Orxan Pamuk - Pəncərədən baxmaq
Tarix: 18-01-2025, 17:56
Orxan Pamuk (Ferid Orhan Pamuk) 7 iyun 1952-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Hazırda Nyu-Yorkda yaşayır, Kolumbiya Universitetində müqayisəli ədəbiyyat professoru vəzifəsində çalışır.
Orxan Pamuk ciddi yaradıcılıq uğurları nəticəsində 1979-cu ildən bəri 15-dən çox nüfuzlu ədəbi mükafat qazanb. Onların arasında Türkiyə, İrlandiya, ABŞ, Fransa, Almaniya, İsveç, Böyük Britaniya kimi ölkələrin təsis etdikləri sanballı ödüllər var. Dünyanın 100-dən çox ölkəsində nəşr olunan əsərlərinin tirajı bir neçə milyon nüsxəni aşıb, tərcümə edildiyi dillərin sayı isə 60-a çatıb. "Taym" jurnalının 2006-cı ildə keçirdiyi sorğunun nəticələrinə görə Pamuk dünyanın 100 ən görkəmli şəxsiyyəti sırasına daxil edilib.
Orxan Pamuk "Səssiz ev" (1983), "Qara kitab" (1990), "Yeni həyat" (1994), "Qar" (2002) və s. romanlarının, "İstanbul. Xatirələr və şəhər" (2003) memuarlarının və "Başqa rənglər" (1999) adlı esselər kitabının da müəllifidir. Məşhur "Qar" romanında müəllif Türkiyənin şərqində islam təməlçiliyi və qərbləşmə cərəyanlarının necə üz-üzə gəldiyini, insan talelərində necə ağır yaralar açdığını yüksək sənətkarlıq və inandırıcılıqla qələmə alıb. 2005-cü ildə ingilis dilinə çevrilən bu əsər ABŞ-da ilin on ən mühüm bədii nailiyyətləri sırasında olub.
Zəngin tarixə və ənənələrə malik olan türk ədəbiyyatlarının Nobel mükafatına layiq görülmüş ilk və yeganə nümayəndəsidir. Orxan Pamuk həm də ədəbiyyat sahəsində XX əsrin ikinci yarısında doğulmuş ilk və yeganə Nobel sahibidir.
Civilazerbaijan.com dünya şöhrətli yazıçı Orxan Pamukun "Pəncərədn baxmaq" hekayəsini təqdim edir:
Orxan Pamuk
PƏNCƏRƏDƏN BAXMAQ
hekayə
Seyrediləcək bir şey və dinlənəcək bir hekayə yoxsa, həyat çox zaman bir sıxıntıdır. Uşaqlığımda bu sıxıntıya qarşı ya radio dinləyir, ya da pəncərədən eşiyə, küçəyə, gəlib-gedənlərə, qarşı binanın mənzillərinin içinə baxırdım.
O zamanlar, yəni 1958-ci illərdə, Türkiyədə televizor hələ yoxdu. Amma buna "yox" da deyilməz, İstanbul kino salonlarında 3-5 il keçdikdən sonra nümayiş etdirilən Hollivudun əfsanəvi filmlərindən danışanda olduğu kimi, nikbinliklə "hələ gəlmədi" deyilirdi.
Pəncərədən baxmaq elə bir vərdişdi ki, televizor Türkiyədə yayılandan sonra ona da pəncərədən eşiyə baxdıqları nəzərlə baxırdılar. Atam, əmim, nənəm pəncərədən eşiyə baxıb gördüklərini bir-birinə danışdıqları kimi, televizora baxanda da izlədiklərini danışıb müzakirə edər, fikirlərini paylaşarlardı.
Məsələn, xalam səhər tezdən aram-aram yağan qara baxaraq "Belə yağsa, qar hər yeri örtəcək" deyərdi. Mən də o biri pəncərədən tramvay yoluna baxaraq "Yenə kağıt həlvaçı gəldi Nişantaşının tininə" deyərdim.
Bazar günləri əmimgil, bibimgil və biz alt mərtəbələrdəki evlərimizdən yuxarıya, ata nənəmin yanına çıxar, günorta yeməyini bərabər yeyərdik. Oradakı izdihamın içərisində olduğum üçün elə xoşbəxtdim ki, pəncərədən eşiyə baxaraq yemək süfrəsinin hazırlandığını gözləyəndə də gözümün önündə arxamda qalan böyük salon, yemək süfrəsinin üzərinə asılmış büllur çilçırağın zəif lampaları canlanırdı.
Nənəmin salonu o biri mərtəbələrin salonları kimi yarıqaranlıq olurdu, amma nədənsə mənə daha qaranlıq görünürdü. Bu, bəlkə heç açılmayan eyvan qapılarının kənarlarından ürküdücü kölgələrlə sallanan tüllər və pərdələr üzündən idi. Bəlkə də sədəf quramalı arakəsmələr, qədim sandıqlar, iri masalar, molbertlər, üstü çərçivəli rəsmlərlə dolu quyruqlu piano və başqa əşyalarla doldurulmuş havasız otaqlardan hər zaman toz iyi gəldiyi üçün belə hiss edirdim.
Günorta yeməyindən sonra, yemək otağına açılan qaranlıq otaqların birində əmim siqaret çəkirdi.
- Futbol oyununa bir biletim var, amma getməyəcəm, - dedi. - Atanız aparsın sizi.
- Ata, bizi də apar da! - böyük qardaşım içəridən dedi.
- Uşaqlar hava alarlar, - anam da salondan dedi.
- Uşaqları sən apar, - atam anama dedi.
- Mən anamgilə gedirəm - anam dedi.
- Biz nənəmgilə getmək istəmirik! - böyük qardaşım dedi.
- Maşını da verərəm, - əmim dedi.
- Ata, noolar... - böyük qardaşım dedi.
Uzun, qəribə bir səssizlik çökdü. Sanki salonda oturan hər kəs atam haqqında bir şey düşünür və atam da bu düşüncələri hiss edirdi. Sonunda atam "Maşını verəcəksənmi?" deyə əmimdən sordu.
Daha sonra aşağıda, bizim mərtəbədə anam mənim və böyük qardaşımın ayağına damalı, qalın yun corab və əynimizə cüt-cüt köynək geyindirir, atam uzun dəhlizdə aşağı-yuxarı gəzərək siqaret çəkirdi.
Əmimin açıq yaşıl rəngli 52 model “Dodq”esi Təşvikiyə Camisinin qarşısında dayanmışdı. Atam ikimizin də qabaqda oturmağımıza icazə verdi və maşını dərhal işə saldı.
Stadionda növbə yoxdu.
- Bu ikisinə bir bilet, - atam keçiddəki kişiyə dedi. - Biri səkkiz, biri on yaşında.
Kişinin gözünün içinə baxmaqdan qorxaraq içəri girdik. Tribunalarda boş yer çoxdu və biz rahat-rahat oturduq.
Komandalar palçıq içərisində oyun sahəsinə çıxmışdılar və ağappaq şortlu futbolçuların isinmək üçün sağa-sola qaçışdıqlarını görmək xoşuma gəlirdi.
- Bax, o Mehmet Küçükdür, - deyə qardaşım barmağını uzadaraq birini göstərdi. - Gənclər komandasından gəlib.
- Bilirəm, - dedim.
Oyun başladı və biz səssizcə izlədik. Bir az sonra oyunu deyil, başqa şeyləri fikirləşirdim. Niyə futbolçuların formaları eyni, amma adları dəyişikdir? Meydançada futbolçuların yox, adlarının qaçışdıqlarını təsəvvür etdim.
Şortları yavaş-yavaş palçığa batırdı. Daha sonra açıq tribunanın arxasından, Boğazdan keçən bir gəminin ağır-ağır irəliləyən bacasını seyr etdim.
Oyunun ikinci hissəsinə qədər qol vurulmadı və hərəmizə bir qab ləbləbi və pendirli pide aldıq.
- Ata, mən pidemin hamısını yeyə bilməyəcəyəm, - deyərək əlimdəkini göstərdim.
- Buraya qoy, - dedi. - Götürən olmaz.
Fasilə zamanı hamı kimi biz də ayağa qalxıb hərəkət edərək isinməyə çalışdıq. Atam kimi əllərimizi yun şalvarlarımızın ciblərinə salıb, arxamızı oyun meydanına çevirərək başqa tamaşaçılara baxırdıq ki, adamlar arasından biri atama səsləndi. Atam uğultudan onu eşitmədiyi üçün əlini qulağına tərəf gapardə.
- Gələ bilmərəm, - bizi göstərərək dedi. - Uşaqlar var yanımda.
Adamların arasındakı kişi bənövşəyi rəngdə şərf taxmışdı. Sıraların arasından keçərək, başqalarını itələyə-itələyə bizim yanımıza yaxınlaşdı. Atamla qucaqlaşıb öpüşdükdən sonra "Bu uşaqlar sənindir?" soruşdu. "Böyümüşlər. İnana bilmirəm".
Atam heç nə demədi.
- Nə vaxt oldu bu uşaqlar? - Bizə təəccüblə baxaraq: - Məktəbi bitirdikdən sonra dərhal evləndinmi? - deyə sordu.
- Bəli, - atam onun üzünə baxmadan cavab verdi. Bir az da söhbət etdilər. Bənövşəyi şərf taxmış kişi hər birimizin ovcunun içinə qabığı soyulmamış bir amerikan fıstığı qoydu. O, getdikdən sonra atam yerinə oturdu və uzun zaman heç nə danışmadı.
Komandalar təmiz şortları ilə yenidən oyun meydanına çıxmışdılar ki, atam: "Qalxın gedək evə" dedi. "Üşüyərsiz".
- Mən üşümürəm! - böyük qardaşım dedi.
- Xeyr, üşüyürsüz! - atam səsini qaldırdı. - Əli üşüyür. Qalxın görüm.
Oturanların dizlərinə çarpa-çarpa, ayaqlarına tapdalaya-tapdalaya çıxanda yeməyib kənara qoyduğumuz pideni də tapdaladıq. Hakim oyunun ikinci hissəsinin başlaması üçün fit çalanda biz pilləkənlərlə yuxarı çıxıb tribunanı tərk edirdik.
- Sən üşüyürdün? - boyük qardaşım soruşdu. - Niyə söyləmədin üşümədiyini?
Mən cavab vermədim.
- Axmaq! - böyük qardaşım hirsləndi üstümə.
- Oyunun ikinci hissəsini evdə radiodan dinləyərsiniz, - dedi atam.
- Radio bu oyunu vermir! - deyə böyük qardaşım cavab verdi.
- Kəsin səsinizi! - atam əsəbiləşdi. - Evə qayıdanda sizi Taksimdən keçirəcəm.
Susduq. Oyun sahəsini keçdikdən sonra atam, təxmin etdiyimiz kimi, maşını at yarışı oynanan köşkün yaxınlığında saxladı.
- Qapını heç kimə açmayın! - dedi. - İndi gəlirəm.
Maşından çıxdı. O, qapıları arxadan bağlamadı. Biz dərhal içəridən düymələri basdıq. Amma atam at yarışı oynanan köşkə girmədi: maşını saxladığı yoldan qaçaraq küçənin o biri tərəfinə keçdi. Orada, vitrinlərində gəmi rəsmləri, böyük plastmas təyyarələr, günəşli mənzərələr sərgilənən və bazar günləri də çalışan bir dükana girdi.
- Atam hara getdi? - soruşdum.
Böyük qardaşım dedi:
- Evə çatandan sonra altmı, üstmü oynayarıq?.
Atam geri gələndə qardaşım maşının əyləci ilə oynayırdı. Nişantaşına döndük. Maşını yenə caminin önündə saxladıq. Ələddinin dükanının önündən keçəndə atam "Sizə bir şey alım" dedi. "Amma yeni Məşhurlar Seriyasını istəməyin".
- Ata noolar... - deyə təpinməyə başladıq.
Ələddinin dükanından atam bizə Məşhurlar Seriyasından 10 ədəd saqqız aldı. Evə gəldik. İçərisi isti idi. Anam hələ gəlməmişdi. Kağızlarını tələm-tələsik parçalayıb yerə atdığımız saqqızları açmağa başladıq. Nəticə: mənə iki dənə Fevzi Çakmak Paşa, bir Şarlo, Güləşçi Hamit Kaplan, Qandhi, Mosart, De Gaulle, iki dənə Atatürk və böyük qardaşımda olmayan 21 nömrəli Qreta Qarbodan da bir dənə çıxdı.
Beləliklə, əlimdə Məşhurlar Seriyasından tam 173 ədəd rəsm oldu, amma bütün seriyanı tamamlamaq üçün hələ iyirmi yeddi dənə əksiyimiz vardı. Böyük qardaşıma dörd dənə Marşal Fevzi Çarmak Raşa, beş dənə Atatürk və bir Edison rəsmi çıxmışdı.
Hərəmiz ağzımıza bir saqqız qoyub rəsmlərin arxasındakı yazıları oxumağa başladıq.
"Marşal Fevzi Çakmak
Qurtuluş Müharibəsi Komandirlərindən
(1876-1950)
Mambo Şirniyyat-Saqqız Sənayesi
Məşhurlar Seriyasının 100-nü də toplayan şanslı şəxslərə bir dəri futbol topu hədiyyə ediləcək".
Böyük qardaşımın əlində yumaq şəklində indiyə qədər topladığı 165 rəsm vardı.
- Altmı-üstmü oynayaq? - soruşdu.
- Xeyr!- dedim.
- Məndəki 12 ədəd Fevzi Çakmak rəsminə Qreta Qarbodan birini verərsənmi? - soruşdu. - Onda sənin cəmi 184 rəsmin olacaq.
- Xeyir! - dedim.
- Qreta Qarbodan səndə iki dənə var.
Cavab vermədim.
- Sabah məktəbdə peyvənd edəçəklər, səni möhkəm ağrıdacaq, - dedi. - Onda yanıma gəlməzsən, başa düşdün?
- Gəlmərəm!
Axşam yeməyi səssiz keçdi. İdman xəbərlərini dinləyib oyunun 2:2 hesabla başa çatdığını öyrənəndən sonra, anam bizi yatırmaq üçün otağımıza gəldi. Böyük qardaşım çantasını yığırdı: qaça-qaça qonaq otağına getdim. Atam pəncərədən eşiyə, küçəyə baxırdı.
- Ata, sabah məktəbə getmək istəmirəm, - dedim.
- Helə şey olar?
- Sabah peyvənd edəcəklər, dedim. - Qızdırmam qalxır, nəfəsim daralır. Anam bilir.
O, heç bir şey demədən mənə baxırdı. Qaça-qaça gedib çəkməcədən kağız-qələm gətirdim.
- Ananın xəbəri varmı? - deyib kağızı həmişə oxuduğu, amma heç zaman bitirmədiyi Kierkeqaardın üzərinə qoydu. - Məktəbə gedərsən, amma peyvənd vurdurmazsan, - dedi. - Belə yazacam.
İmzaladı. Mürəkkəbi üfləyib, kağızı dərhal qatlayıb cibimə qoydum. Otağıma qaçıb çantama yerləşdirdim və yatağımın üstünə çıxaraq atılıb-düşməyə başladım.
Anam dedi:
- Yenə özündən çıxma. Artıq yatmaq vaxtıdır.
2.
Məktəbdə, günorta yeməyindən sonraydı. Bütün sinif iki sıraya düzülərək peyvənd elətdirmək üçün yenidən sərt qoxulu yeməkxanaya düşürdü. Bəziləri ağlayır, bəziləri qorxuyla gözləyirdi. Alt mərtəbədən gələn dərman iyini hiss etdikdə, ürəyim çarpmağa başladı.
Sıradan çıxdım, pilləkənlərin başında dayanan müəllimimin yanına yaxınlaşdım. Bütün sinif gurultu ilə yanımızdan keçdi.
Müəllimim:
- Buyur, - dedi. - Nə istəyirsən?
Atamın yazdığı kağızı cibimdən çıxarıb ona verdim. Qaş-qabağını sallayaraq oxudu.
- Sənin atam həkim deyil ki! - dedi. Biraz fikirləşdi. - Yuxarı çıx və "2A"-da gözlə! - dedi.
Yuxarıda, "2A"-da mənim kimi "güzəştli" altı-yeddi uşaq da vardı. Biri qorxu ilə pəncərədən eşiyə baxırdı. Dəhlizdən ağlama və həyəcan uğultusu gəlir, gözlük taxmış bir kişi tum çırtlayaraq “Kinova” oxuyurdu. Qapı açıldı, müdir müavini Seyfi bəy gəldi.
- Bəlkə bəziniz doğrudan da xəstədir, onlar inciməsin, - dedi. - Amma mən yalandan bəhanə gətirənlərə deyirəm. Hamınız böyüyüb bu vətənə xidmət edəcək, bəlkə də onun üçün öləcəksiniz. Bu gün iynədən qorxub qaçanlar, o zaman əsaslı bir səbəb yoxsa, vətən xaini olacaqlar. Ayıb olsun!
Uzun bir səssizlik çökdü. Atatürkün rəsminə baxdım və gözlərim yaşardı. Sonra kimsənin gözünə görünmədən siniflərimizə qayıtdıq. Peyvənd olanların bəziləri qolları çırmalı, bəziləri gözü yaşlı, itələşərək kefsiz halda gəlirdilər.
Müəllim:
- Evləri yaxın olanlar gedə bilər, - dedi. - Kimi gəlib götürəcəklərsə son zəngə qədər oturub gözləsin. Bir-birinizin qoluna toxunmayın. Sabah dərs yoxdur.
Sevincdən qışqırdıq. Məktəbin qapısından çıxanda bəziləri qollarını yuxarı çıxmayıb yod izini qapıçı Hilmi əfəndiyə göstərirdi.
Əlimdə çantam küçəyə çıxıb qaçmağa başlamışdım. Qəssab Karapetin dükanının qabağında dayanan bir at arabası yolu tıxamışdı, aralarından qaçaraq yolun o biri tərəfinə, bizim yoxuşa keçdim. Manufakturaçı Hayrinin, çiçəkçi Salehin önündən sürətlə keçdim. Bizim qapını qapıçı Nazım əfəndi açdı.
- Bu vaxt təkbaşına burda neynirsən? - dedi.
- Peyvənd olduq, - dedim. - Sinif dağıldı.
- Böyük qardaşın hardadır? Özbaşına qeri qayıtdın?
- Tramvay yolundan özüm keçdim. Sabah tətildəyik.
- Anan evdə yoxdur, - dedi. - Nənəngilə çıx.
- Xəstələnmişəm, - dedim. - Evimizə getmək istəyirəm. Qapını aç.
Divardan açarı götürdü, liftə mindik. Yuxarı çıxana kimi siqaretinin dumanı gözlərimi yaşartdı. Bizim qapımızı açdı.
- İşıqlarla, elektriklərlə oynama!, - dedi, qapını örtüb getdi.
* * *
- Ana, qolum ağrıyır, - qardaşım dedi.
- İndi aşağı düşərik, yatıraram sizi.
Aşağıda, bizim mərtəbəmizdə üçümüz də uzun zaman heç nə danışmadıq. Yatmazdan qabaq əynimdəki gecəliklə mətbəxdən su götürmək üçün qonaq otağına girdim. Anam pəncərənin qabağında siqaret çəkirdi, öncə gəldiyimi hiss etmədi, məni görüncə dedi:
- Yalın ayaqla üşüyərsən. Qardaşın yatdımı?
- Yatdı. Ana. Sənə bir söz deyəcəm.
Gövdəmi anamla pəncərə arasına yerləşdirmək üçün gözlədim. Anam arzuladığım o rahat yeri açan kimi özümü oraya sıxışdırdım.
- Atam Parisə getdi, - dedim. - Hansı yol çantasını aldı, bilirsən heç?
Heç nə demədi. Gecənin səssizliyində yağışın islatdığı küçəni uzun-uzadı seyr etdik.
Ana nənəmin evi Şişli Camisinin düz qarşısında, tramvay qarajından əvvəlki dayanacaqdaydı. Hal-hazırda çoxlu avtobus dayanacaqları, hər tərəfi hərflərlə örtülü çoxmərtəbəli mağazalar və günorta fasiləsində əllərində sandviçlər, yoxuşları qarışqa sürüsü kimi dolduran insan kütləsinin çalışdığı iş yerləriylə əhatə olunan yöndəmsiz və yüksək binalarla dolu meydan, o zamanlar İstanbulun Avropa səmtinin bir ucunda yerləşirdi.
Anamızın əlindən tutub tut və cökə ağaclarının arasından keçərək yaşadığımız evdən piyada on beş dəqiqə uzaqlıqda yerləşən geniş və səssiz meydana çatdıqda şəhərin qurtaracağında olduğumuzu hiss edirdik.
Nənəmin dik qoyulmuş nazik bir kibrit qutusu şəklindəki dördmərtəbəli, daş və beton evinin bir cəbhəsi qərbə, İstanbula, o biri tərəfi isə şərqə, tut ağacları ilə örtülü təpələrə baxırdı. Əri öldükdən, üç qızını ərə verdikdən sonra nənəm dolablar, masalar, molbertlər, pianolar və başdan-ayağa əşyalarla dolu bu evin yalnızca tək bir otağında yaşamağa başlamışdı.
Yeməklərini böyük xalam bişirtdirib ya özü gətirər, ya da sürücüsü ilə yemək çantasında göndərərdi. Nənəm nəinki otağından çıxıb iki mərtəbə aşağıda yerləşən mətbəxə düşüb yemək bişirməz, hətta evin ağılasığmaz qalınlıqda toz təbəqəsi və geniş hörümçək torlarıyla örtülmüş digər otaqlarına girib ətrafı səliqəyə belə salmazdı.
Eynilə böyük bir taxta imarətdə illərlə tək yaşayıb ölən anası kimi, nənəm də tənhalıq xəstəliyinə tutulduğundan, evə künc-bucağı silib-süpürən, səliqə-sahman yaradan bir xadimə qadının girməsinə icazə verməzdi.
Onu görməyə gedəndə anam uzun-uzadı zəngi çalar, dəmir qapını yumruqlar, nəhayət, nənəm ikinci mərtəbənin Şişli Camisinə baxan pəncərəsinin paslı dəmir barmaqlıqları arasından aşağı, bizə baxar, uzağı görməyən gözlərinə güvənmədiyi üçün səsimizi çıxarıb ona əl etməyimizi istərdi.
- Qapının dibindən çəkilin ki, nənəniz sizi görə bilsin, - deyərdi anam. Özü də bizimlə bərabər yoxuşun ortasına çıxıb anasına əl eləyərək səslənərdi:
- Ana, uşaqlarla bizik, biz, bizi eşidirsənmi?.
Nənəmin bizi gördüyünü, tanıdığını üzündə yalnız bircə an görünən mülayim təbəssümündən anlayardıq.
Pəncərədən dərhal içəri çəkilib otağına girər, yastığının altından böyük bir açar çıxarıb bir qəzet parçasına sarıdıqdan sonra aşağıya, bizə atardı. Qardaşımla açarı havada tuta bilmək üçün itələşərdik.
Qolu hələ də ağrıyan qardaşım həvəssiz tərpəndiyi üçün mən qaçaraq açarı götürdüm və anama verdim. Anam kilidi çətinliklə açdı. Böyük, dəmir qapı üçümüz də itələdikdən sonra çətinliklə aralandı və qaranlığın içindən burnumuza bənzərini heç bir yerdə hiss etməyəcəyimiz kifli toz, nəmişlik və havasızlıq iyi gəldi.
Evə girəcək oğrular burda birisi olduğunu düşünsünlər deyə nənəm qapının ağzına babamın yaxası xəzli paltosunu, papağını və kənarda da məni həmişə qorxudan uzunboğaz çəkmələrini qoymuşdu.
Bir az sonra, ikinci mərtəbəyə qədər dümdüz uzanan qaranlıq taxta pilləkənlərin başında, cox uzaqda, ağ bir işığın ucunda nənəmi gördük. Görünməz art-deko şüşələrdən süzülən işığın içində əlində çomağı qaranlıqda bir ruh kimi hərəkətsiz dururdu.
Cırıldayan pilləkənlərlə yuxarı çıxanda anam nənəmlə bir kəlmə də kəsmədi ("Necəsiniz, anacan", "Sizin üçün çox darıxdım, anacan", "Hava çox soyuqdur, anacan!"və s. deyərdi başqa zamanlar).
Pilləkənlərin başında üzünə və biləyindəki böyük ət xalına baxmamağa çalışaraq nənəmin əlini öpdük. Tək dişli ağzından, uzun çənəsindən və üzündəki tüklərdən yenə qorxduq və otağa girən kimi anamızı qucaqlayaraq yanında oturduq.
Nənəm gününün çox hissəsini keçirdiyi böyük yatağına üzərindəki uzun gecəliyi və uzun arxalığı ilə oturdu və gülümsəyərək "Haydı, məni şənləndirin!" deyən bir baxışla bizə baxdı.
Anam:
- Sobanız yaxşı yanmır, anacan, - dedi. Maşanı alıb sobanın içini qarışdırdı.
Nənəm onu bir az dinlədi. Sonra:
- Sobadan danışmağı kəs! - dedi. - Mənə bir az təzə xəbər ver. Nə var, nə yox dünyada?
- Heç bir şey yoxdur! - anam yanımıza oturaraq cavab verdi.
- Bir hadisə-zad baş verməyib?
- Heç bir şey olmayıb anacan.
Bir az susduqdan sonra nənəm soruşdu:
- Heç kimi görüb eləməmisən ki? - dedi.
Səssizlik çökdü.
- Nənə, biz peyvənd olduq, - dedim.
Nənəm mavi gözlərini geniş açaraq:
- Eləmi?" dedi. - Ağrıdımı?
- Mənim qolum ağrıyır. - Bunu böyük qardaşım dedi.
- Vay! - deyə nənəm gülümsədi.
Yenə uzun sürən bir sükut cökdü. Böyük qardaşımla qalxıb pəncərədən eşiyə, uzaqdakı təpələrə, tut ağaclarına, arxa bağçadakı boş və köhnə toyuq hininə baxdıq.
- Demək, danışmağa heç bir əhvalatın yoxdur, - deyə nənəm yenidən dilləndi. - Yuxarıya qaynanangilə çıxırsan, onlara qonaq gəlib eləmir?
- Dünən günortadan sonra Dilruba xanım gəldi, - deyə anam cavab verdi. - Uşaqların nənəsiylə oyun oynadılar.
Nənəm gözlədiyimiz kəlmələri dərhal keflə söylədi:
- O, saray adamıdır!
Bu kəlmələrlə nənəmin illərlə nağıllarda və qəzet səhifələrində haqqında çox şey oxuduğum rəngarəng Qərb saraylarından deyil, Dolmabağça Sarayından bəhs etdiyini bilirdik. Amma ana nənəmin istehzayla Dilruba xanımın son padşahın hərəmindən çıxdığını, yəni bir kəniz olduğunu demək istədiyini, beləliklə də, gəncliyini hərəmdə keçirib sonra bir tacirlə evlənən bu qadını deyil, onunla dostluq edən ata nənəmi də əksiltdiyini illər sonra dərk etdim.
Sonra anamla hər dəfə danışdıqları başqa bir söhbətə keçdilər: nənəm həftədə bir dəfə Bəyoğluna gedər, Abdullah əfəndinin bahalı və məşhur yeməkxanasında təkbaşına günorta yeməyi yeyər, sonra yediyi hər şeydən uzun-uzadı şikayət edərdi.
Üçüncü hazır söhbət isə bizə birdən-birə bu sualı verməsiylə açıldı:
- Uşaqlar, nənəniz sizə cəfəri yedirirmi?
Anamın tənbehlədiyi kimi, "Yedirmir, nənə" deyə eyni anda cavab verdik.
Həmişəki kimi nənəm bizə bağçada bir pişiyin cəfərilərin üzərini pislədiyini necə gördüyünü, böyük ehtimalla o cəfərilərin yaxşıca yuyulmadan kim bilir, hansı axmağın yeməklərinin içinə doğranacağını, Şişlinin, Nişantaşının göy-göyərti satan satıcılarıyla necə dalaşdığını anlatdı.
- Anacan, - anam dedi. - Uşaqlar darıxırlar, başqa otaqlara baxmaq istəyirlər, gəl otaqların qapısını açaq.
Oğru bir pəncərədən girərsə, evin digər otaqlarına keçməsin deyə, nənəm evin bütün otaqlarını bayır tərəfdən bağlı saxlayırdı.
Anam nənəmin otağının qarşısındakı tramvay yoluna baxan böyük və soyuq otağın qapısını açdı və bizimlə birlikdə bir an ağ örtüklərlə ortülmüş kürsü və çarpayıları, pas və toz içindəki çıraq, masa və sandıqları, saralmış qəzet yığnağını, kənara söykənmiş bir qız velosipedinin əyilmiş gövdəsini dərin hüznlə seyr etdi.
Nəşəli zamanlarında olduğu kimi sandıqların içindəki əşyaları çıxarıb bizə həvəslə göstərmədi. ("Ananız uşaqlığında bu sandaletləri geyərdi, uşaqlar, baxın, xalanızın məktəb önlüyü, ananızın uşaqlığındakı pul daxılını görmək istəyirsinizmi, uşaqlar?").
- Üşüsəniz yanıma gəlin, - deyib getdi.
Böyük qardaşımla pəncərəyə yaxınlaşıb qarşıdakı camiyə və meydandakı tramvay dayanacağına baxdıq. Sonra qəzetlərdən keçmiş futbol oyunları haqqında xəbərləri oxuduq.
- Darıxdım, - dedim. - Altmı, üstmü oynayaq.
- Uduzmuş pəhləvan güləşə doymazmış, - böyük qardaşım başını qəzet oxumaqdan qaldırmadan dedi. - Hələ qəzet oxuyuram.
Dünən gecədən sonra, səhər də oynamışdıq və böyük qardaşım hər dəfəsində udmuşdu.
- Noolar... - dedim.
- Bir şərtim var: Mən udsam, iki rəsm verirsən, sən udsan, birini alırsan.
- Xeyr!
Böyük qardaşım "Onda oynamıram" dedi. "Görürsən ki, qəzet oxuyuram".
Qəzetini, keçən günlərdə Mələk kinoteatrında seyr etdiyimiz filmdəki ingilis detektivi kimi ədalı bir şəkildə tutmuşdu. Bir az pəncərədən eşiyə baxıb böyük qardaşımın şərtini qəbul etdim. Ciblərimizdən Məşhurlar Seriyasını çıxarıb oynadıq. Öncə uddum, amma sonra yeddi rəsm uduzdum.
- Həmişə beləcə uduzuram, - dedim. - Əvvəlki qaydada oynamasaq oyunu buraxıram.
Böyük qardaşım dedektivi yamsılayaraq "Özün bilərsən" dedi." Onsuz da mən qəzet oxumaq istəyirdim".
Bir az pəncərədən eşiyə baxdım. rəsmlərimi diqqətlə saydım: 121 dənə qalmışdı.
Dünən atam gedəndən sonra 183 dənəydi! Kefimin daha çox korlanmasını istəmədiyim üçün böyük qardaşımın şərtini qəbul etdim. Oyunun əvvəlində bir az uddum, amma sonra yenə də o, udmağa başladı. Məndən qazandığı rəsmləri keflə öz dəstəsinə qarışdıranda məni hirsləndirməmək üçün gülməməyə çalışırdı.
Bir az sonra "İstəyirsən, başqa bir şərtlə oynayaq" dedi. "Kim qazanırsa qazansın, bir dənə götürsün. Amma mən udsam, səndən istədiyim bir rəsmi seçib götürəcəm. Çünki sənin bəzi rəsmlərindən məndə yoxdur və onları heç vermirsən".
"Bəlkə, uddum" deyə şərtini qəbul etdim. Necə oldu bilmirəm, dalbadal üç dəfə uduzdum və nə baş verdiyini anlamadan 21 nömrəli Qreta Qarbomun ikisini və böyük qardaşımda da bir dənə olan 78 Kral Faruku əlimdən vermişdim.
Hamısını birdən geri almaq istədim və oyun böyüdü: beləliklə, məndə hərəsindən bir dənə olan və qardaşımda heç olmayan 63 Eynşteyn, 3 Mövlana, Mambo və Saqqız-Şirniyyat Şirkətinin yaradıcısı 100 Sarkiz Nazaryan və 51 Kleopatra iki oyunda əlimdən getdi.
Udquna bilmirdim. Ağlamaqdan qorxduğum üçün pəncərəyə tərəf qaçdım, eşiyə baxdım: beş dəqiqə qabaq hər şey, dayanacağa yaxınlaşan tramvay, yarpaqları tökülən ağacların budaqları arasında uzaqdan görünən binalar, küçələrin bəzəkli daşları üstünə uzanmış köpək - hər nə vardısa, çox gözəl görünürdü!
Zaman dursa və biz keçmişə qayıda bilsək, o zaman böyük qardaşımla bir daha altmı, üstmü oynamazdım.
- Bir daha oynayaqmı? - alnımı dayadığım pəncərə şüşəsindən çəkmədən dedim.
- Oynamaram! - dedi. - Ağlayarsan.
- And içirəm, Cevdet, ağlamayacam!- həvəslə ona yaxınlaşdım. - Amma əvvəlki kimi bərabər şərtlərlə oynayaq.
- Qəzet oxuyacam, - dedi.
- Yaxşı... - dedim. Getdikcə incələn rəsm dəstəmi qarışdırdım. - Yaxşı, - dedim. - Söylə, altmı, üstmü?
- Amma ağlamayacaqsan!- dedi. - Yaxşı, üst.
Mən uddum və mənə Marşal Fevzi Çakmaklardan bir dənə uzatdı. Almadım.
- Xahiş edirəm, 78 Kral Faruku geri ver.
- Xeyr!- dedi. - Belə danışmamışdıq.
İki dəfə də oynadıq, uduzdum. Heç olmasa, üçüncünü oynamasaydım: əlim titrəyərək 49 Napoleonu da verdim.
- Artıq oynamayacam! - böyük qardaşım dedi.
Yalvardım. İki dəfə də oynadıq və uduzanda istədiyi rəsmləri vermək yerinə, əlimdə qalan bütün dəstəni başının üstünə, havaya tulladım: iki ay yarım hər gün bir-bir həvəslə yığaraq, üzərində titrədiyim bütün o 28 Mae Vestlər və 82 Æules Vernelər, 7 Fatih Sultan Mehmetlər və 70 Kraliça Elizabetlər, 41 jurnalist Cəlal Saliklər və 42 Volterlər havaya uçub dağıldılar.
Kaş ki, bambaşqa bir yerdə bambaşqa bir həyatım olaydı. İntihar etmiş uzaq bir sığortaçı qohumumu düşünərək cırıldayan pilləkənlərdən səssizcə aşağı düşməyə başladım. Nənəm intihar edənlərin yerin altında qaranlıq bir yerdə qaldıqlarını, cənnətə girə bilmədiklərini demişdi. Qaranlıqda dayandım, dönüb yuxarı çıxdım, nənəmin otağının qarşısındakı pilləkəndə oturdum. Nənəmin səsini eşitdim.
- Qaynananın imkanları burada yoxdur, - nənəm dedi. - Uşaqlarını düşünüb gözləyəcəksən.
Anam dedi:
- Anacan, sizdən xahiş edirəm, uşaqlarımı alıb buraya dönmək istəyirəm.
- Bu tozlu, ruhların dolaşdığı, oğruların girib-çıxdığı evdə iki uşaqla yaşaya bilməzsən.
- Anacan. Bacılarım ərə getdikdən sonra rəhmətlik atamın son illərində üçümüz birlikdə necə də yaxşı yaşayırdıq burada!
- Bütün günü atanın köhnə illüstrasiyalı jurnallarına baxardın, Məbrurəm mənim.
- Aşağıdakı böyük sobanı yandıraram, ev iki gündə ipisti olar.
Nənəm:
- Sənə onunla evlənmə demişdim! - dedi.
Anam:
- Bir qadınla bərabər bu evin bütün tozunu, kirini iki gündə təmizləyərik! - dedi.
- Mən bu evə o oğru qadınlardan heç birini qoymaram. Həm də bu evin tozunu süpürmək, hörümcəyini təmizləmək altı ay çəkər. O vaxta qədər də ağılsız ərin evinə qayıdar.
- Bu son sözünüzdür, anacan?
- "Məbrurəm, gözəl qızım, uşaqlarınla bərabər buraya qayıtsan da nəylə dolanacayıq biz ikimiz?
- Anacan, özəlləşdirmədən öncə Bəbəkdəki torpaq sahəmizi sataq deyə dəfələrlə xahiş etdim, yalvardım sənə.
- Mən idarələrdə sürünüb o iyrənc adamlara imzamı, şəklimi vermərəm.
- Anacan, belə cavab verməyəsiniz deyə böyük bacımla notariusu qapınıza gətirdik, - anam səsini yüksəltmişdi artıq.
- O məmurdan heç gözüm su içmədi, heç! - nənəm dedi. - Üzündən hoqqabaz olduğu görünürdü. Bəlkə də heç məmur deyildi. Mənimlə danışanda səsini qaldırma.
- Yaxşı, anacan, anam dedi. İçəri, bizə doğru səsləndi. - Uşaqlar, uşaqlar, haydı, toplanın, gedirik.
- Dayan, hara gedirsiniz? - nənəm dedi. - Bir az laqqırtı vuraq səninlə.
- Sən bizi istəmirsən, anacan! - deyə anam fısıldadı.
Nənəm cibindən kiçik bir bağlama çıxarıb:
- Al bunu, uşaqlara lokum verərsən, - dedi.
- Günorta yeməyindən əvvəl yeməsinlər, - anam dedi və otaqdan çıxıb arxamca qarşıdakı otağa girdi. - Kim atdı bu rəsmləri? Dərhal yığışdırın! - Sonra üzünü böyük qardaşıma tutub dedi: - Sən də!
Biz səssizcə rəsmləri toplayır, anam isə köhnə sandıqları açıb içərisindəki uşaqlıq paltarlarına, tüllərə, qutulara baxırdı. Pedallı tikiş maşınının qara skeletinin altına yığılan toz gənziyimi yandırır, gözlərimi sulandırır, burnumun içinə dolurdu. İşimizi bitirib əllərimizi yuyanda nənəmin yumşaq və yalvarıcı səsini eşitdik: "Məbrurəm, bu çaydanlığı al, sən onu çox bəyənirsən, sənin haqqındır!", - dedi.
- Mənim anama da baban Şam valisindən gətirmişdi. Ta Çindən gəlmədi. Al, xahiş edirəm.
- Anacan, mən səndən artıq heç bir şey istəməyəcəm! - anam dedi. - Onu da qoyun dolabınıza, yoxsa qıracaqsınız. Haydı, uşaqlar, nənənizin əlini opün.
- Məbrurəm, gözəl qızım, biçarə anana hirslənmə. - Əlini öpəndə nənəm titrək səslə: - Noolar, məni burda ziyarətsiz, kimsəsiz buraxma! - dedi.
Pilləkənləri tez-tez aşağı düşüb böyük, dəmir qapını üçümüz birgə itələyərək çətinliklə açdıq və bayırdakı parlaq günəş işığını görüb tərtəmiz havanı içimizə çəkdik.
- Qapını yaxşı ortün! - deyə nənəm pilləkənlərin başından səsləndi. - Məbrurə, bu həftə yenə gəl, yaxşımı?
Anamızın əlindən tutaraq yavaş-yavaş tramvay dayanacağına doğru getdik. Sonuncu dayanacaqda dayanmış tramvay yerindən tərpənənə qədər sərnişinlərin öskürəklərini susaraq dinlədik.
Tramvay yerindən tərpənən kimi sürücünü görmək bəhanəsilə ön sıraya keçib "Altmı, üstmü" oynamağa başladıq. Uduzduğum rəsmlərin bir neçəsini geri aldım. Bu sevinclə oyun böyüdü, lakin sonra uduzmağa başladım. Osmanbəy dayanacağında böyük qardaşım:
- Yerdə qalan bütün rəsmlərinə qarşı on beş dənə qoyuram! - dedi.
Oynadım və hamısını uduzdum. Ondan xəlvət rəsmlərdən iki dənəsini ayırıb bütün dəstəni böyük qardaşıma verdim. Arxa sırada oturan anamın yanına keçdim. Ağlamırdım.
Anam kimi kədərli baxışlarla pəncərədən eşiyə baxaraq kiçik dükanları, çörəkxanaları, Masisli, Herkullu Roma filmlərinə baxdığımız Tan kino salonunu, divar kənarında rəsmli oxunmuş romanlar satan uşaqları, məni qorxuya salan sivri qayçılı bərbəri və həmişə evinin qapısında dayanan məhəllənin yarıçılpaq dəlisini tramvayın kədərlə inildəyərək ağır-ağır keçdiyi yollarda seyr edirdim.
Harbiyə dayanacağında tramvaydan düşdük. Yolda gedəndə böyük qardaşımın həyatından olduqca razı görünən vəziyyəti məni dəli edirdi.
Gizlətdiyim Lindberq rəsmini cibimdən çıxardım. Bu rəsmi ilk dəfə görürdü.
- 91 Lindberq! - deyə heyranlıqla oxudu. - Atlantiki keçən təyyarəsiylə! Hardan tapdın bunu?.
- Mən dünən peyvənd olmadım! - dedim. Evə tez gəldim, içəri girmədən öncə atamı gördüm. Atam aldı mənə.
- Onda yarısı mənimdir! - dedi. - Həm də sonuncu oyunda yerdə qalan bütün rəsmləri demişdik.
Rəsmi əlimdən almaq üçün cəhd elədi, amma ala bilmədi. Biləyimi tutdu, bükürdü ki, ayağına təpik atdım. Boğuşmağa başladıq.
- Dayanın! - qışqırda anam. - Dayanın! Küçə ortasındasınız!
Dayandıq. Yanımızdan qalstuklu bir kişi ilə şlyapalı bir qadın keçdi. Küçənin ortasında itələşdiyimiz üçün çox utandım. Böyük qardaşım iki addım atıb yerə çökdü: "Cox ağrıyır" - ayağını tutaraq dedi.
- Qalx! - deyə anam pıçıldadı. - Haydi qalx! Hamı sizə baxır.
Böyük qardaşım ayağa qalxdı və filmlərdəki yaralı qəhrəman əsgərlər kimi axsayaraq yeriməyə başladı. Ayağı doğrudan da ağrıyar deyə qorxdum, amma onu bu halda görmək məni sakitləşdirirdi. Bir az getdikdən sonra:
- Evdə sənə göstərərəm! - dedi. - Ana, Əli peyvənd olmayıb.
- Oldum, ana, - dedim.
- Kəsin səsinizi! - anam üstümüzə qışqırdı.
Evin qarşısına gəlib çatmışdıq. Yolu keçib evimizə getmək üçün Maçkadan gələn tramvayın keçməsini gözlədik. Ardınca bir yük maşını, zəhərli tüstüsünü saça-saça gurultulu Beşiktaş avtobusu və yolun qarşı tərəfindən də sarı rəngdə şəxsi bir “Desoto” keçib getdi.
Əmimin pəncərədən küçəyə baxdığını o vaxt gördüm. Bizi görmüşdü: gəlib gedən maşınlara baxırdı. Mən də uzun-uzadı ona baxdım.
Yol çoxdan açılmışdı. Bizim əlimizdən tutub niyə küçəni qarşı tərəfə keçirmir deyə, anama tərəf dönüb baxanda, səssizcə ağladığını gördüm.
Tərcümə edəni:
Arzu Məmmədxanlı
civilazerbaijan.com
Diqqətinizi çəkə biləcək digər xəbərlər