Xorxe Luis Borxes. Ölümsüzlük - HEKAYƏ
Tarix: 19-10-2024, 20:00
Məşhur argentinalı yazıçı, esseist, şair və tərcumçi Xorxe Luis Borxes (Jorge Luis Borges) 24 avqust 1899-cu ildə Buanes-Ayresdə doğulub.
Sehirli gerçəklik (Magic realism) axımının öncüllərindəndir və sürrealist yazıları ilə məşhurdur. Ən məşhur əsərləri "Ficciones" (1994) və "Alef" ( 1949) yuxular, labirintlər, kitabxanalar, güzgülər, heyvanlar, uydurulmuş yazıçılar, din və Allah haqqında mövzuların yer aldığı qısa hekayələrdən ibarətdir. Onun işləri 19-cu əsrin realist/naturalist ənənələrinə qarşı çıxan elmi-kütləvi və sehirli reallıq kimi axımlara öz töhfəsini verib. Alimlər düşünürlər ki Borxesin korluğu ona yenilikçi ədəbi simvolları təsəvvürlləri vasitəsilə yaratmağa kömək etmişdi.
1914-cu ildə onun ailəsi Borxesin orta məktəbə getdiyi və Cenevrə Kollecindən bakalavr dərəcəsi aldığı İsveçrəyə köçür. Ailə İspaniyada qalmaqla, həm də Avropanı gəzir. 1921-ci ildə Argentinaya qayıtdıqdan sonra Borxes şeir və esselərini sürrealist ədəbiyyat jurnallarında çap etdirməyə başlayır. O, həmçinin kitabxanaçı və ictimai mühazirəçi kimi də çalışır. 1955-ci ildə Milli İctimai Kitabxananın direktoru və Buanes Ayres Universitetinin professoru təyin olunur. O, 1961-ci ildə Samuel Bekketlə bölüşdüyü Beynəlxalq Mükafatdan sonra dünyanın diqqətini özünə cəkir. 1971-ci ildə isə Qüds mükafatını qazanır. Əsərləri tərcümə edilərək Avropa və ABŞ-da çap olunmağa başlayır. Borxes sonuncu əsəri olan "Sui-qəsdçilər"i 14 iyun 1986-ci ildə vəfat etdiyi Cenevrəyə həsr edib.
Civilazerbaijan.com Xorxe Luis Borxesin “Ölümsüzlük” hekayəsini təqdim edir:
Xorxe Luis Borxes
ÖLÜMSÜZLÜK
hekayə
Sesiliya İnxenyerosa ithaf olunur
Solomon saith: „There is no new thing upon
the earth”. So that as Plato had an imagination
„that all knowledge was but remembrance”: so
Solomon giveth his sentence, „that all novelity
is but oblivion”.
Francis Bacon, „Essays”, LVIII*
1929-cu ilin iyun ayında əslən İzmirdən olan əntiqfüruş Jozef Kartafil Londonda knyaginya Lüsenjə Aleksandr Popun „İliada” əsərinin (1715-1720) kiçik formatlı altı cildliyini göstərmişdi.
Knyaginya tərəddüd etmədən kitabları almışdı. Bu zaman əntiqfüruşla aralarında qısa söhbət də olmuşdu.
Sonralar knyaginya xatırlayırdı ki, ona qədim kitabları satan adam tamam qocalıb əldən düşmüşdü; sifəti cadarlanmış torpağı xatırladırdı. Boz gözləri və bomboz saqqalı vardı. Üzü qətiyyən yaddaqalan deyildi.
Yozef Kartafil bir neçə dildə eyni dərəcədə asanlıqla və eyni səhvlərlə danışmağı bacarırdı.
Çox da uzun çəkməyən ünsiyyət zamanı o, ingilis dilindən fransızcaya, sonra Salonikidə danışılan ispan dilinə keçmiş, axırda isə söhbəti Makao adasında istifadə olunan Portuqal dilində davam etdirmişdi.
Oktyabr ayında knyaginya „Zevs” gəmisinin bir sərnişinindən Kartafilin İzmirə qayıdarkən öldüyünü və İos adasında dəfn edildiyini eşitmişdi. Aşağıda verdiyimiz mətn isə „İliada”nın son cildinə yazılmışdı.
Orijinal ingilis dilində qələmə alınmışdı və orada çoxlu latın sözləri vardı. Mətnin tərcüməsini olduğu kimi təqdim edirik.
I
Yaddaşım məni aldatmırsa, hər şey imperator Diokletionun hakimiyyəti dövründə, Yüzqapılı Fivdə, Hekatomfilos bağlarının birində başlanmışdı. Həmin ərəfədə mən yenicə başa çatmış Misir müharibələrində uğursuz döyüşdən çıxmışdım.
Qırmızı dənizin sahilində, Berenikadakı legionlardan birinin tribunu idim. Savaşa can atan, adlarını qılıncla tarixə yazmaq istəyən legioner yoldaşlarımın çoxu qızdırma və şər ruhların fitnələri nəticəsində həlak olmuşdu.
Mavritaniyalılar məğlub edilmişdilər. Əvvəllər üsyankar şəhərlərin nəzarətində olan ərazilər həmişəlik Plutonun əlinə keçmişdi. Yenilmiş İskəndəriyyə əbəs yerə Sezardan mərhəmət umurdu. Yenidən qələbə çalmaq üçün legionlara yarım ildən də az vaxt lazım oldu.
Özümə gəldikdə isə müharibə allahı Marsın üzünə ötəri baxa bildim. O, şəfqətini məndən əsirgədi. Heç bir uğur qazana bilmədim. Bəlkə elə bu səbəbdən də dərd əlindən başımı götürüb ucu-bucağı görünməyən qorxunc səhralardan keçdim və mübhəm Ölümsüzlər Şəhərini axtarmağa yollandım.
Hər şey, dediyim kimi, Fivdəki bağda başlanmışdı. Həmin gecə nədənsə yuxuya gedə bilmədim. Səhərə qədər ürəyim narahalıqla döyünürdü. Dan söküləndə ayağa qalxdım. Kölələrim hələ yatırdılar.
Ay ətrafdakı intəhasız qum səhraları rəngində idi. Şərq tərəfdən qan içində yorğun bir süvarinin mənə tərəf çapdığını gördüm. O, bir neçə addımlığımda ölü kimi atdan yerə yıxıldı. Latın dilində yalvarış dolu zəif səslə suları şəhər divarlarının dibini yalayan çayın adını soruşdu.
Misir çayı olduğunu və yağış sularından əmələ gəldiyini dedim. „Mən başqa çay axtarıram, insanın həyatından ölümü yuyub aparan çay” - deyə naməlum yolçu kədərlə pıçıldadı.
Onun sinəsindən tünd rəngə çalan qan axırdı. Atlı Qanqın o biri sahilindəki dağlardan gəldiyini dedi.
O dağların sakinləri inanırmışlar ki, Yer kürəsinin qərb qurtaracağına qədər gedib çıxa bilsən suyu insana ölümsüzlük bəxş edən çayı tapmaq mümkündür. Atlı sonra əlavə etdi ki, orada başdan-başa amfiteatr və qüllələrdən ibarət Ölməzlər Şəhəri yerləşir.
Sübh şəfəqləri söküləndə o, canını tapşırdı. Mən isə nəyin bahasına olursa-olsun həmin çayı və şəhəri axtarmaq qərarına gəldim.
Cəlladın sorğu-sualı nəticəsində naməlum atlının sözlərinin həqiqiliyini təsdiqləyən əsir mavritaniyalılar tapıldı. Kimsə dünyanın qurtaracağındakı Yelisey vadisində adamların hədddən artıq uzun ömür sürdüklərini xatırladı. Bəziləri ətəklərindən Paktol çayının mənsəbini götürdüyü zirvələrdə yüz illərlə yaşayan insanların olduğunu yada saldı. Romada filosoflarla söhbət elədim. Onlar insanın ömrünü uzatmağın əslində hər kəsin əcələ can verməsini dönə-dönə təkrarlamaq olduğunu xatırlatdılar.
Uzun ömür yaşayan insan ölümlə də dəfələrlə üz-üzə gəlməli olur. Ölməzlər Şəhərinin mövcudluğuna inanıb-inanmadığımı özüm də bilmirdim. O zaman varlığıma hər şeydən çox bu şəhəri axtarıb tapmaq fikri hakim kəsilmişdi. Getulidəki prokonsul Flavi yardım əli uzatdı, ixtiyarıma iki yüz nəfər əsgər verdi.
Özümlə muzdlular da götürdüm. Onlar yolu yaxşı tanıdıqlarını deyirdilər. Amma çətinlik üzə çıxan kimi qaçıb dağılışmağa başladılar. Az sonra baş verən hadisələr səfərin ilk günləri ilə bağlı xoş xatirələrimizi yerlə yeksan etdi.
Arsinoydan çıxan kimi qumlu səhraya düşdük. İlan əti yeyən və hələ insan kimi danışmağı bacarmayan troqloditlərin, qadınları ümumi, qidaları isə şir əti olan qaramantların, Tartara sitayiş edən avqillərin torpaqlarından keçdik. Qumları qapqara rəngə çalan, gündüzün dəhşətli istisindən qorunmaq üçün yalnız gecələr yol gedilən digər səhraları da adladıq.
Uzaqda dəniz-okeana adı verilən dağı gördük. Onun yamacları zəhərin təsirini öldürən moloçay adlı bitki ilə örtülmüşdü, zirvəsində isə həyatlarını şəhvətə vermiş kobud və amansız satirlər yaşayırdılar. Ecazkar şəhərin belə əcaib varlıqların məskunlaşdığı torpaqlarda olması heç birimizə inandırıcı görünmürdü.
Çətinliklərə baxmadan yolumuzu davam etdirirdik. Artıq geri çəkilmək şərəfsizlik olardı.
Bəziləri ağılsızcasına üzlərini aya tərəf çevirərək yatırdılar. Bu da onlara həyatları bahasına başa gəldi - qızdırma canlarını aldı. Bəziləri özümüzlə götürdüyümüz, amma artıq iylənmiş, üfunət iyi verən suyu içməklə ağıllarını itirib ölümlərini tapdılar.
Dəstəmdəki əsgərlər ilk vaxtlar gecə ilə qaçıb aradan çıxırdılar. Sonra qiyam qaldırmağa başladılar. Üzümə ağ olanları cəzalandırarkən ən amansız üsullardan da çəkinmir və tərəddüdsüz yoluma davam edirdim.
Sentruonlardan biri üsyançıların çarmıxa çəkilmiş yoldaşlarının qisasını almaq üçün məni öldürmək istədiklərini deyənə qədər vəziyyət belə davam etdi. Məsələnin qəizləşdiyini görəndə sədaqətlərinə inandığım bir neçə əsgərlə düşərgədən qaçdım. Ancaq gecənin zülmət qaranlığında bir-birimizi itirdik. Tək-tənha qaldım. Kritlinin atdığı oxa hədəf olub yaralandım. Bir neçə gün su axtara-axtara səhranı dolaşdım. Bəlkə də bu cəmisi bir gün sürmüşdü.
Lakin dəhşətli bürküdən, susuzluqdan və təşnəlik qarşısındakı qorxudan zaman mənə belə uzun görünmüşdü. Atımın başını buraxıb yol seçməyi onun öz ümidinə qoymuşdum.
Sübh çağı üfüqdə ehramlar və qüllələr göründü. Məni qara basırdı. Özümü alçaq tavanlı, səliqəli bir labirintdə hiss edirdim. Onun tən ortasında su dolu bardaq qoyulmuşdu. Gözlərim bardağı görürdü, əllərim az qala ona toxunurdu. Lakin labirintin dəhlizləri o qədər dolaşıq və məkrli idi ki, artıq suya çatmadan öləcəyim mənə əyan olmuşdu.
II
Nəhayət, bu dəhşətli qarabasmaları beynimdən qovanda əllərim bağlı halda dağın dik yamacında qazılan və adi qəbirdən o qədər də fərqlənməyən uzunsov oyuqda olduğumun fərqinə vardım. Oyuğun kənarları nəm idi, divarlarını insan əllərindən daha çox zamanın cilaladığı sezilirdi. Ürəyimin sinəmdə bərk-bərk döyündüyünü, susuzluğun isə az qala bütün bədənimi yandırdığını aydın hiss edirdim. Oyuqdan kənara boylanıb zəif səslə qışqırdım.
Dağın ətəyində, qumların və zibil qalaqlarının arasından burula-burula bulanıq sulu irmaq axırdı. İrmağın qarşı tərəfində isə doğan, bəlkə də batan günəşin şəfəqləri altında Ölməzlər Şəhəri bərq vururdu.
Bəli, bu həmin şəhər idi. Başqa cür ola bilməzdi. Mən divarları, tağları, frontonları və meydanları görürdüm. Şəhər özülə bənzəyən sal daşdan ibarət yamacın üzərində yüksəlirdi. Uzandığım oyuq kimi yüzlərlə əyri-üyrü oyuq dağın ətəyinə və vadiyə səpələnmişdi.
Qumluqda o qədər də dərin olmayan quyular gözə dəyirdi. Ətrafdakı oyuqlardan və çalalardan dəriləri bozarmış, saqqalları pırtlaşıq çılpaq adamlar çıxırdılar. Mənə elə gəldi ki, onları tanıyıram. Onlar Ərəb körfəzinin sahillərinə və efiopların mağara tipli yaşayış məskənlərinə basqınlar düzəldən vəhşi, qəddar troqlodit tayfasından idilər. Gördüyüm adamların danışa bilmədiklərini və ilan əti yediklərini eşitsəydim, qətiyyən təəccüblənməzdim.
Susuzluq məni taqətdən saldığından cəsarətlənmişdim. Fikrimdə hesabladım: irmağın qumlu sahili təxminən otuz futluq məsafədə idi.
Gözlərimi yumub əllərim arxada bağlı halda yamac boyu üzü aşağı yuvarlanmağa başladım. İrmağa çatan kimi əzilib qana bulaşmış dodaqlarımı bulanıq suya dirədim. Vəhşi heyvanlar suvatdan su içən kimi içirdim.
Yenidən huşumu itirib sayıqlamağa başlamamışdan əvvəl nədənsə yunan dilində „Ezerin suyundan içən varlı Zela sakinləri” sözlərini təkrarlayırdım.
İrmağın kənarında neçə gün neçə gecə qaldığımdan xəbərsizəm.
Yamacdakı oyuğa qayıtmağa taqətim çatmadığımdan miskin, lüt-üryan vəziyyətdə naməlum sahildə uzanıb başıma nə gələcəyini gözləyirdim. Günəşin və ayın həyatımla amansızcasına oynadıqlarının fərqində deyildim.
Cahillikləri ucbatından uşaq kimi sadədil olan troqloditlər isə nə yaşamağıma, nə də ölməyimə kömək edirdilər. Əbəs yerə onlara məni öldürüb canımı əzabdan qurtarmaq üçün yalvarırdım. Nəhayət, günlərin birində qollarıma vurulmuş qandalları qayanın sivri kənarına çırpıb qıra bildim.
Ertəsi gün isə mən - bir vaxtlar Roma legionunun hərbi tribunu olan Mark Flamini Ruf ilk murdar ilan əti tikəsini oğurladım, bəlkə də sədəqə kimi aldım...
Ölümsüzləri görmək, fövqəlbəşərlərin yaşadıqları Şəhərin daşlarına toxunmaq ehtirası düşüncəmə hakim kəsilmiş, yuxum ərşə çəkilmişdi. Elə bil vəhşilər də niyyətimi başa düşmüşdülər. Gözlərinə yuxu getmirdi. Əvvəlcə məni güddüklərini sezdim. Sonra sanki narahatlığım onlara da sirayət etdi. Adətən belə həssaslıq itlərdə olur. Vəhşilərin məskənini ən hərəkətli vaxtda - qürub çağı tərk etməyi qərara aldım. Adətən bu saatlarda onlar günlərini keçirdikləri çalalardan və oyuqlardan çıxır, korşalmış gözləri ilə batan günəşə tamaşa edirdilər.
Uca səslə dua oxumağa başladım. Var gücümlə qışqırmaqdan məqsəd Allahın mərhəmətini qazanmaqdan daha çox ətrafdakı insan sürüsünü qorxutmaq idi. Sonra zibil qalaqlarının arasından burula-burula axan kiçik irmağı keçib Şəhərə üz tutdum.
Vəhşilərdən ikisi, ya üçü gözə görünməməyə çalışaraq dalımca gəlirdilər. Digər tayfadaşları kimi onlar da balaca boylu idilər. Adama qorxudan daha çox ikrah hissi təlqin edirdilər.
Əyri-üyrü qazılmış bir neçə bünövrənin yanından keçdim. Fikrimcə onlar köhnə daş karxanaları idi. Şəhərin böyüklüyündən gözlərim alacalanmışdı. Onun yaxında olduğunu zənn edirdim. Amma düşündüyüm kimi deyilmiş.
Yalnız gecə yarısı Şəhər divarlarının qara kölgəsinə gəlib çata bildim. Bu kölgələr qum üzərində heyrətamiz sirli naxışlar salmışdılar. Müqəddəs bir qorxu içərisində quruyub qalmışdım. Birdən-birə qarşıma çıxan Şəhər və gecə vaxtının səhrası o qədər yad, o qədər qorxunc idi ki, bura qədər gizlicə dalımca gələn vəhşini görəndə sevincimi gizlədə bilmədim.
Qumda uzanıb gözlərimi yumdum, yuxuya getmədən səhərin açılmağını gözləməyə başladım. Şəhərin nəhəng sal qaya üzərində salındığını artıq demişdim. Bu qayanın dairəvi sərt yamacları da Şəhərin qala divarları kimi keçilməz idi.
Yorğunluqdan ayaq üstə güclə dayanırdım. Nə qədər axtarsam da, nə qara qayada ayaq qoymağa bir yer, nə də hamar divarda qapıya bənzəyən bir keçid görə bilirdim. Günortanın dəhşətli bürküsü məni yaxınlıqdakı mağarada gizlənməyə məcbur etdi.
Mağaranın içərisində quyu vardı, onun dərinliklərinə doğru pilləkən enirdi. Pillələrlə aşağı düşdüm. Çirkli, dolaşıq keçidlərdən adlayıb tağlı tavanı olan bir otağa çıxdım. Qaranlıqda divarları güclə seçə bilirdim. Yerin altındakı bu otağın doqquz qapısı vardı. Onların səkkizi adamı labirintin içərilərinə aparır və aldadıcı yollarla geri qaytarırdı.
Yalnız sonuncu-doqquzuncu qapıdan labirintlər vasitəsi ilə digər otağa keçmək mümkün oldu. Əvvəl düşdüyüm yer kimi bura da dairəvi idi. Yerin altındakı belə sərdabələrin dəqiq sayını xatırlamıram. Üzləşdiyim uğursuzluqlardan, keçirdiyim həyəcan dolu anlardan sonra bəlkə də bu say mənə həqiqətdə olduğundan daha çox görünürdü. Hər tərəfə vahiməli sükut hakim kəsilmişdi.
Yerin dərinliyindəki bu daş koridorlarda heç bir səs-səmir eşidilmirdi. Yalnız haradan əsdiyi bilinməyən yeraltı küləyin xəfif uğultusunu, bir də qayaların arası ilə axan paslı suyun zəif şırıltısını fəhm eləmək mümkün idi.
Mən dəhşət içərisində bu yeni, əcaib dünyaya alışdığımı anlayırdım. Artıq doqquz qapılı sərdabədən və qarmaqarışıq labirintlərdən başqa hər hansı bir dünyanın mövcud olduğuna inana bilmirdim.
Yerin altında nə qədər gəzib dolaşdığımı xatırlamıram. Yalnız bir şey yadımdadır: dolaşıq keçidlərdə canımın hövlündən ora-bura vurnuxanda bir vaxtlar dünyaya göz açdığım şəhər, yoxsa vəhşilərin ürəkbulandıran qəsəbəsi üçün daha çox darıxdığımı kəsdirə bilmirdim.
Hansısa koridorun dərinliyində gözləmədiyim halda divarda çıxış qapısı tapıldı.
Uzaqdan yayılan günəş şüası düz üstümə düşdü. Qaranlıqdan yorulmuş gözlərimi yuxarı qaldırdım və başgicəlləndirici yüksəklikdə səmanın bir parçasını gördüm. Göy üzü nədənsə əvvəlcə mənə tünd qırmızını xatırladan mavi rəngdə idi. Divarla yuxarı dəmir pilləkənlər qalxırdı.
Yorğunluq və həyəcandan üzülüb əldən düşsəm də, son qüvvəmi toplayıb dəmir nərdivanla yuxarı qalxmağa başladım. Arada yalnız içimi bürümüş xoşbəxtlikdən hıçqıra-hıçqıra ağlamaq üçün ayaq saxlayırdım.
Budur, artıq kapitelləri və astraqalları, üçbucaq və dairəvi frontonları, mərmərdən və qranitdən düzəldilmiş əzəmətli abidələri görürdüm. Demək, qaranlıq labirintlərin əsarətindən qurtarıb Şəhərin göz qamaşdıran əsrarəngizliyinə qovuşmuşdum.
Yuxarı çıxanda özümü balaca bir meydançada, daha dəqiq desəm, iç həyətdə gördüm. Həyət dörd tərəfdən əyri-üyrü forması və müxtəlif hündürlükdə divarları üzərində əcayib kümbəzlər və sütunlar dayanan tikili ilə əhatə olunmuşdu. İlk növbədə bu qeyri-adi binanın çox qədim zamanların yadigarı olması diqqəti çəkdi. Mənə elə gəldi ki, bina adamlardan, hətta üstündə yerləşdiyi torpağın özündən də qədimdir. Düşündüm ki, belə qədim binanı (hələ burada insanın gözlərini qorxudan hansısa bir özəlliyin olmasını demirəm) yalnız Ölməzlər tikə bilərdilər.
İlk dəqiqələrdə ehtiyatla, sonra laqeyd halda, axırda isə heç nəyə məhəl qoymayan dəliqanlı ədası ilə bu qarmaqarışıq həyətin pilləkənlərini, keçidlərini gəzib dolaşdım. (Yalnız pilləkənlərin müxtəlif hündürlükdə və genişlikdə olmasının fərqinə varanda birdən-birə niyə belə möhkəm yorulmağımın səbəbini başa düşdüm).
Əvvəlcə gəzdiyim sarayın allahların yadigarı olduğunu düşündüm. Lakin boş otaqları dolaşandan sonra fikrim dəyişdi: onu tikən allahlar artıq ölüblər. Sarayın qeyri-adiliyini seyr edəndə isə öz-özümə dedim: onu tikən allahlar dəli olublar. Bu sözləri qeyri-adi bir ittihamla söylədiyim də dəqiq yadımdadır.
Qorxu hissi keçirməkdən daha çox vicdan əzabı çəkirdim. Gördüklərimin nə qədər dəhşətli olduğunu duyğularımdan daha çox ağlımla dərk edirdim.
Tikilinin qədimliyindən doğan təəssüratlara yeniləri əlavə olunurdu: onun ölçüsüzlüyünü, eybəçərliyini və cəfəngliyini daha dərindən anlayırdım. Qaranlıq labirintdən təzəcə çıxmışdım. Amma işıqlı Ölməzlər Şəhəri məndə yalnız qorxu və ikrah hissi doğurmağa başlamışdı. Labirinti insanları dolaşdırmaq, azdırmaq üçün düzəldirlər. Labirintin simmetriyalarla zəngin memarlığı yalnız bu məqsədə xidmət edir.
Mənim həyətində dayandığım tikilinin memarlığında isə heç bir məqsəd güdülməmişdi. Hara baxırdınsa, dalana dirənən koridorlar, adam əli çatmayan pəncərələr, balaca otaqlara, yaxud keçilməz yeraltı lağımlara açılan təmtəraqlı qapılar, pillələri və məhəccərləri çölə tərəf qabarmış əyri pilləkənlər görünürdü.
Elə pilləkənlər də vardı ki, onlar divarla üzüyuxarı, əzəmətli tavana doğru yüksəlir, amma bir neçə dəfə burulandan sonra elə bil suvağı qopmuş künbəzin altında gözəgörünməyən maneyə toxunaraq yarıda qırılırdılar. Hər şeyi olduğu kimi dəqiqliyi ilə təsvir etdiyimi deyə bilmərəm. Amma aradan illər keçəndən sonra da bu götüntülər yuxumu qaçırırdı. Ona görə də nələrin həqiqətən olduğu kimi yadımda qaldığını, nələrin isə gecə qarabasmalarının dəhşətindən yarandığını söyləmək çətindir.
Düşünürdüm ki, bu şəhər dəhşətlidir; hətta səhranın ucsuz-bucaqsız dəriliklərində yerləşsə də, onun mövcudluğu, yaşaması bütün keçmişi və gələcəyi zəhərləyir, məhv edir, dünyaya meydan oxuyur. Nə qədər ki, bu Şəhər var, dünyada heç kəs xoşbəxtliyi və həyatın mənasını dərk etməyəcəkdir. Mən Şəhərin üzərindən mübhəmlik pərdəsini götürmək istəmirdim.
Müxtəlif dillərdəki sözlərin qarmaqarışıqlığı, bədənlərinin bütün əzalar ı- başları, quyruqları, bağırsaqları ilə bir-biri ilə çulğalaşan, bir-birinə nifrət edən pələng və öküz cəmdəkləri- mənim təsəvvürümdə bu Şəhər belə idi.
Nəm və qumlu yeraltı sərdabələrlə necə yol tapıb geriyə qayıtmağım indi də mənə bir sirri-xuda kimi görünür. Yalnız axırıncı labirintdən çıxandan sonra özümü bir də haçansa Ölümsüzlər Şəhərində görmək ehtimalının yaratdığı qorxunun varlığımı bir an da olsa, tərk etmədiyini yaxşı xatırlayıram. Başqa heç nəyi yadıma sala bilmirəm, nə qədər çalışsam da, keçmişi xatirəmdə canlandırmağı bacarmıram. Lakin, görünür, mən hər şeyi könüllü şəkildə unutmuşdum.
Görünür, geriyə qayıtmağım o qədər çətin olmuşdu ki, indi əsla xatırlaya bilmədiyim günlərin birində hər şeyi həmişəlik beynimdən silib atmaq qərarına gəlmişdim.
III
Sərgüzəştlərim haqqındakı hekayətin diqqətli oxucuları vəhşilərdən birinin diş-diş Şəhər hasarlarının dibinə kimi məni qarabaqara izlədiyini təbii ki, yaddan çıxarmayıblar. Axırıncı sərdabədən keçib yeraltı aləmdən çıxandan sonra bu vəhşini yenidən gördüm. O, küt sifətlə uzanıb qumda nə isə çəkir, sonra isə əlinin bir hərəkəti ilə hərflərə oxşayan işarələri pozurdu.
Əvvəlcə həmin işarələri vəhşi tayfanın əlifbası hesab etdim. Amma dərhal da başa düşdüm ki, hələ danışmağı bacarmayanların yaza bildiklərini düşünmək səfehlikdir.
İşarələr bir-birindən fərqlənirdi. Bu isə onların nəyinsə rəmzləri olma ehtimalını ya yerli-dibli istisna edir, ya da əhəmiyyətli dərəcədə azaldırdı. Vəhşi dayanmadan xətlər çəkir, diqqətlə onlara baxır, nələrisə düzəldirdi.
Sonra sanki bayaqdan bəri məşğul olduğu iş onu bezdirdi. Əli və dirsəyi ilə xətlərin hamısını pozdu. Mənə baxdı və elə bil ki, tanıdı. Ürəyimə bir yüngüllük, toxtaqlıq gəldi. Özümü son dərəcə tənha hiss etdiyimdən mağaranın qumlu döşəməsindən üzümə baxan bu ibtidai məxluqun neçə vaxtdan bəri burada məni gözləməsi fikri ağlıma gəldi.
Günəş hələ də amansızcasına şaxıyırdı. Hətta gecə yarısı ilk ulduzların işığı altında troqloditlərin kəndinə tərəf yola çıxanda da ayaqlarımızın altındakı qum təzəcə qalanmış soba kimi isti idi.
Vəhşi məndən qabaqda gedirdi. Bu gecə onun bəzi sözləri anlamasına, hətta ardımca təkrarlamasına nail olmaq istəyirdim. Fikirləşirdim ki, itlər və atlar insanın verdiyi ayrı-ayrı əmrləri anlaya bilirlər. Bəzi quşlar, məsələn, tutuquşu isə hətta bütöv sözləri və cümlələri təkrarlayır. İnsan ağlı nə qədər ibtidai və cilalanmamış olsa da, hər halda şüursuz məxluqların bacardıqlarından böyük şeylərə qadirdir.
Vəhşi o qədər miskin və zavallı vəziyyətdə idi ki, mənə „Odisseya”dakı zəiflikdən can verən qoca və xəstə iti - Arqusu xatırlatdı. Öz-özlüyümdə onu Arqus adlandırdım və heç olmazsa, adını öyrətməyi qərara aldım. Lakin nə qədər çalışsam da, hər dəfə uğursuzluğa düçar olurdum. Bütün cəhdlərim boşa gedirdi. Səbrliliyim, sərtliyim, onu nəyəsə məcbur etməyə çalışmağım heç bir fayda vermirdi.
Hərəkətsizliyi, donuq baxışları ilə tamam başqa bir aləmdə idi. Az qala qulağına qışqırdığım sözlərin heç birini eşitmirdi. O, yaxında dayanmışdı, amma həm də çox uzaqda idi. O, elə bil lavadan düzəldilmiş balaca, dağılıb getməkdə olan sfinks kimi qumun üzərində uzanmışdı və göylərin sübh şəfəqlərini qürub qızartıları ilə əvəz etməsinə laqeydliklə baxırdı. Qəti əmin idim: vəhşi nə istədiyimi başa düşməyə bilməzdi. Yadıma efioplarla bağlı bir məsələ düşdü.
Onlar meymunların yalnız işə buyrulmamaq üçün qəsdən danışmadıqlarına ürəkdən inanırlar. Arqusun sükutunu da mən həmin qorxu və inamsızlıqla izah edirdim. Sonra ağlıma daha qeyri-adi fikirlər gəldi. Bəlkə biz Arqusla tamamilə başqa-başqa dünyanın adamlarıyıq, hər şeyi eyni şəkildə qəbul etsək də bütün bunlar Arqusda tamamilə fərqli asossasiya doğurur? Bəlkə də onun təsəvvüründə heç bir şey mövcud deyil, sadəcə bunların yerini ani təəssüratların başgicəlləndirici və arasıkəsilməz oyunu tutur?
Fikirləşdim ki, bu yaddaş və zaman anlayışlarının itirildiyi bir dünya ola bilər. İsimlərin mövcud olmadığı, yalnız fellərin və hər hansı şəkilçi qəbul etməyən epitetlərin işləndiyi bir dili təsəvvürümdə canlandırmağa çalışdım.
Beləcə günlər, onların ardınca isə illər biri-birini əvəz edirdi. Və bir səhər xoşbəxtliyə bənzəyən hadisə baş verdi. Yağış yağdı, arasıkəsilməz və güclü yağış...
Gecələr səhrada hava bəzən soyuq olur. Həmin gecə isə elə bil tonqal qalanmışdı. Qarabasmanın təsiri ilə düşünürdüm ki, məni bu qızmar səhradan götürüb aparmaq üçün üstümə böyük bir çay axır (bir zamanlar o çaydan tutduğum balığı qaytarıb yenidən suya atmışdım).
Sarı qumda uzanıb başımı qara daşın üstünə qoymuşdum. Xəyalımdakı çayın mənə yaxınlaşmasını, məni ağuşuna alıb aparmasını gözləyirdim. Göy üzünün birdən-birə açılması və yağışın şıdırğı səsi xəyallarımı yarıda qırdı.
Lüt anadangəlmə halda daldalandığım mağaradan bayıra çıxdım. Artıq dan sökülürdü. Özlərini məndən heç də az xoşbəxt hiss etməyən tayfa əhli çılpaq bədənlərinin yağış damlaları ilə təmasından az qala dəli olmaq dərəcəsinə gəlmişdilər.
Arqus ilahi lütfə nail olmuş Kibela kahinləri kimi gözlərini səmaya zilləyərək yavaşca zarıyırdı. Onun sifətindən üzü aşağı axan damlaların yalnız yağış suyu deyil, həm də göz yaşı olduğunu sonralar öyrənə bildim.
- Arqus! - deyə üzümü ona tərəf tutub qışqırdım. - Arqus!
Və elə bu zaman Arqus sevinc içərisində sanki çoxdan yerini unutduğu, itirdiyi bir şeyi tapıbmış kimi dalbadal bu sözləri dedi:
- Arqus! Ulissin iti. - Sonra isə mənə baxmadan əlavə etdi:
- Zibilliyə atılmış köpək.
Biz reallığı çox asanlıqla qəbul edirik. Bəlkə də ona görə ki, intuitiv şəkildə heç nəyin əslində mövcud olmadığının fərqindəyik. Arqusdan „Odisseya” haqqında nə bildiyini soruşdum. Yunanca danışmağa çətinlik çəkirdi. Sualımı bir də təkrarlamalı oldum.
- Çox az şey bilirəm, - dedi. - Hətta ən istedadsız rapsoddan da az! Bu dastanı yazdığım dövrdən min yüz ildən də çox vaxt keçib.
IV
Hər şey elə həmin gün aydın oldu. Sən demə, Ölməzlər troqloditlərin özləri, boz-bulanıq sulu qumlu irmaq isə atlının axtardığı həmin çay imiş. Şöhrəti Qanqa qədər gedib çıxan Şəhər doqquz əsr bundan əvvəl dağıdılıbmış. Onun qalıqlarından, tör-töküntülərindən elə həmin yerdə içərisində olduğum əcaib tikilini ucaltmışdılar.
Bu artıq Şəhər deyil, ona parodiya idi. Bu dünyanı idarə edən ağılsız allahların şərəfinə tamam baş-ayaq ucaldılmış bir məbəd də sayıla bilərdi. Bizə bəlli olan bir şey vardısa, o da həmin allahların insanlara bənzəməmələri idi.
Gördüyüm tikili isə Ölümsüzlərin əllərinin toxunduğu sonuncu rəmz idi. Bundan sonra yeni mərhələ başlanırdı. Artıq hər cür iş və hərəkətin mənasızlığı fikrinə gələn Ölümsüzlər bütün vaxtlarını yalnız fikirləşməyə, yalnız ətraf aləmin seyrinə dalmağa sərf etmişdilər. Onlar əzəmətli tikilini başa çatdırmış, sonra isə yerli-dibli unutmuşdular. Məhz bu səbəbdən də yaşamaq üçün təkrar mağaralara qayıtmışdılar. Sonra bütünlüklə inzivaya çəkilərək ətraf aləmi dərk etmək qabiliyyətini itirmişdilər.
Bütün bunları Homer körpə uşağa nağıl danışırmış kimi mənə danışdı. Özünün qocalıqdakı həyatını anlatdı. Ulissin səyahətinə bənzəyən son səyahətindən, dənizin mövcudluğundan xəbərsiz qalan, əti duzlamadan yeyən, avarın nə olduğunu bilməyən adamları axtarıb tapmaq arzusundan söhbət açdı. Yüz ildən çox Ölümsüzlər Şəhərində yaşamışdı. Şəhər dağıdılandan sonra həyətində dayandığım əcaib tikilinin inşası da onun ideyası olmuşdu. Burada qeyri-adi nə isə axtarmağa lüzum yoxdur.
Homerin əvvəlcə Troya müharibəsini, sonra isə siçanlarla qurbağaların savaşını tərənnüm etməsi tarixdən bəllidir. O da eyni ilə əvvəlcə Kainatı, sonra isə Xaosu yaradan Allah kimi hərəkət etmişdi.
Ölməzlərin həyatı başdan-başa boşluqdan ibarətdir. Əslində, insandan başqa bütün canlı varlıqlar ölümsüzdürlər. Çünki onların ölüm haqqında təsəvvürləri yoxdur. Özünü ölümsüz hiss etmək isə həm ilahi duyğudur, həm də dəhşətdir, ağlasığmaz bir şeydir.
Mən fikir vermişəm ki, dini baxışların çoxluğuna və müxtəlifliyinə baxmayaraq ölümsüzlüyə inam hissinə son dərəcə nadir hallarda təsadüf olunur. İudeylər, xristianlar və müsəlmanlar ölümsüzlük fikrini qəbul edirlər. Lakin özlərinin ilk, maddi, yer üzündəki həyatlarına həddindən artıq önəm vermələri yalnız bu həyata ürəkdən inandıqlarını göstərir. Bütün qalan ayinlər isə kimlərisə bu dünyadakı həyat üçün mükafatlandırmaq, yaxud cəzalandırmaq məqsədi güdür.
Hindistanın bəzi dini cərəyanlarında təsadüf olunan girdab anlayışı mənə daha xoş gəlir. Bu girdabda başlanğıc və son yoxdur.
Hər bir həyat özündən əvvəlkinin davamıdır, eyni zamanda özündən sonrakının rüşeymlərini daxilində yaşadır. Onlardan heç biri tamın, bütövün mücəssəməsi kimi çıxış edə bilməz. Əsrlərin təcrübəsindən yararlanan Ölümsüzlər respublikası dözümlülük, hər şeyə laqeyd, hətta deyərdim ki, nifrətamiz münasibət məsələsində kamilliyin zirvəsinə yüksəlmişdi.
Onlar başa düşürdülər ki, sonu olmayan həyatlarında hər kəs hər şeylə üzləşə bilər. Özlərinin keçmiş, yaxud gələcək yaxşı əməlləri sayəsində hər biri sonda mərhəmət və şəfqətə layiq görülə bilər. Lakin eyni zamanda onların hər biri keçmiş, yaxud gələcəkdəki rəzillik və yaramazlıqları ucbatından istənilən xəyanət və alçaq əməli də törətməyə hazır idi.
Qumar oyunlarında tək və cüt çox vaxt demək olar ki, bərabər sayda düşərək bir-birlərini tamamladıqları kimi Ölümsüzlərdə də istedad və qabiliyyətsizlik qarşılıqlı şəkildə biri-birlərini islah və məhv edirdi. Bu baxımdan bəlkə də zövqsüz bir əsər olan „Sid haqqında nəğmə” „Ekloq”lardakı yeganə bir epitetin, yaxud Hekalitin hansısa sentensiyalarının qarşılığı idi. İlk baxışdan nəzərə çarpmayan adi şəklin doğurduğu ani bir fikir də hər şeyi çox gözəl gizlədə, yaxud anlaşılması çətin olan bir müəmmanı asanlıqla açıqlaya bilər.
Mən keçmişdə törətdikləri naqis əməllər sonrakı əsrlərdə xeyirxahlıq kimi dəyərləndirilən adamlar tanıyıram. Əgər hər şeyə bu bucaq altında yanaşsaq, o zaman bütün hərəkətlərimiz ədalətlidir, eyni zamanda onların heç bir dəyəri yoxdur. Deməli belə çıxır ki, nə mənəvi, nə əxlaqi, nə də rasional meyarlar mövcuddur.
Homer „Odisseya”nı qələmə almışdı. Lakin şəraitin çoxsaylı və sonu görünməyən kombinasiyalar yaratdığı sərhədsiz zaman genişliyində kiminsə, nə vaxtsa yeni bir „Odisseya” müəllifi olması imkanı həmişə qüvvədə qalır. Burada hər bir adam bir heçlikdir, eyni zamanda hər bir Ölümsüz dünyadakı bütün insanlardır.
Korneli Aqrippi dediyi kimi, mən - allaham, mən - qəhrəmənam, mən - filosofam, mən - şeytanam, mən - bütün dünyayam! Əslində isə bu bir mən kimi mənim olmadığımı söyləməyin ən usandırıcı yoludur.
Dünyaya hər şeyin nə isə başqa bir şeylə qarşılıq verildiyi sistem kimi baxmağı təlqin edən bu görüşlər Ölümsüzlərə güclü təsir göstərmişdi. Onlar ilk növbədə şəfqət hissini itirmişdilər. Mən çayın qarşı sahilindəki daş karxanaları haqqında danışmışdım. Ölümsüzlərdən biri sürüşüb oradakı ən dərin çalaya düşmüşdü. Aydın məsələdir ki, onun əzilməsi, yaxud ölməsi qeyri-mümkün idi. Əvəzində isə susuzluqdan dəhşətli əzab çəkirdi. Lakin yalnız aradan yetmiş il keçəndən sonra bu zavallının xilası üçün həmin çalaya kəndir sallamaq fikri kiminsə ağlına gəlmişdi.
Ölümsüzləri öz şəxsi taleləri də maraqlandırmırdı. Onların bədəni sanki müti bir ev heyvanına çevrilmişdi. Bu heyvanın ölməməsi üçün ayda bir neçə saatlıq yuxu, bir udum su və bir tikə ət yetərli idi. Amma Ölümsüzləri tərkidünya adamlar sırasına yazmağa tələsməyin. Onların fikirləşməkdən duyduqları həzz qədər ikinci güclü bir həzz yox idi. Odur ki, bütün vaxtlarını bu işə sərf edirdilər. Hərdən nə isə fövqəladə hadisələr Ölümsüzləri ətraf aləmə qaytarırdı. Dünyanın əzəli sevinc mənbələrindən biri olan yağışın yağdığı həmin sübh vaxtında olduğu kimi... Ancaq belə istisnalar çox nadir hallarda baş verirdi.
Ölümsüzlər illərlə bir vəziyyətdə qalmağı bacarırdılar. Yadımdadır ki, onlardan biri heç zaman uzandığı yerdən ayağa qalxmırdı. Hətta quşlar sinəsində yuva qurmuşdu.
Əksliklərlə uzlaşmayan heç bir şeyin mövcud olmaması haqqındakı doktrina nəzəri cəhətdən o qədər də əhəmiyyətli deyil. Lakin yalnız bu doktrina sayəsində biz Ölümsüzlər X əsrin başlanğıcında, yaxud da sonunda Yer üzünə yayılmağa başladıq. Bizim məntiq yolu ilə gəldiyimiz nəticə bundan ibarət idi: əgər suyu ölümsüzlük bəxş edən çay varsa, deməli suyu həmin ölümsüzlüyü yuyub aparan çay da mövcuddur.
Yer üzərindəki çaylar sonsuz sayda deyil. Dünyanı gəzib dolaşan Ölümsüz bütün çayları sınaqdan çıxarır. Beləcə, biz ölümsüzlüyü yuyub təmizləyən çay axtarırıq.
Ölüm (yaxud ölümün daim xatırlanması) insanların ürəyini ülvi hisslərlə doldurur, həyatı qiymətli nemətə çevirir. Mövcudluğun əbədi olmadığını dərk edən insanlar özlərini buna uyğun aparırlar. Onlar atdıqları hər addımın sonuncu ola biləcəyini anlayırlar. Elə bir sima yoxdur ki, onun cizgiləri insanın yuxuda gördüyü və tezliklə unutduğu digər simalar kimi yaddaşlardan silinməsin.
Öləri insanlarda hər şeyin yerinin heç nə ilə doldurulması mümkün olmayan əvəzsiz dəyəri var. Ölümsüzlərdə isə bunun əksinə olaraq hər bir hərəkət (və hər bir fikir) artıq keçmişdə itib-batanların, yaxud gələcəkdə insanı dəli həddinə çatıracaq dərəcədə baş verənlərin əks-sədasıdır. Elə bir şey yoxdur ki, heç nəyi göstərməkdən usanmayan güzgülərdə artıq onun əksi olmasın. Ölümsüzlər üçün heç nə bir dəfə olmur, heç nə öz ələdüşməzliyi ilə qiymətli deyil. Qəm, qüssə, adət-ənənələrin müqəddəsləşdirdiyi kədər Ölümsüzlər üzərində ağalıq edə bilmir.
Biz Homerlə Tanjer qapıları önündə ayrıldıq. Deyəsən, heç vidalaşmaq da yadımıza düşmədi.
V
Mən yeni çarlıqları və imperiyaları gəzib dolaşdım.
1066-cı ildə Stemford körpüsündə vuruşurdum. Amma kimin tərəfində olduğumu xatırlamıram. Ya orada öz ölümünü tapan Hapoldun, ya da həmin döyüşdə ingilis torpaqlarının altı fut, yaxud da bundan bir az artıq hissəsini fəth edən Herald Hadradın yanında idim. Müsəlman tarixi ilə hicri VII əsrdə Bulaq şəhəri yaxınlığında indi unutduğum dildə, xatırlaya bilmədiyim əlifbada Sindibadın yeddi səyahətini və Bürünc şəhərin tarixini qələmə almışdım. Səmərqənddə, həbsxananın həyətində dəfələrlə şahmat oynadığım yadıma gəlir. Bikanerdə münəccimliklə məşğul olurdum. Bogemiyada da eyni peşəni davam etdirirdim.
1638-ci ildə Kolojvarda idim. Sonra Leypsiqə getdim. Aberdində olarkən 1714-cü ildə kitabçıdan Aleksandr Popun altı cildlik „İliada”sını aldım. Yadımdadır ki, bu kitabı tez-tez oxuyur və böyük zövq duyurdum. 1729-cu uldə Popun kitabı haqqında bir ritorika professoru ilə mübahisəmiz düşdü. Adı deyəsən Cambattista idi. Mülahizələri mənə inandırıcı göründü. 1921-ci il oktyabrın 4-də sərnişini olduğum və məni Bombeyə gətirən „Patna” gəmisi Eritreyaya yan aldı. Sahilə çıxdım.
Başqa bir səhəri, artıq çoxdan ötüb keçmiş zamanların sübh çağını xatırladım. O zaman da Qırmızı dənizin sahillərində lövbər salmışdıq. Mən Roma tribunu idim. Qızdırma və şər ruhlar isə əsgərlərimi ot kimi biçirdi. Şəhər kənarında şəffaf sulu çeşmə gördüm. Həmişəki adətim üzrə əyilib sudan içdim. Sahilə qalxanda tikan kolu əlimi cızdı. Qəflətən bu kiçik, əhəmiyyətsiz yaranın ağrısını hiss etdim.
Az keçmədən isə gözlərimə inanmadan möcüzə seyr edirdim. Ovcumda, tikanın cızdığı yerdə qan damlası peyda olmuşdu. „Mən yenidən adi, öləri bir insanam!” - deyə öz-özümə pıçıldayırdım. - „Mən yenə də hamı kimiyəm!”.
Həmin gecə səhər açılıb sübh şəfəqləri ətrafa yayılana qədər daş kimi yatdım.
İllər keçəndən sonra bu səhifələri bir də nəzərdən keçirdim. Birinci fəsildə və digər fəsillərin bəzi abzaslarında gözümə saxta notlar dəydi. Bəlkə də bunun səbəbi təfərrüatlara həddindən artıq uymağım idi. Şairlərin əsərlərində belə hallara daha çox təsadüf olunur. Yalan hər şeyi zəhərləyir. Çünki təfərrüatlar yaddaş üçün yox, hər hansı cinayət işinin açılması üçün səciyyəvidir... Lakin mənə elə gəlir ki, daha dərin səbəbləri axtarıb tapa bildim. Məni uydurmaçı saysalar da həmin səbəbləri burada açıqlamağa çalışacağam.
Danışdığım tarixçə iki müxtəlif adamın başına gələn hadisələr biri-birinə qarışdırıldığından qeyri-real görünə bilər. Birinci fəsildə yaralı süvari Fiv şəhərinin divarları önündən axan çayın adını öyrənmək istəyir. Əvvəlcə bu şəhəri Hekatomfilos adlandıran Flamini Ruf süvariyə çayın adının Misir olduğunu söyləyir. Lakin həmin sözlərin heç biri onun öz fikri deyil. Bu fikirlər “İliada”da Fiv şəhərinə Hekatomfilos, “Odisseya”da isə Proteyin və Ulissin dili ilə Nilə Misir çayı deyən Homerə məxsusdur.
İkinci fəsildə ölümsüzlük suyunu içən romalı yunan dilində bir neçə söz söyləyir. Bu sözlər də Homerdən götürülüb. Onları dəniz gəmiləri haqqında söhbət gedən hissənin sonunda tapmaq mümkündür. Sonra başgicəlləndirici memarliği ilə seçilən sarayda romalı hansısa ittihamlar irəli sürür, hətta “vicdan əzabı” haqqında danışır. Bu sözlər də bir vaxtlar eyni dəhşətli vəziyyəti təsvir edən Homerdən götürülmüşdür.
Mətnə münasibətdəki müxtəliflik məni narahat etdi. Lakin estetik səciyyəli fərqlər həqiqəti açmağıma yardımçı oldu. Bu barədə sonuncu fəsildə söhbət gedir.
Orada mənim Stemford körpüsündə vuruşmağımdan, Bulakda dəniz səyyahı Sindibadın macəralarını qələmə almağımdan, Aberdində Aleksandr Popun “İliada”sını sifariş edib gətirtməyimdən danışılır. Həm də bütün bunlar haqqında inter alia (söz arası -l at.) bəhs edilir.
__________________
*Solomon dedi: „ Yer üzündə heç nə yeni deyil”. Platon isə onun fikrini tamamladı: „Yeni olan hər şey sadəcə bir xatirədir”.
Ona görə də yeni sayılan hər şeyin yaxşı unudulmuş köhnə olması haqqındakı müdrik fikir Solomona məxsusdur. Frensis Bekon. „Təcrübələr”. LVIII (ing.)
Tərcümə edəni:
Vilayət Quliyev
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər