər. Xüsusi rabitə telefonu ilə bu dəstələrin komandirləri ilə danışıb məlumat verdi.

Çox çəkmədi onlara arxa cəbhədən kömək gəldi. Ordu hücuma keçdi. Azərbaycan əskərləri öz qəhrəmanlıqları, misilsiz döyüş qabiliyyətləri ilə bütün dünyanı heyrətlər içində buraxaraq Şuşanı, - son otuz ildə adı gələndə hər bir azərbaycanlının ürəyi sızıldayan, mədəniyyətimizin beşiyini, müqəddəs şəhərimizi işğaldan azad elədilər. Ali Baş Komandan şəhidlər xiyabanından öz xalqına Şuşanın azad edilməsi müjdəsini verdi. Şuşa işğal olunan gündən başını dik tuta bilməyən, ürək dolusu sevinə bilməyən xalq sevindi, başını dik tutdu, qədim odlar yurdunda bayram oldu!

Şuşanın işğaldan azad olunmasına rəhbərlik eləyən general şəhər düşmənlərdən təmizlənəndən sonra bəzi suallara cavab axtarırdı. Onda olan məlumata görə mərkəzdən irəliləyən mayor Adıgözəlovun dəstəsində cəmisi doqquz döyüşçü qalmışdı. Doqquz nəfərlə son döyüşdə yolları üzərindəki üç yüz nəfərlik xüsusi təyinatlı döyüşçüləri necə aradan götürə bilmişdilər? Köməkçisindən soruşdu, gözləmədiyi halda köməkçisi karıxdı. Cənab general, boğuq səslə deyirdi, əslində onları mayor Adıgözəlovun döyüşçüləri yox, sıravi Daşdəmirovun dəstəsi aradan götürüb.

General hirsləndi, nə sıravisi, haçandan bizdə sıravilərin dəstələri olub? Orda dəstə-filan nə gəzirdi? Köməkçisi pərt halda mızıldandı, cənab general, mənə belə məlumat veriblər.

General əmr elədi, mayoru çağır, qoy gəlsin. Görək bu nə sıravisiymiş, nə dəstəsiymiş? Bu nə hoqqabazlıqdır? Yəqin mayor sıravi Daşdəmirov və onun dəstəsi haqda nağıllar danışmaz!

Mayor gələndən sonra ona oturmağa yer göstərib qısaca dedi, mənə deyin görüm, doqquz döyüşçü ilə üç yüz yaraqlını necə məhv elədiniz?

Generalın ani sualından mayor özünü itirsə də, çaşqınlığı çox çəkmədi:
- Doqquz döyüşçü ilə yox, - başını yırğaladı.

Otaqda gərdiş eləyən general gəlib onun qabağında dayandı:
- Bəs neçə döyüşçüylə?
- Bir döyüşçü olub orda.

General keçib mayorla üzbəüz oturdu, əlini masanın üstünə qoyub soruşdu:
- Necə dedin?
- Orda bir döyüşçü olduğunu dedim.
- Sıravi Daşdəmirov, eləmi?
- Hə, bir də onun dəstəsi.
- Dəstəsi? Sıravi Daşdəmirovun?
- Hə, - mayor təsdiqlədi.

General cəsur zabitinə baxır, heç nə başa düşə bilmirdi. Qısaca əmr elədi:
- Danış. Sona qədər!

Mayor da danışdı: “Cənab general, düzünə qalarsa mən sıravi Daşdəmirovun dediklərindən elə bir şey başa düşmədim. Amma fakt, üç yüz yaraqlının məhvi dediklərinin yalan olmadığını sübut eləyirdi. Deməyinə görə orda onunla birlikdə əlli-altmış nəfər Birinci Qarabağ savaşında döyüşmüş döyüşçülər olublar və yaraqlıları da bu döyüşçülərlə birlikdə məhv edib”.

- O döyüşçülər orda nə gəzirdilər?
- Bilmirəm, - mayor çiyinlərini çəkdi.
- Orda bizim döyüşçülərdən başqa heç kim olmamalıydı.

Mayor sanki yuxudan ayıldı:
- Elədir. Əslində də bizim döyüşçüdən başqa orda heç kim yox imiş.

General səsini qaldırdı:
- Mayor, indicə dedin ki, sıravi Daşdəmirovla keçmiş döyüşçülər də vuruşub.
- Elədir, amma özləri deyilmişlər.
- Surətləri imiş?
- Yox, ruhlarıymış.

General masanın üstündən mayora tərəf əyildi, gözlərində sonsuz heyrət ifadəsi var idi.
- Necə dedin?
- Ruhları imiş.
- Sənin o Daşdəmirovun yaraqlılara qarşı ruhlarla birlikdə döyüşürmüş?
- Bəli, - mayor başıyla təsdiq elədi.

General ayağa qalxdı, otaqda gəzişir, deməyə söz tapa bilmirdi. Savaş gözlədiyindən daha amansız və acımasız imiş. Gördüyü dəhşətlər, əsgərlərinin həlak olması, ağrılar-acılar izsiz keçmirdi. Mayorun gözlərinin içinə baxmadan dedi: “Mayor, sən və əskərlərin qəhrəmancasına döyüşdünüz. Buna görə mükafatlandırılacaqsınız. Hazırlaşın, sabah səni və sıravi Daşdəmirovu arxaya göndərəcəyik. Bir ay yaxşıca dincəlin, sonra xidmətinizə davam eləyərsiniz”.

Mayor gedən kimi də köməkçisinə göstəriş verdi, sıravi Daşdəmirovu çağır! Qoy özü mənə dəstəsi və ruhlar haqda danışsın. Öz dilindən eşidim.

Sıravi Daşdəmirov gələndən sonra general əsgəri salam verərək qapının ağzında ayaqlarını cütləyib farağat dayanmış əsgərə baxdı. Arıq, qayışbaldır oğlandı, baxışlarından cəsarət, qətiyyət yağırdı. General belə döyüşçülərini çox sevirdi, əsgərlərinin gözündə özlərinə inam, cəsarət görəndə qəlbən rahatlanırdı.

General ona oturmaq üçün yer göstərdi, özü də oturub dedi, sıravi Daşdəmirov, hadisə necə olubsa, elə də danış. Kəşfiyyata göndərildiyini, tapşırığı yerinə yetirdiyini bilirəm, komandiriniz danışıb. Sonrasını danış. Geri qayıdanda nələr oldu?

Əsgər elə həmən cingiltili səslə danışırdı: “Geri qayıdanda öz-özümə dedim, heyf təkəm, yoxsa bu itlərin üstünə gedər, onları gəbərdərdim. Birdən lap qulağımın dibində bir səs eşitdim: “Artıq tək deyilsən. Biz səninləyik. Gedək bu itlərin üzərinə!” Boylanıb baxanda ağacların arasında əlli-altmış nəfər silahlı döyüşçü gördüm, yaşlı idilər, saç-saqqalları ağappaq idi”.

- Onlardan bura hardan gəlib çıxdıqlarını soruşdunmu?
- Soruşdum, - əsgər dərhal cavab verdi.
- Nə dedilər?
- Dedilər, elə burdaymışlar. Bizi gözləyirmişlər.
- Sonrasını danış.

Əsgər sanki kimin qarşısında olduğunu unutmuşdu, qızğınlıqla danışırdı. “Meşədəki cığırla dolanıb arxalarına keçdik. Ağacların, daşların arxasında daldalanaraq əvvəlcə qumbaraları atdıq, sonra da başlarını itirib hərəsi bir tərəfə qaçanları güllələdik. Keçmiş döyüşçülər əsl möcüzə idilər. Mən belə qorxmaz, cəsur döyüşçülər görməmişdim. Bircə güllələri belə boşa çıxmırdı. Özlərini qorumaq haqda düşünmürdülər”.

General əliylə ona dayanmaq işarəsi verdi. Sonrasını danış, dedi, o döyüşçülər hara getdilər?
Əsgər duruxdu:
- Heç hara getmədilər, - tərəddüdlə dedi.
- Bəs nec oldular?
- Onlar döyüşçü deyildilər.
- Necə yəni? – general əsgəri şübhə ilə süzürdü.
- Döyüşçülərin ruhlarıydılar.
- Mən artıq bunu bilirəm. Yaxşı, ruhlar nec oldular?

Əsgər astadan dilləndi:
- Gözümün qabağındaca yoxa çıxdılar, daşa, ağaca, torpağa qovuşdular.
- Gedə bilərsən, - general qaşqabağını töküb dedi, - sabah komandirinlə birlikdə arxaya göndəriləcəksən. Bir ay dincələcək, müalicə olunacaqsan.

Əsgər ayağa qalxdı, dabanlarını cütləyib farağat dayandı, əlini gicgahına apararaq salam verdi və cingiltili səslə dedi:
- Cənab general, müraciət eləyə bilərəmmi?
- Bilərsən, - general könülsüz halda dilləndi.
- Cənab general, mənə xidməti davam elətdirməyə icazə verin! Döyüşçü dostlarımla sona qədər döyüşmək istəyirəm.
- Əsgər, əmr müzakirə olunmur! – general hirslə dedi və əliylə ona getməsini işarə elədi.

Sonra yanına gələn bölmə komandirləri generalı heyrətləndirməkdə davam edirdilər. Az qala hər birinin bölməsində belə hadisələr olmuşdu. Beş-on nəfərlik dəstələr düşmən yaraqlıları tərəfindən mühasirəyə alınanda, artıq burdan çıxış yolu olmayacağını düşünməyə başlayanda özlərini Birinci Qarabağ savaşının döyüşçüləri adlandıranlar hardansa gəlir, onlarla birlikdə döyüşüb, onları mühasirədən çıxardırmışlar. Sonda isə özlərinin canlı insanar yox, həmən döyüşçülərin ruhları olduğunu deyir, göz qabağındaca yoxa çıxırmışlar.
General köməkçisinə daha komandirləri qəbul eləməməyi əmr elədi. Bunlar nə danışırdılar? Hamısımı ağlını itirdi? Biz ermənilərin özlərindən mif yaratdıqlarını deyirik, savaş tarixini saxtalaşdırdıqlarını deyirik, indi özümüz durub desək ki, bizimlə birlikdə bu torpaqlar uğrunda keçmiş döyüşçülərimizin ruhları da döyüşürdü, bizə inanarlarmı?

General düşünürdü, hər nə olmuş olsa da, ortalıqda fakt var. Mayor Adıgözəlovun başçılıq elədiyi dəstə misilsiz qəhrəmanlıqlar göstərərək yolları üzərindəki düşmənin müdafiə qruplaşmalarını aradan götürmüş, cinahdakı döyüşçülərin təhlükəsiz irəliləməsini təmin eləmişdilər. Köməkçisinə yeni əmrini diqtə elədi, mayor Adıgözəlovla, sıravi Daşdəmirov hərbi xidmətlərinə davam eləsinlər. Hər ikisi mükafatlandırılsın və rütbələri artırılsın.

Artıq günəş qüruba əyilirdi, köməkçisi xatırlatdı, mətbuat konfransına on dəqiqə qalırdı. General birinci mərtəbədəki geniş salona düşdü. Salonda yerli müxbirlərlə yanaşı əcnəbi jurnalistlər, müxbirlər də çox idi. Onu sual yağışına tutmuşdular, general da təmkinlə, tələsmədən cavab verirdi.

Sarışın saçlı bir qız xüsusilə fəallıq göstərirdi. Çoxlu suallar verirdi, köməkçisi mətbuat konfransının bitdiyini dediyindən general artıq getmək üçün ayağa qalxsa da, yerindən qışqırdı:
- Siz sıralarınızda muzdluların vuruşmadığını dediniz. Mən sizə inandım. İndi isə mənə səmimi deyin, müdafiə olunmaq üçün çox gözəl bir yerdə yerləşən, beş minə yaxın döyüşçünün və döyüş hazırlığı olan xüsusi təyinatlıların qoruduğu şəhəri kiçik bir dəstəylə işğaldan necə azad elədiniz? Sizə heçmi kömək eləyən olmadı?

General qıza tərəf döndü, konfrans başlayandan bəri ilk dəfə gülümsədi:
- Oldu. Mən bunu etiraf eləməliyəm.
- Kimlər idi? – qızın gözləri işıldayırdı.
- Keçmiş döyüşçülərimizin ruhları.

Qız çaşıb qalmışdı:
- Ruhlar? Mən düzmü eşitdim?
- Düz eşitdiniz, - general başıyla təsdiqlədi.
- Keçmiş döyüşçülərinizin ruhları sizə kömək edirdi?
- Hə.
- Siz ciddimisiniz? Mən buna inana bilmərəm.

General yenə də gülümsədi:
- Haqlısınız. İlk dəfə eşidəndə mən də inanmamışdım.

General pillələri düşərək giriş qapısına doğru getdi.

Qapının yanında dayanmış Azərbaycan döyüşçülərini Şuşa dağlarının arxasına əyilən günəşin sonuncu şüaları qızılı rəngə boyamışdı.

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz