Fərqlilik gözəldir - ŞƏLALƏ ƏBİL
Tarix: 7-04-2021, 00:42
Tanınmış yazıçı-publisist Şəlalə Əbil hal-hazırda İsveçdə yaşayır.
CivilAzerbaijan.com Şəlalə Əbilin İsveç məktəbəqədər təlim-tərbiyə və təhsil sistemindən bəhs edən yazısını təqdim edir:
Cəmiyyət nəyə görə fərqliliyə qarşı bu qədər amansızdır? Bəşəriyyət yaranandan bəri tam eyni olan iki adamın mövcud olmadığını bildiyimiz, dünyada neçə adam varsa, bir o qədər də xarakter, düşüncə tərzi olduğunu bildiyimiz halda, niyə tarix boyu həmişə və israrla fərqlilik bu qədər dışlanır və qəbul olunmur? Niyə cəmiyyət patriaxal düşüncə tərzindən yaxa qurtara bilmir?
Niyə, qocaları qoyduq bir kənara, xüsusilə də gənclik, qadın hüquqlarını tapdalayan, gərəksiz, murdar adətləri fərqinə varmadan, öz baxış süzgəcindən keçirmədən, təhlil etmədən, müqayisələr aparmadan kor-koranə təkrar edir, nəsildən-nəsilə ötürür? Niyə cəmiyyət bir oğlanım ayağında qırmızı ayaqqabı görəndə ona “birtəhər” baxır? Niyə ailələr boşananda "ölümünə" ayrılırlar?
Niyə? Niyə? Niyə?
Çünki bizdə mövcud olan təhsil sistemi, öyrətmə mexanizmi yerli-dibli səhvdir. Çünki bütün təhsil sistemi və maarifləndirici vəsaitlər, vasitələr fərqliliyi, qadın haqlarını həm şüuraltı, həm də açıq şəkildə inkar edir.
Mövzum yenə uşaq kitablarıdır. Bagçada 3 yaş qrupunun olduğu bir otaqda nəzərdə tutulmuş kitabları nəzərdən keçirirəm.
Alvanın üç yaşı var, erkən uyumağı xoşlamadığı üçün yatmaq vaxtı gələndə müxtəlif, saysız-hesabsız bəhanələr gətirir. Budur, indi atası onu yatırtmağa aparır. Çarpayısında uzanan Alva birdən susadığını "kəşf" edir və atasından su istəyir. Ata mətbəxə gedib su gətirir. Yatmağını ləngitmək istəyən Alva bu dəfə öz Nalle adlı ayısı ilə uyumaq istəyir.
Atanın ayını Alvanın qarışıq dolabından axtarıb tapmağı bir xeyli vaxt aparır. Sonrakı bəhanə onun tualetə getmək istəməsidir. Təbii ki, ata bu dəfə də ona bu işdə yardımçı olur. Amma onun bəhanələri bitmir, ata isə yorğun düşüb elə Alvanın çarpayısındaca yuxuya gedir. Nəhayət bu balaca qız da yatmış atasına baxa-baxa yuxuya gedir.
Şüuraltı verilən məlumat, danışılan hekayənin mövzusundan bəzən daha təsiredici olur. Uşağı yatmağa aparan ana deyil, atadır. Demək, uşaqları tək analar deyil, həm də atalar da yatırtmalıdırlar.
Başqa bir kitabda təsvir olunan əhvalatda isə bəlli olur ki, Markosun anası bu axşam evdə gecələyə bilməyəcək. Cünki o, sürücüdür, nəhəng yük maşını ilə uzaq-uzaq şəhərlərə yük daşıyır və hər dəfə bu uzaq-uzaq şəhərlərə gün ərzində gedib-qayıtmaq mümkün olmadığı üçün çox vaxt ana, bu dəfəki kimi həmin uzaq şəhərlərdən birində gecələyir, evə ertəsi gün qayıdır.
Burada uşaqlara verilən mesaj, qadın işi, kişi işı deyilən bir ayrı-seçkiliyin olmamasıdır. Nəhəng yük maşınlarını təkcə kişilər deyil, qadınlar da idarə edə, sürə bilərlər.
Növbəti kitabdakı hekayədə isə təsvir olunan ailədə ata və ana ayrılıblar. Onların hər ikisini ayrıca həyatı və münasıbətdə olduqları partnyorları var. Burada uşağa ötürülən məlumat odur ki, ana və ata ayrı da yaşaya bilər, onların hər birinin ikinci və yaxud üçüncü dəfə başqası ilə evlənmək, yaxud da hər hansı münasıbətdə olma haqları var! Bu, onların səni sevmədiyi anlamına gəlmir.
Otaqda olan otuz kitabdan bəlkə də, iyirmisi bu cür fərqliliyin normal bir şey olduğunu anladır və yaxud həmin kitablarda nəql edilən hekayə və hadisələr, standart deyil, məhz fərqli insan və ailələrin, talelərin timsalında təsvir edilir.
Başqa bir kitabda təqdim olunan hekayədə isə ailə iki atadan və yaxud da iki anadan ibarətdir. Məhz elə buna görə də övladını bağçaya gətirən bu cür cütlüklər uşaqlar tərəfindən təəccüblə qarşılanmır. Bu kitablarla böyüyən uşaqlar artıq başa düşürlər ki, insanlar fərqli doğula bilərlər və bunun üçün onları dışlamaq, qınamaq, aşağılamaq olmaz. Fərqli görünən insanların, hamı kimi bu həyatda yaşamaq haqqı və hüququ var. Onların özəl həyatına burnunu soxmağa, müzakirə etməyə kimsənin ixtiyarı yoxdur. Əslində, həyatı gözəlləşdirən elə bu fərqlilikdir.
Bütün dünyada olduğu kimi İsveçdə də fiziki və əqli məhdudiyyəti olan uşaqlar üçün ayrıca məktəb və bağçalar vardır. Amma son dönəmlərin araçdıtmalarının nəticəsi olaraq bu cür uşaqların (təbii ki, hamısının yox, dərəcələrinə baxır) xüsusi deyil, ümumi bağça və məktəblərə getmələri dəstəklənir. Məqsəd həm uşaqları fərqliliyə öyrəşdirmək, onlarda tolerantlığı inkişaf etdirmək, həm də məhdudiyyətli uşaqların özlərini hamıdan biri kimi hiss etmələri üçün şərait yaratmaqdır.
Bağçada hətta eşitmə məhdudiyyəti olanlar üçün istifadə edilən işarət dilinin ən bəsit forması da tədris olunur. Məsələn, uşaqları rənglər, aylar, günlərlə tanış edəndə, eyni zamanda, bu şeylərin işarət dilində göstərişini də öyrədirlər. Beləliklə, uşaqlar eşitmə məhdudiyyəti olan yoldaşları ilə minumum şəkildə ünsiyyət qura bilir, fərqliliyə adi bir şey kimi baxır, tolerant yanaşma tərzini öyrənirlər.
Bu kitabların içində bircə dənə də olsun pafoslu şeir görmədim. Bu kitabların içində bircə dənə də olsun çəhrayı paltarda əlində gəlincik tutmuş ”tərbiyyəli” qız, mavi gelimdə öz maşın oyuncağı ilə oynayan oğlan uşağı təsvir olunmayıb. Bu kitablarda kresloda ayağını ayağı üstə aşırdaraq qəzet oxuyan ata, əynində önlük mətbəxtdə xörək bişirən ana şəkli rastıma çıxmadı.
Valideynlər və müəllimlər bu kitablar vasitəsi ilə yalnız böyüklərin bilməsi gərəkdiyini düşündüyümüz bütün mürəkkəb həyati məsələlər haqqında uşaqlarla rahat bir şəkildə və onların başa düşəcəyi sadə bir dildə danışa bilərlər. Onlardan heç nə gizlədilməməlidir, uşaqlarla bütün mövzularda danışmaq olar və danışılmalıdır.
Cəmiyyətdən dəyişiklik, yenilik istəyiriksə, bütün təhsil sistemi kökündən dəyişməli, uşaq dərslikləri və ədəbiyyatı yenilənməlidir. Bunu isə ilk növbədə dövlət istəməlidir. Bəs, dövlət bunu istəyirmi?
”Sual budur, bu!” (”Hamlet”).
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər