Cəmil Həsənli. Çingiz Hüseynovun fəthi
Tarix: 20-04-2021, 22:11
20 aprel Azərbaycanın böyük yazıçısı Çingiz Hüseynovun (1929) doğum günüdür.
CivilAzerbaijan.com dünyaca məşhur tarixçi-alim, professor Cəmil Həsənlinin ustad yazıçı Çingiz Hüseynova həsr etdiyi yazını təqdim edir.
Cəmil Həsənli
Çingiz Hüseynovun fəthi
Rəsulzadə yazırdı ki, böyük əməl sahibi olmayan yazıçıdan fövqəladə əsər gözləmək xətadır. 92 il əl əvvəl dünyaya gələn və əsərləri ilə, vətəndaş mövqeyi ilə qalıcı olan Çingiz Hüseynovu fərqləndirən də budur. Ömrünün böyük bir hissəsini Sovet ideologiyasının çərçivəsində yaşamış bir yazıçının milli taledə və çağdaş düşüncədə qalıcı olması nadir bir hadisədir. Bu hadisəni şərtləndirən məhz onun böyük ideya, böyük əməl sahhibi olması, gələcəyə öz vicdanının gözü ilə baxması olub.
Çingiz Hüseynovun ədəbi taleyi tarixin sınaqından keçərək bugünümüzə çatıb və sabahımıza da iddialıdır. Sözün tam mənasında onun köhnə əsəri yoxdur. Üzərindən yarım əsrə qədər vaxt keçməsinə baxmayaraq da "Məhəmməd, Məmməd, Məmiş"də, az sonra yazdığı "Fətəli Fəthi"də, "Ailə sirri"də, "Doktor N"də nəinki öz bədi tərvətini, ictimai qayəsini də saxlayıb. Onun hər əsəri böyük ədəbi hadisəyə çevrilib. Mübahisə ilə, bəzən hətta süngü üzərində oturanlar tərəfindən süngü ilə qarşılanıb. Amma Çingiz Hüseynovu öz ədəbi yolundan döndərə bilməyib.
Ədəbi yol deyəndəki onun öz yolu olub, o, heç kimin yolu ilə getməyib, heç kimi təqlid etməyib. Ağlın və intellektin imkanlarına söykənən sərt proza, sətirlər arasından boylanan sərt həqiqət, axına qarşı getməyi bacaran sərt xarakter. Çingiz Hüseynovun əsərlərini qalıcı edən, dünya dillərinə çevrilməsini şərtləndirən, dünya səhnələrinə aparıb çıxaran da məhz çoxlarının sistem buxovları içərisində deyə bilmədiyi bu sərt həqiqətlər idi.
Çingiz Hüseynovun böyük ədəbiyyata yolu "Çətin yoxuş"dan keçib.
Doğrusu, "Məhəmməd, Məmməd, Məmiş"i yazmaq böyük cəsarət tələb edirdi. O, bu əsərdə uzun müddət insanın çolündə cərəyan edən ədəbiyyatı insanın içinə qaytardı, dərin psixoloji problemləri kommunizm quruculuğuna hədəflənmiş sovet cəmiyyətinin çoxşaxəli sarsıntılarına çevirə bildi. Bu əsər öz zamanında müasir problemləri Məhəmmədin Məmişə çevrilməsinə qədər geniş bir mənzərəsini yaratdı və o mənzərə bu gün Azərbaycanın özü boydadır.
"Fətəli Fəthi" ilə Mirzə Fətəli özündən sonrakı əsrləri, Çingiz Hüseynov isə ədəbi mühiti fəth etdi. Bu tarixi keçmişə söykənib milli taledə gələcəyəyə hədəflənən fenomenal bir ədəbi abidə idi. Tarixi şəxsiyyət fonunda milli taleyin belə fundamental bir nümunəsini yaratmaq yazıçıdan həm də tədqiqatçı bacarığı tələb edirdi. O, Mirzə Fətəlini XIX əsrin hadisəsi kimi deyil, XX-XXI əsrlərin və bizim görə bilməyəcəyimiz yüzilliklərin də müasirinə çevirə bildi. Üzərindən 200 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq Mirzə Fətəli milli taledə bir meyardır. Və iki əsrin zaman fasiləsində, XXI əsrin 21-ci ilində biz kimik sualı meydana çıxanda yenə istər-Axundov yada düşür. "Fətəli Fəthi"dən sonra bu sual daha da aktuallaşıb ki, görən biz Mirzə Fətəlinin, yoxsa onun personajlarının millətiyik?
"Ailə sirri", "Ailə gizlinləri" də belədir. Çingiz Hüsünov bu gizlinləri ədəbiyyta gətirən, milli taledə ailə-klan qaydalarının faciəli nəticələrini qabaqcadan görə bilən, milli formalaşma yolunda onun dağıdıcı mənzərəsini yaradan ilk böyük qələm sahibidir. Onun hələ ötən əsrin 80-ci illərində gəldiyi nəticələr düz çıxdı. Əliyevlərin Azərbaycanda yarım əsrdən artıq davam edən ailə hakimiyyəti, öz sirləri və gizlinləri ilə birlikdə ölkəni də ən azı yarım əsr geri atdı.
1969-cu ilin iyul plenumunda Heydər Əliyev DTK-dan respublika rəhbərliyinə gətiriləndə Əziz Şərif yaxın dostu Mirzə İbrahimova yazırdı ki, "Bir həftədir ki, sağ salamat Baltik dənizinin sahilində istirahət edirik. Burada Axundovun nə üçün kənar edildiyini hamı məndən soruşur. Mən də səndən soruşuram. Qəzetdə göstərilən rəsmi səbəb o qədər axmaq və yersizdir ki, hamı gülür. Mən də həm gülür, həm də yanıram: – nə vaxta kimi bu cür rəsmi xəbərləri tərtib edən “başçılar” bizi, yəni sovet xalqını şüursuz və dərrakəsiz hesab edəcək və həqiqi səbəbləri gizlədəcəklər? Kimə lazımdır bu? Ah, Sabir satirası, haradasan! Nə Sabir qırmancının yeridir!... Təzə katib Əliyev kim ola? Nə isə mən onu tanımıram. Xülasə... Amandır, özündən muğayat ol!” Mirzə müəllim də cavab verdi ki, Əziz dayı narahat olma yeni rəhbərliyə gələn sizinkilərdəndir və bir də çətin ki, onlar hakimiyyəti əldən versinlər. Belə də oldu və hələ bugün də belədir.
Lakin bu natəmiz prosesin hara aparacağını ilk görən və onun bədii mənzərəsini yaradan Çingiz Hüseynov oldu. Gələcək günlərin birində Əliyev xanədanı tarixin zibilliyinə atılanda və son 50 ildə nə baş verdiyini sərf-nəzər edəndə "Ailə gizlinləri" bu millətin zaman və tarix qarşısında utanc hissinə məlhəm olacaq, 50 illik ailə-klan rejiminə münasibətdə üz ağlığı olacaq. Böyük yazıçı Çingiz Hüseynovun ictimai fikir tarixindəki ədəbi və əbədi missiyası həm də bununla bağlıdır.
Çingiz Hüseynov alim yazıçıdır, onun ədəbiyyat tarixi və nəzəriyyəsi ilə bağlı yazıları, əsərləri öz orjinallığı ilə seçilir. Xatirələri də "Qələmin yuxuları" kimi səmimi və canlıdır. "Merac" Məhəmməd Peyqəmbərin həyat hekayəsi haqqında təkrarsız bir bədii nümunədir. Çingiz Hüseynov təkrarsız tərcüməçidir. Və həm də Əziz Şəriflə birlikdə ayrı Mirzəni, Mirzə Cəlili rus dilinə tərcümə edib. Rus ictimai fikrinin ruhu olan Qoqolu Azərbaycan dilinə tərcümə etmək nə qədər çətincə, Mirzə Cəlili də rus dilinə tərcümə etmək böyük peşəkarlıq tələb edir.
Dünyada maraqlı heyvan obrazı yaradan yazıçılar çox olsa da, Mirzə Cəlin hekayə və povestlərində, xüsusiylə "Danabaş kəndinin əhvalatlarında" eşşək obrazı əsərdəki insan obrazlarından daha güclü, daha səmimi, daha canlı, daha diri çıxıb. Bu dəsti xətti saxlamaq, Xudayar bəyin zoğal ağacının altında formalaşıb ədəbi əsər üçün bədii qəhraman verə bilməyən cəmiyyətdə bu obrazın günümüzə qədər davam edən faciəsini rus dilində belə böyük ustalıqla vermək hər tərcüməçinin işi deyil.
Çingiz Hüseynov mürəkkəb obrazlar müəllifi olsa da sadədən sadə bir ziyalıdır, geniş bəşəri dəyərlərə tapınan, vətəndaşlıq mövqeyi olan söz adamıdır, qələm adamıdır, fikir adamıdır. Onunla Azərbaycanın taleyi və tarixi ilə bağlı həm Bakıda, həm Moskvada çox yaddaqalan söhbətlərimiz olub. Peredelkinoda uca şam ağaclarının arasında yerləşən iki mərtəbəli Azərbaycan muzeyində Lena xanımın açdığı süfrənin ətrafında Çingiz müəllimlə saatlara etdiyimiz söhbəətlər əbədi olaraq yaddaşımıza həkk olub.
Bu kiçik risalənin sonunda əlbəttə ki, ədəbi mühitin bu gün də közərən çırığına bənzəyən Çingiz Hüseynovu, Çingiz müəllimi təbrik edir, ona can sağlığı arzulayırıq. Yaşlaşıb, lakin sözdə, sənətdə, fikirdə qocalmayan, şəxsiyyəti ilə hazırkı yoxsul cəmiyyətimizi cilalayan Çingiz Hüseynov, var olun!
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər