Pippi və onun fərqli corablarının sirri - ŞƏLALƏ ƏBİL
Tarix: 11-07-2021, 16:16
Yazıçı-publisist Şəlalə Əbil hal-hazırda İsveçdə yaşayır.
CivilAzerbaijan.com Şəlalə Əbilin "Pippi və onun fərqli corablarının sirri" adlı yazısını təqdim edir:
Şəlalə Əbil
Pippi və onun fərqli corablarının sirri
Heç tək-tənha yaşayan doqquz yaşlı bir qız uşağı gördünüzmü? Yatmaq vaxtı gələndə, yanında bunu ona söyləyəcək ana-atası olmadığı üçün öz-özünə “Pippi, get, yat!” deyən, dinləməyəndə, bir daha söyləyən, nəticə olmayanda isə sonuncu dəfə yüksək səslə özünə axırıncı xəbərdarlığı edib sonra yatmağa gedən birini gördünüz-tanıdınızmü?
Yatdığı zaman balışa başını deyil, ayaqlarını qoyan və yorğanını ayaqlarına deyil, başına örtən, bəzən də dal-dalı yeriyən biri ilə tanış oldunuzmu heç?
Ona heç vaxt məktub gəlmədiyi üçün bu hissin necə olduğunu yaşamaqdan ötrü, özünə bir parça kağız yazıb zərfin içinə qoyaraq poçtalyona verən və təzədən geri qaytararaq “Sənə məktub var, Pippi!” deməsini xahiş edən bir uşaq qarşınızaçıxdımı heç?
Uzuncorab Pippi ilə İsveç dilində bu ölkənin təhsil sisteminə, uşaqlara yanaşma tərzinə azdan-çoxdan bələd olandan sonra yenidən tanış olmağım mənə indiyə qədər bilmədiyim başqa sirləri də açdı.
Bir xalq, bir ölkə nə qədər şanslı olmalıdır ki, onun, Astrid Lindqren (Astrid Lindgren) kimi yazdığı nağıllarla bütün ölkənin təhsilinə, uşaq tərbiyəsinə, düşüncə tərzinə və illər sonra İsveçdə yeni, azad pedaqoji fəlsəfənin yaranmasına böyük təsirini göstərən bir uşaq yazıçısı olsun.
Astrid Lindqrenin bu əsəri ilk dəfə 1945-ci ildə çap olunub və cəmiyyət, ədəbi mühit tərəfindən birmənalı qarşılanmayıb. Bəs, bütün ənənələri vurub dağıdan, Annikanın simasında, ona qədər olan, tərbiyyəli, səliqəli, söz dinləyən, özündən böyüklərin dediklərinə sorğulamadan əməl edən, ənənəvi, ağıllı, sakit uşaq obrazının tam əksi olan Uzuncorab Pippi kimdir?
Bəs, geyimində, hərəkətlərində, danışığında cinsiyyət fərqini alt-üst edən, azadlığın, özgüvənin, xeyirxahlığın, təbiiliyin simvolu olan, əyləncəli, bacarıqlı Uzuncorab Pippi kimdir?
Doqquz yaşında, anası artıq göylərdə (ölmüş) olan Pippi, gəmidə kapitan olmuş atası ilə okeanda fırtına olana qədər bir yerdə yaşayır. Fırtınada atası bir adaya çıxıb oranın kralı olur və nə vaxtsa onun dalınca gələcəyinə, onu aparacağına söz verir. Atasının illər öncə aldığı evin adı Villa Villekulladır və Pippi kiçik bir şəhərin kənarında yerləşmiş bu baxımsız, köhnə evdə tək yaşamağa başlayır. Tək deyəndə, onun Cənab Nilsson adında bir meymunu və atı var.
Pippi azaddır, istədiyini eləyə bilir. Başqalarının diktəsi ilə istəmədiyi hər hansı bir şeyi heç vaxt yerinə yetirməz və onu buna məcbur eləməyə cəhd göstərənlərə hörmət eləmir.
Pippi yaradıcıdır, hazırcavabdır, fantaziyası çox güclüdür, hər şeyə bir məna, anlam verə bilir. Uşaqlarla şəhərdə gəzəndə, mağazaların birində bilmədən vitrindəki maniken kuklanın qolunu sındırır. Satıcı kuklanın pulunu verməyi tələb etdiyi zaman Pippi pulu artıqlaması ilə ödəsə də, özü ilə yalnız sındırdığı qolu götürür. Uşaqlar: “Tək qolu neyləyəcəksən ki?” deyə soruşanda, Pippi “Üç qolumuzun olması daha sərfəlidir, məsələn, bir əlində çəngəl, birində bıçaq tutub yemək yeyəndə, üçüncü əldən qaşındığımız zaman istifadə edə bilərik” deyə məzəli cavab verir.
Pippi bu qədər güclü və cəsarətli olmağına rəğmən, ürəyi çox yumuşaqdı, kiçik bir quş balasının ölümünə üzülərək ağlayır.
Onun özgüvəni yüksəkdir, təkçə elədiklərindən deyil, həm də zahiri görünüşündən razıdır. Bir dəfə dostları ilə şəhərdə, bir kosmetika dükanının yanından keçən zaman vitrində iri həriflərlə “Sən öz çillərindən əziyyət çəkirsənmi?” cümləsini oxuyan Pippi tez içəri girib satıcıya birbaşa “Yox!” deyir. Satıcı onun nə demək istədiyini başa düşməyəndə, Pippi “Oraya “Sən öz çillərindən əziyyət çəkirsənmi?” yazıb soruşmusunuz, mən də yox deyirəm, əziyyət çəkmirəm, mən öz çillərimi çox sevirəm!” deyir.
Bəs, Uzuncorab Pippini uşaqlara bu qədər sevdirən nədir, görəsən?
Pippi bir uşağın ilk ağlına gələni anındaca eləmək istəyini, amma fərqli səbəblər ucbatından cəsarət etmədiyi şeyləri həyata keçirən, reallaşdıran bir obrazdır.
Məsələn, bəzi uşaqlar, yolun üstündə və ya qırağındakı su xəndəyinə girib özlərini islatmaq, orada gəmi rolunu oynamaq istərlər. Amma valideynin qorxusundan, ya da artıq başına yeridilmiş “Üstünü isladarsan, xəstələnərsən!” kimi “təhlükələrə” görə, yoxlayıb baxandan sonra, bəlkə, xoşuna gələcək, bəlkə də bir daha təkrar eləmək istəməyəcəyi şeyi dənəyə bilmirlər.
Amma Pippi gözünü qırpmadan bunu edir. Annika və Tommi: “Vay, Pippi, sən bütünlüklə yaş oldun!” deyəndə, o, cavabında: “Burada səhv olan nədir ki? Kim deyib ki, uşaqların üst-başı həmişə quru olmalıdırlar?” deyə cavab verir.
Hansı uşaq baxdığı tamaşalarda, ona oxunan və yaxud özünün oxuduğuı kitablarda, zalım, başqalarını incidən, haqsız tərəfin cəzasını vermək, məzlum və incidilən haqlı tərəfə kömək etmək üçün qeyri-adi bir gücünün olmasını arzulamayıb? Yaxud da insafsız, tərbiyyəsiz uşaqlar tərəfindən incidilən birini müdafiə etmək, o yaramazların cavabını verəcək, cəzalandıra biləcək qədər qüvvətli olmağı istəməzdi? Bax, uşaqların arzuladığı bu qeyri-adi güc Pippidə var və o bu sadaladıqlarımı həyata keçirməkdə tərəddüd etmir.
Hansı uşaq istəməz ki, özbaşına xəmir yoğurub, sonra da heç bir təmizlik qaydalarını gözləmədən, məsələn, xəmiri döşəmədə yaymaqla bütün mətbəxi, üst-başını una batıraraq qoğal bişirməsin? (Gəlin etiraf edək ki, bu, uşaqlarımızın ən çox xoşladıqları, bizim isə “Əlini xəmirə, una batırma! Yeri-yurdu bulaşdırarsan, olmaz!” deyib heç vaxt icazə vermədiyimiz və tez-tez rast olunan hadisədir). Amma Pippi bunu edir və öz qoqallarının xəmirini elə döşəmədəcə yayaraq bişirib yeyir, dostlarını da yeməyə dəvət edir.
Hansı uşağın ürəyindən dükandakı bütün konfet və şirniyyatları alıb yemək və başqa uşaqlara paylamaq keçməyib? Pippi bunu edə bilir.
Hansı uşaq məktəbə sevə-sevə, könüllü gedir və hansı uşaq məktəbin tətilə çıxmasına sevinməz?
Pippi həyat şərtlərinə görə anadan olandan gəmidə atası ilə dənizdən-dənizə, okeandan-okeana üzüb keçib ölkələr dolaşdığı üçün məktəbə getməyib, amma gəmidəki bir matrosun ona, hərflərin və rəqəmlərin bəzilərini öyrətməsi nəticəsində çətinliklə də olsa, oxumağı və yazmağı müəyyən qədər bacarır. Amma o, məktəbə getmək ehtiyacının olmadığını deyir, çünki Pippi, həyatda ona lazım olan hər şeyi bilir (Məktəbdə uşaqlara bir ucdan tədris olunan dərslərin onlara həyatda lazım olub-olmayacağı isə başqa bir mövzudur).
Uzuncorab Pippi obrazının hələ əsər ilk dəfə çap olunduqdan sonra geniş tənqidə məruz qalmasına səbəb olan və sizə qəribə gələn davranışları da ola bilər. Məsələn, deyə bilərsiniz ki, bu necə mədəniyyətsiz uşaqdı, qonaq çağrıldığı yerdə, süfrə arxasında oturanları düşünmədən, tortun hamısını bir oturuma yeyir.
Unutmayaq ki, Pippi həm də atı yorulmasın deyə onu qolu uzunu yuxarı qaldırıb apara da bilir. Onu istəmədiyi halda uşaq evinə götürmək istəyən polisləri havaya qaldırıb, sonra yerə ata biləcək qədər qeyri-adi gücə malikdir. Belə bir uşağın yekə tortu tək başına yeməsi də qəribə görünməməlidir, məncə.
Mədəniyyət qaydalarına qalanda, unutmayaq ki, Pippi heç vaxt düzənli bir ev şəraitində yaşamadığına görə bəzi mədəni davranış qaydalarından tam xəbərdar deyil, amma o, bunun fərqindədir, özünə hirslənir, səhvini düzəltməyə çalışır.
Deyə bilərsiniz ki, Pippi niyə bəzən yalan danışır? Əslində, Pippi, Tomminin sözləri ilə desək, sadəcə, özünü yalan söyləyirmiş kimi göstərir. Başqa ölkələr haqqında uydurduğu hap-goplar həm də onun fantaziyasının gücünü göstərir, sözünü deyib qurtarandan sonra da həmin an “Yenə yalan danışdım!” deyə etiraf edir.
Astrid Lindqrenin yaratdığı uşaq obrazları haqqında deyəcəklərim çox olsa da, bu dəfəlik bəsdir.
İndi isə sizinlə Pippisayağı ayrılaq: “Bir daha geri gələ bilmək üçün getmək lazımdır. Əgər indi getməsən, onda necə təzədən geri qayıda bilərsən?” (Məntiq var!)
P.S. Hə, yeri gəlmişkən, heç fərqli corab geyindinizmi? Belə corablar üzərində fərqli rəng və naxış barındırdığı üçün daha maraqlı və gözəl deyilmi? Görəsən, niyə bir cüt corab mütləq eyni olmalıdır? Bu qaydanı kim qoyub? Niyə qoyulmuş qaydaları olduğu kimi qəbul eləyir, olduğu kimi sürdürür, olduğu kimi də özümüzdən sonraya ötürürük?
Niyə?
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər