Rafiq TAĞI. "Coğrafiya şairi" - HEKAYƏ

Xəbərin çap versiyası
Tarix: 7-05-2021, 00:02
Rafiq TAĞI. "Coğrafiya şairi" -


Rafiq Tağı Azərbaycanın ən məşhur yazıçılarından biridir.

CivilAzerbaijan.com
ünlü yazıçı Rafiq Tağının "Coğrafiya şairi" hekayəsini təqdim edir.

Rafiq TAĞI
Coğrafiya şairi
hekayə


Mən ağlım kəsəndən Fərruxu coğrafiya müəllimi tanıyırdım deyə, bir dəfə yuxuda onu coğrafiya xəritəsi şəklində doğulan görmüşdüm. Bədəni SSRİ idi. Boynu nazik olduğundan, baş bədəndən aralı ada şəkli almışdı. Hülqumu ada ilə materik arasında işləyən katerdi. Bir ayağı Kamçatka yarımadası, o biri ayağısa nə səbəbdənsə bədənə bitişmiş Saxalin adasıydı.

Təqaüdə də çıxdı, pedinstitut xatirələrindən ayrıla bilmədi.

Kişi coğrafiya şairiydi. Böyük çaylar elə bil qəşəng qızlardı - hey onlardan danışardı. Kim bilir, bəlkə haçansa o çayların birinə evlənmişdi də.

Fərrux müəllimi heç vaxt puldan söhbət eləyən görmədim. Hərdən mənə elə gəlirdi ki, o, pulu tanımır. Yaydan-yaya öz həyət məhsullarını satmağa aparanda da, deməzdi pul qazanmağa gedir, deyərdi gedir havasını dəyişməyə.

Molla məclisindəsə peyğəmbər aleyhissəlamdan, ya şəhid imam Hüseyndən danışılanda, o da müvafiq tərzdə coğrafiyanı işə verərdi. Məsələn, Məhəmməd hansı şəhərdə dünyaya göz açıb, indi həmin şəhərin iqlimi necədir, əhalisi hansı təsərrüfatla məşğuldur. Məkkəylə Mədinənin arası nə qədərdir və sair.

Bu molla məclisləri rayon avtobusunda olurdu. Özü yan-yana düşməsəydi, mollalarla söhbəti tutmurdu, çünki onların bəlağətli səsi gedib avtobusun o başına çatanda özününkü heç iki-üç adamlıqda eşidilməzdi. Bir gün o, molla Mirələmə deyəsi:

- Siz maddi nemətlər istehsal eləmirsiniz!

Molla Mirələm də qayıdıb:

- Elə coğrafiya müəllimləri də, - dedi. - Müəllimim də olubsunuz, kitab sözləri ilə danışmayın.

Qudurasan qurbağa, elə bil xəritədə Moskvanı tapmayan dünənki Ələm deyil. Fərrux müəllim adının qabağındakı "mir” önlüyünü atıb daim onu sovet balasına çevirirdi. Amma Mir özünü tanıyan kimi xətt saxladı, yəni özünü tanımağı mollalığıyla bir düşdü.

Fərrux müəllim indiyəcən elə bilərdi ki, sovetlikdən Rusiya şəhərlərinə alverə gedən və o şəhərləri gözüyumulu tapanlara onun verdiyi biliklər kara gəlir. Özündən razı tərzdə bunu deyəndə, bu cavan molla üzünün təbəssüm əzələlərini tərpətdi:

- Bəli, sizin camaatımıza bəxş etdiyiniz bilik alverin artmasının səbəbkarıdır. Müəllimim də olubsunuz, bundan cinayət qoxusu gəlir.

Bu sözlərdən sonra gözü molla məxluqundan qorxmuşdu. Quru şərdilər; onlarla çənələşmək xatadır. Həm də daha bilirdi ki, özü də maddi nemətlər istehsal eləmir, ancaq qanuni surətdə eləmir - bunu dövlət bilir. Mollalarınkısa qeyri-qanunidir. Qoy molla da canı çıxsın hökumət işində işləsin - lap onun kimi maddi nemətlər istehsal elənməyən işdə.

Xüsusən, kök mollalar gözünün düşməni idi. Arvadı deyəndə ki, köklük heç də xoş güzəran, ya xoşbəxtlik əlaməti deyil, o qışqırardı:

- ... Əlamətidir!

- Bə istəyirsən bədbəxt olsunlar?

- Halal zəhmətlə xoşbəxt olana kimin nə sözü.

- Get minbərdə bir saat boğazını yırt, onda görərsən halaldır, ya qeyri-halal.

- Mən mütrüblüyü bacarmaram!

Məhərrəm ayında məscidə gedənlərin dalınca deyinərdi:

- Getdilər havayı yeməyə.

Onda arvad onunla dilləşərdi:

- Sənin ki malını yemirlər.

- ... Verilən xümsü, zəkatı basıb qamarlayırlar!

- İndiyəcən heç bir xüms, zəkat veribsən? Barı sən dinmə.

- Məndən nə xüms, nə zəkat - maaşım bu aydan o ayı güclə görür.

- Elə də danışır...

Fərrux mərkəzi partiya qəzetlərindən özgə bir şey oxumazdı. Bircə cavanlıqda "Başsız atlı” romanını, onu da yarısınacan oxumuşdu və həmin roman onun xatirində qəribə canlılar yaşayan bir ada kimi yer tutmuşdu. Mərkəzi qəzetləri oxuyanda ona elə gəlirdi dünya ilə əlaqəsi itməyib, həm də belə çıxırdı ki, hamıdan mədənidir. Respublika, ya rayon qəzetləri - batıb geridə qalmaq əlamətiydi. O, Moskvadakı siyasi büro qərarlarını şeir kimi əzbər bilirdi. Respublika siyasi bürosu qərarlarınasa məhəl qoymazdı; onları oxumağa və hacət - Moskvadakılardan köçürmədilər. Onun nitqi (xüsusən məktəbdə) Nuh əyyamında yazılmış qəzet məqaləsinə bənzəyirdi.

- Partiya - hökumətimiz dini sevmir.

Ürəyində Allah xofu olan bir müəllim daim onun əleyhinə çıxardı:

- Ona qalsa, din də partiya - hökuməti sevmir. Bir də nə bu oğlan deyil, nə o - qız: sevişələr.

- Yoldaşlar, müəllim olan bir şəxsin belə deməyi heç bir qəlibə sığmır!

- Qəlibi neynirəm! Mən öz fikrimi heç bir qəlibə salma istəməzdim.

- Bu, özbaşınalıqdır!

- Bəs necə? Biz doğulmuşuq özbaşına olaq, özgəbaşına yox.

- Hökumət əleyhinə çıxmağa dair maddədən xəbərin var?

- Özü də partiya - hökumətin dini sevməməyini sən özündən uydurubsan. Din və hökumət sadəcə ayrılıblar; burda sevməmək söhbəti yoxdur.

- Bir az da qalsa, sübut eləyəcəksən ki, qatıq ağ deyil, qaradır.

Ürəyində Allah xofu olan müəllim öz dediyinin üstündə dururdu:

- Özün də, ay Fərrux müəllim, indiyəcən partiyaçı deyilsən. Səndən soruşan gərək: niyə qorxursan?

- Pul istəyirlər, mən də deyirəm: qulaqlarınızın dalını görəndə.

- Daha bu nə partiya oldu!

- Guya Kərbəlaya gedən havayı gedir!

Fərrux müəllim qəzet oxuya-oxuya, haqlı-haqsız çap olunan bütün qanunların tərəfini saxlaya-saxlaya qocaldı. Əgər, haqsız qəzetdə haqlı qələmində gedirdisə, onun üçün də olurdu haqlı, haqlı haqsız qələmində gedirdisə, olurdu haqsız. Ona görə də daha qəzetsiz haqlıyla-haqsızı ayırd eləyə bilmirdi. Poçtalyon iki-üç gün qəzet gətirməyəndə (o da təzə xasiyyət tapıb, qəzetləri yığıb-yığıb birdən verir), onun da iki-üç gün, lap dünya batsa da, dünyanın batmağına dair heç bir fikri olmurdu. Ona deyiləndə ki, filankəs haqlıdır, tutulmamalıydı, amma tutulub, Fərrux müəllim cavab verirdi:

- Mənim əlimdə material yoxdur, bəlkə haqsızdır... Qəzetdə çıxıb?

- Kor-kor, gör-gör, buna nə material. Özü də bir sürü uşağı var.

- Yox, materialsız bir söz demək çətindir. Özü də uşaq bir sürü olmayır, on sürü olsun - nə dəxli var!

Öz uşaqları böyüyüb əldən çıxmışdılar; indi hərəsi ölkənin bir guşəsində qərar tutmuşdu. Əvvəl hamısının da sortu birdi - ateist. Müəllim həyata, özü demişkən, "bir partiya” ateist buraxmışdı. Təkcə Fərəc elə bir qarışlığmdan atasının əleyhinə çıxardı deyə, ateist olmamışdı. Atası Allah-mallah yoxdur, deyəndə, o, tərsliyinə salıb deyərdi var. Və elə belə vərdişkar olub Allahı "tanıdı”. Qızlarsa uşaqlıqdan ateistdilərsə də, ata evini tərk eləyəndən sonra boyluluq vaxtı bir-iki dəfə başlan gicəllənəndə, gördülər hardasan - burdasan, başları üstündə Yaradan var. Fərrux müəllim qaldı tək-tənha.

Yas məclisində biri, məsələn, Perm şəhərinə alverə getməsindən danışanda, Fərrux müəllim də söhbətə qoşulmaq üçün (söhbətə qoşulmağa başqa sözü yoxdu) ondan soruşardı:

- Permə qədər bilirsən neçə kilometrdir?

- Mən elə şeyi bilmərəm.

- Perm hardadır?

- Necə yəni hardadır? Bu nə sualdır?

- Şimaldadır, şərqdədir? Yainki...

- Ay müəllim, təqaüdə də çıxıbsan, ta o coğrafiyanı qatla qoy sandığa, sən bir olan Allah!

- O, ateistdir, - kimsə böyürdən dilləndi. - Allaha and vermə.

- ... Yox axı, gərək hər bir savadlı adam bilə hansı şəhər harda yerləşir.

- Bizim savadımız qıcqırıb. Bir də Bakıda minirsən ərpalana, yəni təyyarəyə, təyyarə səni aparıb qoyur istıdiyin nöqtəyə. Daha nə fərqi - şimala uçursan, ya cənuba. Mən şəhərlərin neçə kilometrliyini yox, yolunun neçə manatlığı: bilərəm.

Onda müəllimin hülqum kateri adayla materik arasında iti-iti işləməyə başlayardı.

Ömrü boyu Fərrux müəllim radionun insan orqanizmi faydalı verilişlərinə qulaq asmışdı. Hər səhər xalça üstündə radionun müşayiətilə idman eləyərdi. Elə ona görə arıq da olsa, bədəni "siçan” əzələlərlə doluydu. Konsertlərin də ki, xoş bioloji təsiri hamıya məlumdur.

Axır vaxtlar İranı tutub azanlara qulaq asardı. Azan vaxtı radionun səsini alçaldardı ki, eşidənlərin nəzərində gözdən düşməsin. Azanı xoşlamağını heç özü bir yana yozub çıxara bilmirdi. Bəlkə onu da müalicəviliyinə görə xoşlayır - başqa nə səbəb ola bilər!

Gəl ki, məscid üçün də ürəyi axırdı. Ancaq orda keçmiş düşmənləri otururdu. Hərçənd xəritədə Moskvanı tapmayan Ələm şagirdi olmuşdu, özünə söz verirdi: əgər hamı kimi məscidə getsə, bir də onun sovet balası olmağına cəhd göstərməz. Daha onu Mir-Ələm çağırmağa razıydı. Əcəb ərəb dilini danışa biləsən, satışda Quran ola, alıb oxuyasan!

İdman sayəsində bir xəstəliyi yoxdusa da, get-gedə İran radiosunun azanlarından anlayırdı ki, ömür gec-tez qurtarasıdır. Yuxusu qaçan gecələr o dünyanın şəkilləri kimi hər gün gəlib özünü Fərrux müəllimə göstərirdi: o dünya gah ulduzlu-aylı olurdu, gah da kömür kimi qara...

Avqust-dekabr, 1988

civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz