CİVİLAZERBAİJAN.COM təqdim edir: Ruth RENDELL. "Lap insanlar kimi" - HEKAYƏ

Xəbərin çap versiyası
Tarix: 19-11-2019, 00:00
CİVİLAZERBAİJAN.COM təqdim edir: Ruth RENDELL. "Lap insanlar kimi" -


CİVİLAZERBAİJAN.COM təqdim edir:

Ruth RENDELL

Lap insanlar kimi
(hekayə)

Yarıyuxulu Rəis çarpayıda gərnəşdi. Qarşı tərəfdəki stulda oturan Monti elə bil arşın udmuşdu. Qədəhinə cin süzüb, onu su ilə qarışdıran sahibləri Dikə göz qoyanda itlərin heç birisinin tükü də tərpənmədi. Bir it kimi Monti tünd içkilərə biganə idi, Rəisin spirtli içkilərdən zəndi-zəhləsi getsə də, bunu sahibinə büruzə verməməyə çalışardı. «Georqun tavernası»nda pivə içəndə Dik bəzən Montini də qonaq edərdi. Bu köpəyin isə tütün qoxusun­dan zəhləsi gedirdi. İndi də havada dolaşan bu qoxunu yaxalayan kimi asqırmışdı.

- Sağlam ol! - deyən Dik düşündü ki, siqaretini mətbəxdə, şam yeməyi hazırlayarkən də tüstülədə bilər. Yoxsa bir o qalıb ki, bu ahıl yaşında Monti bronxitə yoluxsun və öskürməkdən boğulsun. Montinin könlünü oxşamaqdan ötrü Dik hər şeyə hazır idi. Soyuducudan hazır bifşteksi çıxartdı, stəkanını götürmək üçün təkrar qonaq otağına dönəndə o, nədənsə Rəislə danışmağa gərək duydu. Monti ilə dost sayılırdılar və ondan sadiq dostu, dünyanı dolaşsa, tapa bilməzdi Dik. Rəisin isə bir az fərqli tipi vardı: hər necə olsa, ona adına uyğun, yəni xətir-hörmətlə yanaşmaq, məsafəli davranmaq lazım idi.

Dik maraqlandı:
- Hə, Rəis, acmamısan ki?
Çarpayıdan düşən Rəis ağır-ağır mətbəxə tərəf yönəldi. Dik də onun ardınca. Bayırda hava qaranlıqlaşır­dı, amma hələlik nələrisə seçmək mümkün idi. Bu vaxt Dikin baxışları Montinin zivədən asılan xanalı canlığına sataşdı. Onu ipdən götürmək lazım idi, çünki gecə yağış yağa bilərdi. Bayıra çıxan Dik qonşusu, ağsaqqal Tomun onun mətbəx pəncərəsindən süzülən işığı sezib, tez özünü dışarı salmayacağını umurdu. Amma, heyhat, onun bu təxminləri heç vaxt doğrulmazdı. Dik canlığa taxılan ilk sancağı açmağa macal tapmamış qonşusunun qapısı aralandı və Tomun xırıltılı və zəhlətökən səsi eşidildi:
- Gecə ayazlı olacaq. Şaxta düşməsə, yaxşıdır.

Düzbucaqlı biçimdəki işıq zolağında Rəisin iri kölgəsinin peyda olması Dikin nəzərindən yayınmadı. Yaxşıca özünü yetirdi. Bəlkə Rəis sayəsində bu qocadan canı qurtulacaqdı. Hasarın dibində arxa ayaqları üstə qalxan Rəis qoca Tomdan azı bir baş hündür idi. Çarəsizlikdən qımışan qonşu geri-geri çəkilməyə başladı.
Dik itini səslədi:
- Gedək, Rəis. Şam yeməyinin vaxtıdır.
Qoca Tom soruşdu:
- Lap uşaq kimidir, vallah. Hətta lap insan kimidir. Adamın canına qorxu salır. Elə baxır, deyərsən ki, hər kəlməni anlayır.

Dik cavab vermədi. Rəisin ardınca mətbəxə yollandı və giriş qapısını bərk çırpdı. Bəzi adamların heyvanları özlərinə bənzətməklə dedikləri təriflər adətən onu cin atına mindirirdi. Yuxunuzda görərsiniz onu! Mənim Rəi­simlə Montim indiyədək rastıma çıxan insan övladların­dan yüz qat üstündür! Yox, əşşi, «lap uşaq kimidir»! Şam yeməyini gözləyən uşaqlar ağlayıb-zığıyar, Dikin əl-ayağına dolaşardılar ən azından. Onun itləri isə indii səbirlə və ağıllı-kamallı oturub gözləyirlər ki, sahibləri vitamin tərkibli, qarnirli bifşteksi onların saxsı qablarına haçan qoyacaq. Son­ra, yəni qablar döşəməyə qoyulanda onlar özlərini tox tuta-tuta ora yanaşacaqdılar.

Dik onların necə yediyinə göz qoymaqdaydı. On dörd yaşına rəğmən, Montinin iştahı elə əvvəlki kimi yerin­dəy­di, amma Rəisə baxanda, o, ləng yeyirdi. Boşaltdığı qabı yalayan it hələ küçük vaxtlarından bəri və hər səfər təkrarladığı hərəkəti elədi: Dikə yanaşıb, öz bozumtul rəngli üzünü sahibinin irəliyə uzanan ovuclarının arasına gömdü. Dik itin qulaqlarını, boynunu oxşayaraq, dedi:
- Ay mənim misilsiz itim!

Erkək itlərin «oğlan» adlandırılmasıyla Dik heç vaxt barışmazdı. Onlar oğlan-filan deyillər. Oğlan uşaqları adə­tən kirli-pasaqlı, tərli-qoxulu, hay-küyçü və nadinc olurlar.
- Halaldır sənə hər şey! Ahıl da olsan, sən - misilsiz itsən.
Rəis isə özünü toxdaq aparırdı. Bu cür məhrəmlik və minnətdarlıq duyğularını o, öz əslinə-nəcabətinə və xarici görkəminə heç vaxt yaraşdırmazdı. Rəis əzəmətlə qapıya yönələndə orada dayanan Diklə Monti bir kənara çəkilib, ona yol verdilər. Rəis keçib, təkrar çarpayıdakı yerində uzandı.

Montinin oturduğu kreslonu isə Dik isidicinin nisbətən yaxınına çəkdi. Yeddinin yarısıydı. Dik qədəhdəki cini içib bitirəndən sonra dedi:
- Hə, indi mən getməliyəm, ancaq uzaqbaşı saat on üçün geri dönəcəyəm. Bu arada siz bir az mürgüləyin. Mən gələndə birlikdə gəzməyə çıxarıq. O’key?
Monti sahibini qapıya qədər ötürdü. Əzəldən bir-birlərinə dərin mehir salmışdılar və axıra qədər də belə olacaqdılar hər halda. İtin arxa ayaqlarını yel xəstəliyi tutsa da, bağlılıqları sürməkdəydi. Dik düşündü: «Hamımızı qocalma təhlükəsi gözləyir və buna hər nə cürsə hazır olmalıyıq. Bu il və ya uzağı gələn il, məsələn, mən də Montini həmişəlik itirə bilərəm …»

Qapını çəkən Dik qarajdan maşını çıxartdı. Telefon köşkünə qədər üç yüz yardlıq (274,3 metr - A.Y.) məsafəni qət elədi. İşlə bağlı söhbətləri heç vaxt evindəki telefonla aparmazdı. Bu məqsədlə eviylə «Geor­qun tavernası» arasındakı telefon köşkündən yarar­lanardı. Beş dəqiqə sonra bu köşkə bir zəng gəlməliydi. Əlbəttə, yenə də bir hoqqa çıxmazsa əgər. Onun cızdığı bütün planlar təkrar alt-üst olmazsa. Sarsaq qadın…

Söyərkən qadınları dişi heyvanlara xas sözlərlə, məsələn, qancıq, inək, madyan adlandırmaq kimi bir xasiyyəti yox idi Dikin. Qadın cinsinə nifrətini bildirməkdən ötrü o, yağlı bir söyüşü daha üstün sayırdı və indi də o cür sözlərdən öz zövqünə görə ən betərini seçdi: «Sarsaq qadın». O, lənətə gəlmiş, o yelbeyin, o tamahkar, o sarsaq qadın… bütün işləri qarışdırmazsa!

Yeddiyə dörd dəqiqə qalmış zəng gəldi. Dəstəyi qaldıran Dik başqasının işlərinə burun soxan birisi olmadığını isbatlamaq üçün əvvəlcədən razılaşdırılan parolu söylədi.
O biri ucdakı qadının bir az narahat, ancaq kübarlığını qoruyan səsini Dik ilk dəfə eşitdi. Qadın dedi:
- Bu axşam hər şey yolunda gedəcək.
- Bezdim lap gözləməkdən.

İndiyədək bu qadınla Dik öz vasitəçisiylə əlaqə saxlayırdı və hər səfər mütləq nə isə planları pozurdu. Dikin bu iş üçün ilk avans məbləğini aldığı gündən düz altı həftə ötmüşdü.
- Hə, sizi eşidirəm.
- Deməli, belə. Bizim barəmizdə heç nə bilməmənizi istərdim… Yəni bizim kimliyimizi siz bilməyəcəksiniz. Danışdıq?

Qadını bu xəyanətə çəkən, bu telefon danışığına məcbur edən iyrənc duyğulara və ya onun kimliyinə Dik heç tüpürmək də istəməzdi. Buna rəğmən o, acıqla soruşdu:
- Bəyəm barənizdə qəzetlər heç nə yazmayacaq ki?

Qorxudan qadının səsi ciyildəməyə başladı:
- Əks halda, siz məni şantaj edə bilərsiniz!
- Elə siz də eyni şəkildə məni hədələyə bilərsiniz. Bu işdə hər iki tərəf riskə gedir. Haydı, nə deyəcəkdinizsə, ona keçin.
- Olsun. Bir ara o, özünü nasaz hiss edirdi, indi yaxşı­la­şıb və əvvəlki kimi gəzintiyə çıxır. Saat doqquzun yarısında o, evdən çıxıb, cığırla Uest-Hitdən keçməklə, Finçli-rouda tərəf yönələcək. Onun haraya və niyə getdiyini bilməniz bir elə vacib deyil. Bunun işə hər hansı dəxli yoxdur.

Dik cavab verdi:
- Bu, heç məni də zərrəcə maraqlandırmır.
- Sizin imkan daxilində evimizdən aralıdakı, kimsəsiz cığırlardan birində durub, gözləməniz məsləhətdir.
- Bax, bu, mənim boynuma. Yaxşı, bəs onu necə tanıya­cağam?
- Əlli yaşı var, ortaboylu və dolu bədənlidir, saçları çaldır, qısa bığı var. Başında şlyapa olmayacaq. Boz tvid parçadan kostyumun üstündən qara xəzli siyah palto geyinəcək. Doqquza on dəqiqə qalmış o, Uest-Hitdən keçən cığırın haradasa tən ortasında olacaq. - Bu yerdə qadının səsi titrədi. - Ümidvaram ki, siz işi təmiz görəcəksiniz? Bunu necə edəcəksiniz?
- Bura baxın, yoxsa siz istəyirsiniz ki, mən öz peşə sirrlərimi telefonda bütün aləmə açıb deyim?
- Bəlkə də, yox, buna gərək yoxdur. Birinci min funtu almısınız?

Dik dedi:
- Düz altı həftə qabaq.
- Əlimdən başqa nə gələrdi, axı? İşin gecikməsinin baisi mən deyiləm ki?! Qalan məbləği də, eynilə avans kimi, bir həftə içində alacaqsınız…
- Yəni bildiyimiz üsulla. Bitdi? Paylaşacağınız başqa bir bilgi-filan qalmadı ki?

Qadın dilləndi:
- Demək olar ki, yox. Ancaq, yox, gözləyin… ya da yox, bu, əhəmiyyətsiz bir şeydir. - Qadın susdu. - Məni peşman etməyə­cəyinizə söz verirsiniz? Bu gün son dəfə imkan yaranacaq. Əgər bu axşam da baş tutmasa, onda planımız olan-qalan əhəmiyyətini itirəcək. Günü sabah hər şey dəyişəcək və mən heç nə…
- Xudahafiz, - deyən Dik sərt hərəkətlə dəstəyi asdı ki, isterikaya qapılan qadının naxoş səsini eşitməsin.
Olayın bütün detallarını bilmək və ya qadının bütün dərd-sərini paylaşmaq onun üstləndiyi vəzifəyə daxil deyildi.

Lənətə gəlmiş sarsaq qadın! Gör, heç zərrə qədər də olsa vicdan əzabı çəkir buna görə?! Bu qadının bircə nəfəri ortadan götürmək üçün ödədiyi o məbləğə Dik gözünü qırpmadan lap yüz adamın da canına qıyardı, çünki onu ancaq pul maraqlandırırdı. Onun üçün heç bir fərqi yox idi: sifarişçi kimdir, qurban kimdir, bu qadın o kişini niyə ortadan götürmək niyyətinə düşüb? Tutalım ki, qadın o qurbanın arvadı və ya məşuqəsiydi. Hə, nə olsun?! Bu cür məhrəm münasibətlər Dikə yerli-dibli yad idi, bunlarla bağlı qaçılmaz sayılan bütün məqamlar - öpüşlər, qucaqlaşmalar, heyvan kimi… yox ey, «heyvan kimi» demək istəmədim, sadəcə iyrənc cinsi əlaqələr Diki çiyrindirirdi. Çünki belə məqamlarda heyvanlar özlərini daha abırlı və ləyaqətli aparırlar… lap insanlar kimi. Telefon köşkünün küncünə tüpürən Dik özünü dışarıdakı soyuq havanın ağuşuna atdı.

Maşını Hemstəd səmtə sürərkən o, qazanacağı pullar barədə düşünürdü. Onları indiyədək yığdıqlarının üstünə qoysa, bax, onda istədiyi məqsədə çata biləcəkdi. Montini satın aldığı gündən bəri illər uzunu o, bu arzusuna çatmaq üçün dəridən-qabıqdan çıxmışdı. Hər cür qazanclı işə girişmişdi bu müddətdə: dələduzluq, oğurluq eləmişdi, adam döyməklə qalmamış, başqalarının sifarişiylə, həm də qisas zəminində iki nəfəri o biri dünyaya göndərmişdi. Qənaətlə yaşadığı, sadəcə itlərinin yeminə pul xərclədiyi üçün kifayət qədər pul toplamışdı ki, döşünə yatan bir evi olsun. Bu ev mütləq Şotlandi­yada, onun şimal-qərb sahillərində, həm də insanlardan mümkün qədər uzaqlarda olmalıydı. Onun xudmani həyə­tində Monti ilə Rəis gen-bol gəzib-oynayacaqdılar. İtlərin süpürgə kolları əkilmiş həyətdə özlərini necə aparacaqlarını, sahiblərinin saxladığı dovşanları necə qovarağa salacaqlarını Dik xəyalında asanlıqla canlandı­rır­dı.

Ömrünün son günlərinə qədər işləmədən, başı-qula­ğı dinc yaşaması üçün də ehtiyat pulu, yatırı vardı. İstəsə, hələ başqa heyvanlar, məsələn, at və bir cüt keçi də saxlaya bilərdi. Monti həyatda olduğu müddətcə isə təzə it almayacaqdı. Bu, ona qarşı əsl haqsızlıq olardı. Monti öləndən sonra başına hansı çarəni qılmaq barədə indidən düşünməyi isə Dik aşkar xəyanət kimi dəyərlən­di­rirdi.

Əsas şərt o idi ki, evin yaxınlığında insanlar yaşama­sın. Bəxti gətirsə, bəlkə də aylarca bir insan hənirtisi eşitməyəcəkdi həndəvərində. Dağların qoynunda, Monti və Rəislə baş-başa yaşayacağı vaxt Dik insanların öz zalımlıqları və alçaqlıqları ilə onu necə əzdiklərini yavaş-yavaş unutmağa çalışacaqdı: donuz kimi içən atasını, kişilərdən və əyləncələrdən başı ayılmayan anasını, sonradan onu övladlığa götürən ailəni, azyaşlı cinayətkarlar üçün islah türməsini, fabrikdə Dikin sızaqlı üzünü və utancaqlığını ələ salıb uğunan gənc qızları, onu hər vəchlə işə götürmək istəməyən və bunu onun təhsil əvəzinə məhkumluğa sahib olmasıyla izah edən müdirləri unudacaq və beləcə, axır ki, umduğu könül rahatlığına qovuşacaqdı.

Belə çıxırdı ki, sırf rahatlıq üçün insan gəbərtmək lazım imiş? Qoy olsun, onsuz da onun üçün bu, ilk cinayət deyildi. Qəssab quzunu hansı soyuqqanlılıqla şaqqalayırsa, Dik də qurbanını eyni amansızlıqla qətlə yetirəcəkdi. Zərərsizləşdirməkdən ötrü əvvəlcə təpəsinə yüngülvarı zərbə endirəcəkdi. Bu zaman başqasının canını ağrıtmaqdan çox Diki əyin-başının insan qanına bulaşma ehtimalı daha artıq dərəcədə rahatsız edirdi. Sonra isə o, var gücüylə qurbanının qırtlağını sıxacaqdı…

Maşını saxlayıb, bir qədəh cinlə sandviç yemək üçün paba (pivəxanaya) girdi. Pab sahibinin pişiyi gəlib, onun dizinin üstündə oturdu. Dik hara getsə, maqnit kimi heyvanları özünə cəlb edirdi, çünki onlar kimin özlərinə dost, məhrəm olduğunu asanlıqla duyurlar. Heyf ki, Rəisin pişikləri görən gözü yoxdur, yoxsa Dik Şotlandii­ya­dakı evində bir cüt pişik saxlamağa da «yox» deməzdi.

Səkkizin yarısıydı. İllərdən bəri o, özünə bir xasiyyət aşılamışdı: işə gedərkən həmişə ehtiyat zaman saxlayar­dı. Odur ki, pişiyi ehmalca dizindən götürüb, yerə qoydu.

Saat səkkiz tamamda o, Hemstəd villici, Uaystoun nohurunu keçib, Branç-Hillə tərəf yönəldi. Uest-Hit roudda maşını əylədi. O sarsaq, ahıl qonşusu gümanında yanılmamışdı: bir az ayazlı olsa da, gözəl və ulduzlu bir gecəydi. Maşında oturub, gözləyən Dik telefonda danış­dı­ğı qadınla özünü bağlayan nələrinsə olub-olmadığını fikrində götür-qoy elədi. Yox, belə bir şey yox idi. Vasitəçisi güvənilən adam idi, pulun Dikə çatdırılma sxemini isə onlar yüz ölçüb, bir biçmişdilər. O ki qaldı qətlə yetiriləcək o zavallıya, bu mənada Dikin qənaəti dəqiq və dəyişməz idi: ən «təmiz» cinayət - tanımadığın birisini öldürməkdir. Bu dünyadakı insanları isə Dik özünə ucdantutma yad sayırdı.

Bir az irəli gedib, o deyilən cığıra baxmaq üçün maşınını Templvud avenüdə saxladı. Uest-Hitə gedən yoldan ayrılan dolanbac cığır oraya daha yaxın idi. Özünü qoruyanı Allah da qoruyur. Bu qətldə hər hansı risk payı olmasa belə, qaçıb aradan çıxmaq üçün variant düşünmək heç fəna sayılmaz. Beş fut enində və yoxuşa qalxan bu cığır daha sonra bağ çəpərlərinin arasıyla uzanırdı. Yoxuşun nisbətən dik olduğu hissələrdə pillələr düzəldilmişdi. Lap dik yerdə küçə fənəri vardı. Ondan əlli yard aralıda, cığırın artıq hasarların əhatəsinə girdiyi qismdə isə ikinci fənər gözə dəyirdi. Bu iki fənər dirəyi arasında uzanan enli qum zolağının hər iki cinahında ağac və kollar əkilmişdi. Dik buranın son dərəcə münasib bir yer olduğunu qət elədi. Qurban cığırın o başındakı hasar­ların arasından çıxıb, ona yaxınlaşana qədər Dik ağacla­rın arasında gizlənər, birinci fənərlə ikinci arasındakı nisbətən qaranlıq zolaqda ikən Dik onun işini bitirər.

Havalar ayazlı keçdiyindən yerli əhalinin böyük qismi evdən çölə çıxmırdı. Bu fikir beynində dolaşdığı an uzaqdan addım səsləri eşidildi və Dik cibindəki, əskiyə bükülmüş dəmir parçasını bərk-bərk sıxdı. Yəni bu, odur? Belə tez? Doqquza iyirmi beş dəqiqə işləmiş? Yoxsa o sarsaq qadın yenə nəyi isə qarışdırıb? Yox, canım, bu, cavan bir qız idi. Dik əvvəlcə onun dikdabanlarının taqqıltısını alqıladı, az sonra isə onun işıq zolağına necə çıxdığını sezdi. Yaxınlaşan qızı Dik kinayə dolu bir maraqla süzürdü: ucaboylu və yaraşıqlı olsa da, paltonun altından qızın o iyrənc yançaqları aşkar seçilirdi. Cığırın bu kimsəsiz qismindən sürətlə keçən qız lap ürkək quş kimi başını sağa-sola çevirirdi. Onun əsəbilik keçirdiyi şübhəsiz idi.

Vecəyaramaz paltosu bədəninə kip oturduğundan və ayağına dikdaban çəkmələr geydiyin­dən qızın yerişi taxta müqəvvanınkını xatırladırdı. Bu­nun­la müqayisədə heyvanlar necə də təbii və şux yeriyir­lər! İndi bunu sırf qorxutmaq xətrinə Dik yuxarıdan qızın üstünə şığımağı və onu var gücüylə silkələməyi elə istərdi ki! Bu hücumdan qızın dişləri şaqqıldayardı. Ya da Dik pillələri enər, onun ardınca düşüb qaça bilərdi. Amma insan övladıyla hər hansı təmas fikrinin özü də Diki iyrəndirirdi. Həm də hələlik o, bu təmasa girməyə əsla məcbur deyildi. Bir də ki qız onun üzünü görsəydi və sonradan bu ərazidə meyit tapılsaydı, mümkün cina­yət­kar kimi polis onun izinə düşərdi. Əgər Diki tutub, dəmir barmaqlıqlar arxasına atsaydılar, onda zavallı Monti və Rəisə kim baxardı? Bunu düşünəndə bütün bədənini əsməcə bürüdü…

Doqquza iyirmi beş dəqiqə qaldı. Evindən çıxan qurban yəqin indi Uaytstoun nohuruna yaxınlaşmaq üzrədir.
Könlündən bir siqaret yandırmaq keçsə də, bu riskə getməyə gərək duymadı. Çünki tütün tüstüsü havada asılıb qalanda insanı duyuq sala bilir. O, cibindəki dəmir parçasını və məftilin ucundakı halqanı əliylə oxşadı. İşlər yolunda getsə, on beş dəqiqə içində hər şey bitəcəkdi. O, evə dönən kimi Rəislə Montini gecə gəzintisinə çıxaracaqdı. Günü sabah isə daşınmaz əmlak dəllalına baş çəkəcəkdi. Şərtini də belə qoyacaqdı: ev həyətli və imkan daxilində insanlardan uzaqda olmalıdır. Dəniz sahilinə də baxa bilərdi.

Ömrü-günü böyük şəhərin kirli dalanlarında keçən, bəlkə də heç ömrü boyu dənizə girməyən Rəis orada ləzzətlə üzəcəkdi. Axı, itlər üzməyi anadangəlmə bacarırlar. Təəssüf ki, bunu insanlar barədə demək olmaz, hər şeyi, girişmək istədikləri hər alasarsaq işi onlara öyrətmək lazım gəlir…
Addım səsləri. Hə, vaxtdır. Doqquza on dəqiqə qalıb. Bu hərif deyəsən, dəqiqlik xəstəsidir. Elə bu xislət də indi onun qəniminə çevriləcək. Hərəkətsiz duran Dik gözünü hasarların arasındakı qara boşluğa zilləmişdi. Az sonra o, öz qurbanının uzaqdan çox da dəqiq olmayan konturlarını seçməyə başladı. Hərif işıqlı zolağa yanaşanda Dikin vücudu gərildi və o, dəmir parçasını ovcunda daha bərk sıxdı. Qadın hər şeyi dəqiq təsvir eləmişdi.

Fənərin işığında bu adamın potaboy, gur və çalsaçlı olması, bərq vuran xəz yaxalığı diqqəti çəkdi. Tutacağı işin əxlaqa ziddd olduğuna inanıb, bundan əl çəksəydi, qarşısında açılan mənzərə Diki bu qənaətdən əlüstü daşındırardı. Görəsən bunun kimi zəngin yaramazlar paltolarının yaxalarını bəzəyən xəzdən ötrü hansısa məsum heyvanın tələdə çırpınaraq, min bir əzab içində canını tapşırması barədə heç ötəri də olsa fikirləşiblər?

Yaxınlaşan hərifin qaraltısı zülmətə qarışanda Dik ağacların arasından çıxdı, qolunu fırlamaqla ona bir zərbə ilişdirdi. Kişi hıqqıldadı, sanki onu hıçqıraq tutmuşdu və ağır çuval kimi yerə çökdü. Qan-filan gözə dəymirdi. Bu isti və ağır bədənlə təmasa qarşı çiyrinmə hissini içində boğan Dik bütün gücünü topladı, qoltuqlarından yapışmaqla yerə sərilməyə başlayan kişini fənərə tərəf sürüdü.

Qurbanının sir-sifətinə baxmaq heç ağlına da gəlmədi, buna maraq da duymurdu: axı, niyə boşuna zaman itirməliydi? Dəmir parçasını cibinə dürtdü, halqalı ipi çıxartdı. İndi qalırdı düzəltdiyi ilməyi kişinin boğazına taxmaq və cəld bir hərəkətlə qırtlağını sıxmaq…

Qəfil eşitdiyi xəfif hənirti Diki hürkütdüyündən ip əlində asılı vəziyyətdəcə qaldı. Bu addım səsi yox, heyvan pəncələrinin yerdən çıxartdığı küt tappıltılar idi. Qəfil geri qanrıldı. Cığırın o biri başından ona doğru gələn ağ-qara taksa köpəyi quyruğunu havada tapança kimi saxlamaqdaydı. İndiyədək Dik bunun qədər gözəl itləri çox az görsə də, indi onun bu saatda və məhz bura­da zühur eləməsi heç arzuolunan deyildi. «İlahi pərvərdi­gara, - deyə düşündü, - indi o, mütləq mənə yanaşacaq. Axı, onlar belə xəlq olunublar». Həqiqətən də, zülmətin qoynundan sıyrılan it Dikin dayandığı işıqlı zolağa keçəndə bir qədər karıxdı. Başını dik tutub, quyruğunu bulayaraq ona yaxınlaşdı.

İtə deyil, taleyinə lənətlər yağdıran Dik ona əl uzadıb, pıçıldadı:
- Nə gözəl itmiş bu. Ağıllı-kamallı. Vallah, misilsiz itsən sən. Ancaq burada durma, haydı, qaç get evinə.
Amma it soyuq bir nəzakətlə ona uzanan əldən yayındı və Dikin yanından ötərək, burnuyla huşsuz vəziyyətdəki kişinin üzünə toxundu. Bu, Diki heç açmadı, çünki itin qoxusunu alan qurbanın huşu başına dönə bilərdi.

Əlini itin qalın xəzinin üstə qoyub, onu itələyən Dik dedi:
- Yaxşı, get. Burada sənlik heç nə yoxdur. Get, ovunu elə və ya ürəyin başqa nə istəyirsə, onu…
Amma taksa dirənib durmuşdu, getmirdi. Quyruğu və üz əzələləri titrəyirdi. Əvvəlcə Dikə, sonra yerə sərələnən sahibinə göz qoyan it astadan səs çıxarmağa başladı. Bu səs ciyilti ilə fit arasında bir şey idi. Adətən ov köpəkləri belə səslər çıxarırlar. O ara Dik əlini heyvanın gur və sıcaq xəzindən çəkməli oldu. İçində baş qaldıran dəhşətlə qarışıq nifrət hissini boğaraq, əlini qurbanının xəz yaxalı qara paltosunun cibinə salıb eşələndi və tapmağı əsla arzulamadığı əşyanı - dəri iplərdən hörülmüş it xaltasını oradan tapıb çıxartdı.

Görüm lənətə gəlsin o sarsaq qadın! Görünür, dəstəyi asmazdan öncə qadın Dikə bu barədə nəsə deyəcəkdi, hərçənd qadından ötrü bu, çox da əhəmiyyətli məqam sayılmazdı! Bəyəm bu hərifin buraya öz itini gəzdirməyə çıxaracağı bu qədərmi əhəmiyyətsiz məsələ idi?! İlahi pərvərdigara! Məgər bu məsum itin öz sahibinin necə qətlə yetiriləcəyinə şahid olması, sonra isə hövüllənərək, Londonun ən hərəkətli magistral yollarından biriylə evinə dönməsi önəmsiz bir şey idi ki?! Bəlkə qadın düşünürmüş ki, mən iti də gəbərdəcəyəm?! Belə amansız bir fikri sadəcə ağlından keçirdiyi üçün Dikin damarlarında axan qan coşdu. Yanında it olmasaydı, o, yerdə sərələnib qalan hərifin üz-gözünü təpikləyərdi bəlkə də. Amma o, heç vaxt aldanmamışdı və buna imkan da verməzdi. Sırf Monti və Rəisin xətrinə o, Şotlandiyada ev almağa hazırlaşırdı.

Hansısa sarsaq bir qadının planları alt-üst eləməsi üzündən o, bir ətək puldan əl üzə bilməzdi. Tez bir çarə düşünmək lazım idi. Məsələn, bu tapdığı xaltanı itin boynuna taxaraq, onu Uaynstoun nohurunun yanından keçən yola qədər ötürə bilərdi. Düşünürdü ki, orada it də, onun artıq qımıldanmağa və inildəməyə başlayan sahibi də təhlükəsiz şəraitdə olar. Bəlkə iti maşınına mindirsin? Allah özü şahiddir ki, bu, çox mehriban, saf bir köpəkdir, hətta o, Dikin burada hansı hoqqalar durğuzduğunu… və ya durğuzacağını heç ağlına da gətirmir… Bəs yaxşı, sonra nə olacaq? Kişini öldürüb, itini də bu fənər dirəyinəmi bağlasın? Yox, Dikin ürəyi heç vaxt itləri bağlamağa qıymayıb.

Çarəsiz vəziyyətə düşmüşdü. İtə qarşı nə nifrət, nə də kin hissi bəsləyirdi. İçində çapaladığı bu durumla sadəcə hesablaşmalıydı: sanki yataqda qadınıyla eşq-məşqlə məşğul olan atanın yanına ağlı heç nə kəsməyən körpə övladı sevincək qaçıb gəlmiş və ona mane olmuşdu. Körpələr - hər şeydən vacibdir və bundan heç hara qaçmaq olmaz. Dik tələsmədən halqalı ipini yığdı. Kişinin çal başını kobud tərzdə qaldırdığı vaxt o, inildədi. Xaltanı çıxartdığı cibdə sərt, metal bir əşya da var idi və bu, brendi qumquması idi. Dik qapağını açıb, kişinin ağzına bir az içki damlatdı. Onun hərəkətlərinə göz qoyan it razılıqla quyruğunu bulamağındaydı.

- Harada… haradayam mən? Mənə… mənə nə olub?
Dik ona cavab verməyə gərək duymadı.
- Kimsə… başıma bir şey çırpdı. İlahi, başım çatlayır. Bəlkə məni soyublar da? - O, cibindəki pulqabını əllədi. - Yox, Allaha şükür, soymayıblar. Mən… mən oturmaq istəyirəm. Hə, bax, belə yaxşıdır. Brüs bəs hanı? Aha, oradaymış. Afərin sənə, Brüs. Ona bir xətər toxunmadığına da duaçı olmalıyam.

Dik boğuq səslə dedi:
- O, misilsiz itdir. Gedək. Məndən möhkəm yapışın. Maşınım oradadır.
- Siz çox insanpərvərsiniz, çox insanpərvər. Bəxtim də onda gətirib ki, vaxtında dadıma yetişibsiniz.
Dik susurdu. Kişi ona söykənəndə az qala öyüyəcəkdi hətta. Xaltanı Brüsün boynuna taxandan sonra onlar pillələrlə maşına tərəf endilər. Keçirdiyi dərin qorxudan bütün bədəni dözülməz tər qoxusu verən bu tösbərçə adamdan qurtulan Dik dərindən köks ötürdü. Brüsü arxa oturacağa yerləşdirərkən onu sığalladı, nə isə xoş sözlər pıçıldadı.

Gəlib çatdıqları ev əslində ev yox, iri bir malikanə idi və İst-Hitdə yerləşirdi. Pəncərələrindən işıq süzülürdü. Dik maşından enməkdə kişiyə yardım elədi, onu giriş qapısına qədər müşayiət edərkən Brüs də onların ardınca düşmüşdü. Zəngə uniforma geyinmiş xidmətçi çıxdı. Holda, xidmətçinin arxasında isə ziyafət paltarında gənc bir xanım dayanmışdı.

Onun ağzından vur-tut bircə kəlmə qopdu: «Ata!». İndi həyəcan çaları sezilən bu səs Dikə hədsiz tanış gəldi. O, qızın səsini bir notdan tanıdığı kimi, qız da Dikin səsini tanımışdı, çünki zahiri dəbdəbəsindən zənginlik yağan hollu ötəri süzən Dik arxasını dönərək: «Yaxşı, mən getdim» - demişdi.
O ara baxışları qarşılaşdı. Ümidləri daşa çırpılan qızın sifəti kağız kimi ağarmışdı. Atasına özünə gəlməyə yardım edirmiş kimi qız sərt tərzdə soruşdu:
- Nə olmuşdu sənə?

- Əzizim, birisi məni soymaq üçün başıma nə isə çırpıbmış. Ancaq indi vəziyyətim yaxşıdır. Bu centlmen də təsadüfən oradan keçirmiş. Mən hələ imkan tapıb, ona əməlli-başlı təşəkkür də eləməmişəm, - deyə kişi Dikə əl uzatdı. - Siz Allah, evə keçin. İzninizlə soyadınızı öyrənək. Axı, siz, demək olar ki, mənə ikinci həyat bəxş etmisiniz. Əgər o ayazda oralarda düşüb qalsaydım, heç şübhəsiz donub ölərdim.

Dik dilləndi:
- Boş şeydir… Bu cür itlə adama heç nə olmaz!
- Yəni o, belə çox şey bacarır ki? Hə, Brüs? Yoxsa səndən can­güdən də çıxar?

Aşağı əyilən Dik iti tumarladı:
- Onun sizə necə kömək etdiyini heç vaxt anlamayacaqsınız…
Geri qanrılmayan Dik keçib, sükan arxasında əyləşdi. Həyətdən çıxarkən aynada gördü ki, gənc xanım evə tərəf gedir, karıxmış halda xalının üstə duran atası isə öz xilaskarına yöndəmsiz və yersiz hərəkətlərlə təşəkkürünü bildirir.

Ona on beş dəqiqə qalmış o, evinə çatdı. Monti onu holda gözləyirdi, Rəis isə hələ də qonaq otağındakı çarpayının üstə naz­lanmağındaydı. Onların xaltalarını taxan Dik Montiyə onun sevimli paltosunu da geyindirdi, qapını açaraq dedi:
- Hələ ki pab bağlanmayıb, gedək pivələyək. Sonra isə çöllükdə bir az gəzişərik.

O da, itləri də havaya çökən qazları ciyərlərinə çəkdilər. Birdən Monti asqırdı.
- Sağlam ol. Buralar əcəb iylənmiş yerlərdir, eləmi? Dərin təəssüf hissiylə sizlərə bildirməliyəm ki, Şotlandiyada ev alma planımızı bir az sonraya ertələməyə məcburuq.

Montinin yeyin yeriyə bilmədiyini nəzərə aldıqların­dan, onlar ağır-ağır «Georqun tavernası»na tərəf üz tutdular.

Tərcümə edəni: Azad YAŞAR

CİVİLAZERBAİJAN.COM təqdim edir: Ruth RENDELL. "Lap insanlar kimi" -


civilazerbaijan.com



Diqqətinizi çəkə biləcək digər xəbərlər



Facebook səhifəmiz